Məhkəmə qərarları › İş №2-1(112)-827/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-827/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-827/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (“Azercell Telekom“ MMC üçüncü şəxs qismində göstərilsə də iddia tələbinin bir hissəsi ona qarşı yönəlmişdir) “maddi və mənəvi zərərin tutularaq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (“Azercell Telekom“ MMC üçüncü şəxs qismində göstərilsə də iddia tələbinin bir hissəsi ona qarşı yönəlmişdir) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən və 3-cü tərəf “Azercell Telekom MMC”-dən onlara maddi və mənəvi əvəzinin ödənilməsi kimi 300.000 (üç yüz min) manat civarında pulun ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia ərizəsində bildirilmişdir ki, 1999-cu ilin may ayında cavabdeh Bakı şəhər cra Hakimiyyəti və 3-cü tərəf "xxxx"Telekom MMC ofis tikmək üçün heç bir kompensasiya ödəmədən zor tətbiq edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanında ("xxxx" MMC-nin Baş ofisi ünvanı Tbilisi prospekti 149) yerləşən, iddiaçıların babası X2 zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdığı 10 sot torpağı və evlərini dağıtmışlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icra məmurlarının iştirakı olmadan aparılmışdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və 3-cü tərəf "xxxx" MMC-yə 2 dəfə müraciət edilmişdir. İddiaçıların yaşadığı ərazi, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 422 saylı sərəncamına əsasən “Cen Telekom” LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır. Bu şirkət haqqında iddiaçı tərəfin məlumatı olmayıb. Sözügedən 10 sot torpaq sahəsində onlarla meyvə ağacları, 17 ədəd məhsul verən qoz ağacları vardı. Bakı şəhər İcra Hakimiyyəti xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamla “Cen Telekom LTD” şitkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. Bakı şəhər icra Hakimiyyəti xx.xx.2001-ci il tarixli 599-cu saylı sərəncamla “Cen Telekom LTD” şitkətinin müraciətinə əsasən şirkətə məxsus qalan ərazinin 1.0 hektarlıq sahəsini “Azercell Telekom MMC”-yə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti, 3-cü tərəf "xxxx" Telekom MMC 1.8 ha ərazini 1999-cu ilin avqust ayında iddiaçıların ailəsinin və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında iddiaçılara məxsus və digər 16 evi dağıtmışlar. İddiaçıların qardaşı X6 29 dekabr 1993-cü il, bacısı X3 12 fevral 1996-cı il, İddiaçı1 xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllədə vaxtilə mövcud olmuş onların babasına məxsus olan evdə, İddiaçı2 evsiz eşiksiz, qaçqın kimi 2000-ci il 14 iyul tarixində dünyaya gəlmişdir. İddiaçılara görə onların uşaq hüquqları kobud şəkildə pozulması faktı gözdən qaçmamalıdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti, 3-cü tərəf “Azercell Telekom MMC” X11 və Əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1, 3, 6, 8-ci maddələrinin heç birinə riayət etməmişdir. Bakı şəhər icra Hakimiyyəti başçısı tərəfindən “Azercell Telekom MMC”-yə torpaq ayrılan zaman, iddiaçıların babasına məxsus evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan, polis gücünə sökülərəq onun ailəsinin küçəyə atılması İddiaçı1, sonradan anadan olan bacısı İddiaçı2 da həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra ailə evsiz-eşiksiz qalmış, uçurulmuş evin müqabilində cavabdehlər tərəfindən heç bir kompensasiya verilməmişdir. Hesab edilir ki, Bakı şəhər İcra Hakimiyyəti iddiaçıların babasına məxsus olan (babasının sahibliyində olmuş) Baki şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədəki yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin “Azercell Telekom MMC”-yə ofis binasının tikilməsi üçün ayıran zaman ya özü tərəfindən, ya da “Azercell Telekom MMC” tərəfindən evin sökülməsi ilə əlaqədar ya yaşayış yeri ilə, ya da həmin evdən istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları barədə bunu etməmiş, nəticədə onların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüquqları pozulmuşdur. İddiaçılar pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir, bunun üçün qanunda nəzərdə tutulmuş formada məhkəmə müdafiəsindən istifadə edərək, cavabdehlərin onların ailəsinə vurduqları maddi və mənəvi zərərə görə həmin zərərlərin əvəzlərin ödənilməsi barədə qərar qəbul olnmasına zərurət yaranmışdır. Bundan əlavə cavabdehin təşkil etmiş olduğu müraciətdə iddiaçılara sarsıdıcı mənəvi zərər vurulmuşdur. Vurulmuş mənəvi zərəri təqribən 100.000 (yüz min) manat qədər qiymətləndirilir, maddi zərəri isə Baki şəhərinin daxilində bir mərtəbəli, 1 otaq, mətbəx, sanitar qovşaq, dəhlizdən ibarət, eyni zamanda, 1 sot həyətində 36 ədəd meyvə ağaclarının məhv edilməsi nəzərə alınsa, təxminən 200.000 (iki yüz min) manat qiymətləndirilsə, ümumilikdə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən və 3-cü tərəf “Azercell Telekom MMC”-dən 300.000 (üç yüz min) manat civarında məbləğin ödənilməsi barədə qərar qəbul olunması zərurəti yaranmışdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X5 iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, barəsində mübahisə olan sözügedən torpaq sahəsində iddiaçıların və onların babasının istifadəsində olmuş ev sovet dövründə inşa edildiyindən həmin torpaq sahəsi və mövcud olmuş tikili ilə bağlı hər hansı sənədləşmə işləri aparılmamış və bu səbəbdən hal-hazırda həmin əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. İddiaçıların sözügedən əmlakla hüquqi bağlılığı ondan ibarətdir ki, uşaqlıq vaxtlarında həmin ərazidə yaşamışlar. Lakin əmlaka dair sənədləşmə aparılmadığı üçün faktiki yaşadıqları ünvana pasport qeydiyyatına da alınmamışlar. Nümayəndə işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxs “Azercell Telekom MMC”-nin nümayəndəsi 2924 çıxış nömrəli, 05 fevral 2020-ci il tarixli vəsatətin (ərizənin) məzmununa uyğun izahat verdi və iddia tələbinin “Azercell Telekom MMC”-yə münasibətdə mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı mübahisənin onunla bilavasitə bağlı olduğu torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşmiş tikiliyə (evə) dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün 04 mart 2020-ci keçirilmiş məhkəmə iclasında iddia tələbinin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı yönəlmiş hissəsində iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır (məhkəmənin iddia tələbinin “Azercell Telekom MMC”-yə yönəlmiş hissəsi ilə əlaqədar mövqeyi aşağıda ifadə edilmişdir). İddiaçılar babalarının və onların özünün sahiblik və istifadəsində olduğunu iddia etdikləri Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində mövcud olmuş tikilinin (evin) nə babaları (X4), nə də onların özünə məxsus olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün hesab edilmir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə görə inzibati icraat qaydasında baxılmalı olan işlər üç əsas əlaməti ilə fərqləndirilir: 1) inzibati mübahisənin təbiətinin ümumi (publik) hüquq sahəsinə aid olması (maddi aspekt); 2) inzibati mübahisələrin xüsusi səlahiyyətli orqanlar tərəfindən həll edilməsi; 3) inzibati mübahisələrin həlli üçün xüsusi prosessual normaların və icraat qaydalarının mövcud olması (prosessual aspekt). İnzibati məhkəmənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İPM-nin 1.1-ci maddəsi). Hazırkı iddianın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı yönəlmiş hissəsi kompensasiyanın ödənilməsi haqqında inzibati iddia növünə aid olsa da, tələbin hüquqi əsası yoxdur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların (mülkiyyət, istifadə, icarə və sair) pozulmasına görə dəymiş zərər o vaxt ödənilir ki, həmin hüquqlar mövcud olsun və ya qanuni əsaslarla əldə edilmiş olsun. Hazırki iş üzrə iddiaçıların hüquqlarının pozulmasını irəli sürdüyü daşınmaz əmlak üzərində hər hansı hüququnu, yaxud baglılıgını təsdiq edən sübutu olmadığına görə (iddiaya görə iddiaçıların yaşadığı ərazi, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997ci il tarixli 422 saylı sərəncamına əsasən “Cen Telekom” LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır, İddiaçı1 xx.xx.1999-cu il, bacısı İddiaçı2 xx.xx.2000-ci il təvəllüdlü olduqları halda iddia etdikləri tikilidə yaşamaları təkzib edilir, babalarının istifadəsində olmuş hər-hansı əmlaka dair tələb irəli sürmək hüququ isə vərəsəlik qaydasında 1-ci növbə vərəsələrə-ölənin arvadı və uşaqlarına məxsus oldugundan bu halda da hətta vərəsəlik hüquqları belə yaranmır, çünki ata və nənələri sagdır) onların həmin əmlakla bağlı məhkəmədə iddia qaldırmasına subyektiv hüququ da yaranmamışdır. Məhkəmə həmçinin iddia tələbinin “Azercell Telekom MMC”-yə yönəlmiş hissəsi ilə əlaqədar qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. Hazırki iddia tələbi üzrə irəli sürülmüş “Azercell Telekom MMC” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na inzibati orqan kimi daxil edilməmişdir. Bu səbəbdən də, iddianın növündən asılı olmayaraq inzibati orqan hesab edilməyən “Azercell Telekom MMC” qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki işin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, iddiaçıların onunla bağlı hüquqlarının pozulduğunu iddia etdiyi daşınmaz əmlak üzərində hər hansı hüquqları yaranmadığına görə, mövcud olmayan hüququn pozulduğu iddia edilməklə həmin haldan irəli gələn maddi və mənəvi zərərin ödənilməsinə dair iddiaya məhkəmə qaydasında mahiyyəti üzrə baxılması yol verilən sayılmır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar