Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8266/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 2020-ci ilin dekabr ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxx 1959-cu ildə anadan olub. 2020-ci il dekabr ayında cavabdehə məni güzəştli şərtlərlə pensiya təyinatı üçün müraciət edib. Müraciət edən vaxtı 62 yaşı var idi. Ümumi iş stajı 40 ildən çoxdur və güzəştli şərtlərlə pensiyaya çıxmaq çıxmaq üçün 12 il yarımdan çox elektrik qaynaqçısı stajı var. O da tam təqaüdə çıxmağına əsas verir. 2020-ci il dekabr ayında müraciət etməsinə baxmayaraq, 08.06.2021-ci ildə məktubda (№ **********) ona bildiriblər ki, güzəştli stajı çatmır. O, fərdi sahibkar kimi VÖEN ********** ilə uçotdadır. Həmin müddəti cavabdeh nəzərə almayıb. Onun fərdi sahibkar kimi VÖEN ********** ilə işədiyi vaxtı bütün vergiləri vaxtı-vaxtında ödəyib və 2 təşkilatla xidmət müqaviləsi bağlayıb: “X8 Company” MMC və X7.
3. Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında haqqında 08.06.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 12 mart 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 15 gün (02.06.2008-01.12.2009-cu il, 19.03.2010-30.12.2016-cı il və 03.01.2019-07.06.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
4. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. "xxxx" ASC tərəfindən verilmiş 11.03.2021-ci il tarixli arayışa əsasən, iddiaçı 18 dekabr 2014-cü iş tarixindən 30 dekabr 2016-cı il tarixinə kimi "xxxx" ASC-nin törəmə təsərrüfat müəssisəsi olan “X9 Company” MMC-nin X7 zavodunda elektrik qaynaqçı vəzifəsində işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarına əsasən bilavasitə zərərli sahə hesab edilir.
6. "xxxx" ASC tərəfindən verilmiş 11.03.2021-ci il tarixli arayışa əsasən, iddiaçı 01.06.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək "xxxx" ASC-nin Təmir Tikinti Departamentində suvaqçı vəzifəsində, 02.06.2008-ci il tarixdən 01.12.2009-cu il tarixədək X4 elektrik qaynaqçı vəzifəsində, 19.03.2010-cu il tarixdən 17.12.2014-cü il tarixədək isə X4 elektrik qaynaqçı vəzifəsində çalışmışdır.
7. "X7" MMC tərəfindən verilmiş 10.11.2020-ci il tarixli arayışa əsasən, iddiaçı 03 yanvar 2019-cu il tarixindən bu günədək “X7” MMC-nin İstehsalat sexində Elektrik qaynaqçısı vəzifəsində işləyir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 11-ci fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir.
8. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, fiziki şəxs X2 ilə “X8 Company” MMC arasında 05 yanvar 2017-ci il tarixində xidmət müqaviləsi bağlanmışdır. Fiziki şəxs X2 həmin müqavilə əsasında 25 oktyabr 2017-ci il tarixinədək “X8 Company” ММС- yə elektrik qaynaqçısı xidməti göstərmişdir. Qeyd edilən xidmət müqaviləsi iş materiallarıan əlavə edilmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı qaynaqçı işlərinin görülməsini öhdəsinə götürmüş və aşağıdakı xidmətləri göstərmişdir: Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq; Hər gün qaynaq cihazının torpaqlanınasını yoxlamaq, qaynaq rejimini seçmək; Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçilərə məlumat vermək; Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və s.
9. Məhkəmənin sorğusuna cavab olaraq "X7" MMC tərəfindən bildirilmişdir ki, fiziki şəxs X2 ilə "X7" MMC arasında 26 oktyabr 2017-ci il tarixində BMMX 26/1017 saylı xidmət müqaviləsi bağlanmışdır. Fiziki şəxs X2 həmin müqavilə əsasında 30 dekabr 2018-ci il tarixinədək "X7" MMC-yə elektrik qaynaqçısı xidməti göstərmişdir. Qeyd edilən xidmət müqaviləsi iş materiallarıan əlavə edilmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı elektrik qaynaqçı işlərinin görülməsini öhdəsinə götürmüş və aşağıdakı xidmətləri göstərmişdir: Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq; Hər gün qaynaq cihazının torpaqlanınasını yoxlamaq, qaynaq rejimini seçmək; Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçilərə məlumat vermək; Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və s.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövriyyə və ödəniş barədə məlumatın verilməsi barədə iddiaçının müraciətinə cavab olaraq 2017-2018-ci illər üçün dövriyyə və ödənişlə əlaqədar məlumat cədvəl formasında təqdim olunmuşdur. Həmin cədvələ əsasən müəyyən olunur ki, həmin illərdə iddiaçının fərdi sahibkar kimi VÖEN ********** üzrə dövriyyəsi və ödənişləri olmuşdur.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Dövlət büdcəsinə borcun olub-olmaması barədə iddiaçının müraciətinə (AVİS qeydiyyatı: 17.11.2021-ci il tarixli **********954600 nömrəli) cavab olaraq bildiririlmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən 19.11.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda bildirilmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş borcu yoxdur.
12. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 15 gün (02.06.2008- 01.12.2009-cu il, 19.03.2010-30.12.2016-cı il və 03.01.2019-07.06.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
13. Məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin iddiaçı X1 60 yaşının tamam olduğu 28 mart 2019-cu il tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
14. Məhkəmənin 13.12.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin iddiaçı X1 01.06.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın dəyişdirilməsinə etiraz etmədən imtinanın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı, yaşı və ümumi stajı kifayət etsə də, 2017-2018-ci illərdə xidmət müqavilələləri üzrə göstərdiyi fəaliyyət nəzərə alınmamış, buna görə güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina edilmişdir.
16. İddiaçı 05.05.1978-03.06.1981-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur.
17. İddiaçı əmək fəaliyyətinə 28.08.1975-ci ildə başlamışdır, 30.12.2016-cı il tarixədək fasiləsiz olmaqla 03.01.2019-ci ildə “X7” MMC-də qaynaqçı peşəsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. 2017-2018-ci illərdə fərdi sahibkar kimi VÖEN ********** ilə xidmət müqavilələri üzrə fəaliyyət göstərmişdir.
18. Beləliklə, iddiaçının ümumi əmək stajı 40 ildən çoxdur.
19. İddiaçının əmək kitabçasına əsasən, 02.06.2008-01.12.2009-cu il, 19.03.2010- 30.12.2016-cı il və 03.01.2019-07.06.2021-ci il tarixləri arasındakı dövrlərdə qaynaqçı peşəsi üzrə faəliyyət göstərmiş, 2017-2018-ci illərdə fərdi sahibkar kimi VÖEN ********** ilə xidmət müqavilələri üzrə elektrik qaynaqçısı xidmətləri göstərmişdir.
II. İddianın növü və mümkünlüyü
20. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
22. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
23. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
25. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
26. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
27. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021ci il tarixdə imtina edilmişdir.
28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
29. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
32. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
33. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
34. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). 10.03.2017-cı ildən sonra (qanun 01.07.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Məhkəmə iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərara uyğun olaraq ən azı 12 il 06 ay fəaliyyətinin mövcud olub olmadığını yoxlamalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
37. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
38. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 60 yaşı 28.03.2019-cu ildə tamam olmuş, həmin tarixə 40 ildən çox ümumi stajı var.
39. Məhkəmə inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etdiyi 08.06.2021-ci il tarixə imtinanın qanuniliyini yoxlayır.
40. Məhkəmə cavabdeh qurumun güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etdiyi 08.06.2021-ci il tarixə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci metal emalı bölməsində elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyorları; məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) peşəsi üzrə əzı 12 il 06 ay işlədiyini nəzərə alır.
41. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasına əsasən, 02.06.2008-01.12.2009-cu il, 19.03.2010-30.12.2016-cı il və 03.01.2019-07.06.2021-ci il tarixləri arasındakı dövrlərdə qaynaqçı peşəsi üzrə faəliyyət göstərdiyi dövrü nəzərə alsa da, 2017-2018-ci illərdə fərdi sahibkar kimi VÖEN ********** ilə xidmət müqavilələri üzrə elektrik qaynaqçısı xidmətləri göstərdiyi dövrü həmin illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənməməsi dəlili ilə nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün həmin güzəştli şərtlərlə iş şəraitində bilavasitə işlədiyi dövr nəzərə alınmalıdır və qanunvericilikdə məhz həmin dövrlərin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı hər hansı birbaşa tələb yoxdur. Qeyd edilən qənaətə gələrkən məhkəmə nəzərə alır ki, iddiaçının mübahisələndirilməyən ən azı 40 illik əmək stajı var. Məhkəmə sorğusuna cavab olaraq müəyyənləşdirilmişdir ki, iddiaçı 2017-2018-ci illərdə xidmət müqavilələri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə üzrə xidmət göstərmişdir. Bununla belə məhkəmə müəyyən edir ki, məhz həmin dövrlər üzrə iddiaçı tərəfindən vergi hesabatları təqdim edilmiş və cari tarixə şəxsi hesab vərəqəsinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş borcu yoxdur.
42. Odur ki, məhkəmə xidmət müqavilələri üzrə güzəştli şərtlərlə iş şəraitində göstərilən fəaliyyətin nəzərə alınmamasının (fərqli rəftarın) ağlabatan əsaslandırılması olmaması və mütənasiblik prinsipinə uyğun olmaması qənaətindədir.
43. Cavabdeh iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğunu bildirir, odur ki, məhkəmə iddiaçının ən azı 40 illik əmək stajı olduğundan həmin qənaətlə razılaşır.
44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
45. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 01.06.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva