Məhkəmə qərarları › İş №2-1(112)-827/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-827/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-827/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Babək prospekti, 13 mənzil 57; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya 12 il hakim stajına görə müvafiq əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 65 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayon məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 12 il həmin vəzifədə işləmişdir. Hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatdığına görə 2019-cu ilin sonlarında səlahiyyələrinə xitam verilmişdir. 2020-ci ilin fevral ayında müvafiq sənədləri təqdim etməklə cavabdehə müraciət edərək hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla mənə təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə işlədiyi 12 il hakim stajına görə pensiyaya müvafiq əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubla ona hakim kimi əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanması, habelə pensiyaya 12 il hakim stajına görə müvafiq əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi barədə öhdəliyin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (bundan sonra İdarə) üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanması, habelə pensiyaya qeyd edil\n əlavələri nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 65 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 0, xx.xx.2007-ci il tarixdən 2019-cu ilin sonralarına kimi, 12 il müddətində hakim vəzifəsində çalışmış,65 yaşına çatdığına görə səlahiyyətlərinə xitam verilmiş, xx xxxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası alır. İddiaçı iddia ərizəsinə əlavədə bir sıra normativ hüququ aktlara istinad etsədə onların əsassız olaraq özünə münasibətdə tətbiq ediməsini istəmişdir. Lakin, qeyd edilən normativ-hüquqi aktlar ona aşağıda göstərəyəcəyimiz səbəblərə görə təbiq edilə bilməz. İ. İddiaçı həmin iddia ərizəsinə əlavəsində göstərmişdir ki, ona münasibətdə hal-hazırda qüvvədə olan yox, “X2 “ Qanunun xx.xx.2017-ci il tarixədək güvvədə olmuş 20.7.1 və 20.1.3-cü maddəsinin mətinləri şamil edilməlidi. 20.1.3-cü maddəsinin mətni keçmişdə hakim işləyən şəxslərə deyil diğər vəzifələrdə işləyən şəxslərə şamil edildiyindən biz iddiaçının iddia ərizəsində həmin maddənin qeyd edilməsini texniki səhv kimi qəbul ediri. Qeyd edilən Qanunun keçmiş redaksiyasında 20.1.4-cü maddənin mətni hakim kimi işləmiş şəxlərə şamil edilir və xx.xx.2017-ci il tarixədək qeyd edilən maddədə göstərilmişdir ki, 20.1. Qulluq stajına görə əmək pensiyasma əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: 20.1.4. əmək pensiyası yaşma çatmış sabiq hakimlər Həmin Qanunun 20.7.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan mətninə əsasən 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə göründüyü kimi, Qanunun 20-ci maddəsinin hakim peşəsidnə işləmiş şəxslərə şamil edilməsi həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən hakimlər əmək pensiya yaşına çatmalı idilər. “X4” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun l-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun l-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx xxxxxx 2014-cü il tarixli 1168-İVOD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və Hakimlər” haqqında Azərbaycan Repsublikası Qanuna edilmiş dəyişilikərə əsasən həmin Qanunun 96-cı maddəsi yeni redaksiyada verilmiş və orada göstərilmişdir ki- Hakim vəzifəsinə hakimlər ilk dəfə ÜÇ il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarma cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. Beləlilə,göründüyü kimi, iddiaçının qeyd etdiyi matddələrin xx.xx.2017- ci il tarixədək qüvvədə olan mətinlərinin ona şamil edilməsi üçün onun həmin tarixədək 63 yaşının tamam olması vacib idi.Lakin, iddiaçı xx.xx.1954-cü il təvəllüdü olmaqla qeyd edilən tarixədə onun 63 yaşı tamam olmamışdı və məhz bu səbəbdən iddiaçı öz ərizəsinə əsasən ona xx xxxx 2018-ci il tarixdən ona “X4 “Qanunun 7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir və o həmin pensiyasını həm hakim işlədiyi dövrdə həmdə hal-hazırda da alır. İddiaçı iddia ərizəsinə əlavəsində Konsitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixlili “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «X4» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıda qeyd edilən hissəsinə də istinad etmişdir. Belə ki, həmin qərarda göstərilmişdir ki, “Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73- cü maddəsinin müddəaları Konstitusiyanın 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «X4» Qanunun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: xx xxxxxx 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin; xx xxxxxxx 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır”. Beləliklə, həmin Qərardan da görüdüyü kimi, Konstitusiya Məhkəməsi özünün Qərarında daha üstün sosial müdafiə tədbirlərinin göstərilən şəxslərin dairəsini müəyyənləşdirərəm onları sadalamışdır: 1. xx xxxxxx 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimləri; 2. xx xxxxxxx 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə Lakin, iddiaçı həmin Qrarda qeyd edilən kateqoriyaların heç birinə uyğun gəlmir, belə ki o heç vaxt Konstitusiya Məhkəməsinin hakimi işləmiş, birinci instansiya məhkəməsinin hakimi kimi də ancaq, xx.xx.2007-ci il tarixdə təyin edilmişdir. İİİ İddiaçının iddia ərizəsinə istinad etdiyi “Hakimlərin Statusuna dair Avropa Xartiyası”da qeyd edilən xüsusatları onun iddia tələblərinə daix heç bir aiddiyəti yoxdur. Beləki, iddiaçının qeyd edilən Xartiyanına aşağıda olan mətninə istinad etmişdir: “«Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşma çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat Verilməlidir”. Beləliklə, qeyd edilən xartiyanın 6.1-ci maddəsinin mətnindən də göründüyü kimi, həmin mətində məhz işləyən hakimlər nəzərdə tutulmuşdur. Xartiyanın 6.4-cü maddəsində isə məhz iki şərt (müəyyən olunmuş müddət və pensiya yaşına çatmaq) olduqda tətbiq edilə bilər. Lakin, iddiaçı istinad etdiyi və “X4” Qanunun xx.xx.2017- ci il tarixədək güvvədə olmuş 20.7.1 və 20.1.4-cü maddəsinin mətinləri ona şamil edilə bilməz çünki, o həmin tarixədək pensiya yaşına (63 yaş) çatmamıdığından şamil edilə bilməz. “X4” Qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş 20.7.1 və 20.1.4-cü maddəsinin mətinləridə ona şamil edilə bilməz belə ki, həmin dövr edilmiş dəyikliyə əsasən ancaq 15 ildən yuxarı hakim peşəsində işləmiş şəxslərə hakim kimi əmək pensiyası təyin edilə bilər. İV. İddiaçı iddia tələbinə müəyyən əlavələr etmişdir. Bununla əlaqədar onu xüsusilə qeyd etmək istərdik ki, iddiaçı iddia tələbinə etdiyi əlavələr ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. İddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, o , hakim kimi, 12 il müddətində işləmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 109-cu maddəsinin 5-ci abzasında qeyd edilmişdir ki, Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “X4” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir “X4” Azərbaycan Respublikası Qanunun 20.1.4-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri Həmin Qanunun 20.7-ci maddəsinə əsasən Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, qeyd edilən Qanunlardan göründüyü kimi, hal-hazırda qüvvədə olan qanunvericiliyə görə hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxslərə şamil edilir. İddiaçının özünün də etiraf etdiyi kimi, o hakim vəzifəsində 12 il ərzində işləmişdir. Məhz bu səbəbdən də iddiaçı özü hələ hakim işlədiyi müddət ərzində özünə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə ərizə ilə müraciət etmiş və ona “X3 “ Qanunun 7-ci maddəsinə əsasən xx xxxx 2018-ci ildən əmək pensiyası təyin edilmiş və hal-hazırda da ödənilr. V. İddiaçının istinad etdiyi “Mülki Prosessual Məcəlləsinin” 217.2-ci maddəsində görə- Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, qeyd edilən maddədən də göründüyü kimi, qətnamə mübaisəli hüquq münasibətinin yarandığı gün güvvədə olan maddi normalara əsasən təyin edilir. Yəni qeyd edilən prosessual norma bu iş üzrə şəxsin məhz pensiya hüququ yarandığı gün güvvədə olan maddi normaların tətbiq edilməsini bildirir. Yuxarıda qeyd etdiyimiz kimi, xx.xx.2017-ci il tarixədək iddiaçının pensiya yaşı tamam olmadığından ona həmin vaxt qüvvədə olan maddi normaya əsasən hakim kimi pensiya təyin edilə bimləz. Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə iddiaçının hakim kimi, ancaq 12 il qulluq stajı olduğundan ona hakim kimi əmək pensiyasının təyin edilməsi Qanunsuzdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada tərcümə və təsdiq edilmiş xx.xx.1972-ci il tarixli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və vəzifələrdə işləmişdir, həmçinin xx.xx.2007ci il tarixdən xx.xx.2019-cu il tarixədək Kürdəmir Rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, sizə “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.7.1-ci, 20.7.2ci maddələrinə və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci abzasına əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hakim kimi iş stajınız 15 ildən az (12 il, 1 ay, 27 gün) olduğundan sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X4” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “X4” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının hakim kimi iş stajı 15 ildən az (12 il, 1 ay, 27 gün) olduğundan ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, etirazda iddiaçının xx.xx.2017-ci il tarixədək 63 yaşının tamam olmaması da qeyd edilmişdir. Məhkəmə cavabdehin yuxarıda göstərilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı xx.xx.2007-ci il tarixdə hakim təyin edilən dövrdə mövcud qanunvericiliyin tələblərinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış şəxslərin pensiya hüququ yaranmış olurdu. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “X4” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir. ““X4” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.7.1-ci və 20.7.2-ci maddələr yeni redaksiyada verilmişdir: “20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”; 1.63. 20.7.3-cü maddə ləğv edilsin...”. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minib. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinə (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “X4” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinin beşinci hissəsində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmişdir. Beləliklə, göründüyü kimi, xx.xx.2017-ci il tarixədək, iddiaçının artıq 9 il 11 ay hakim kimi iş stajı mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, analogiya olaraq yuxarı instansiya məhkəmələri tərəfindən təhsil dövrünün iş stajına hesablanmasına dair formalaşmış hüquqi mövqe (məhkəmə təcrübəsinə) nəzərə alınmalıdır. Belə ki, təhsil dövrlərinin iş stajına hesablanması ilə bağlı yuxarı instansiya məhkəmələrinin formalaşdırdığı mövqedə də, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməsi müəyyən edilmişdir. Yəni hüquq münasibətinə verilməli olan qiymət onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmasıdır. Həmçinin yuxarı instansiya məhkəmləri tərəfindən təhsil dövrlərinin iş stajına daxil edilməsi mübahisəli hüquq münasibəti kimi, onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinin nəzərə alınmalı olduğu qiyməti verilmişdir. Müvafiq mübahisələr üzrə formalaşmış məhkəmə mövqelərində də pensiya hüququ verən dövrlərin hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bildiyi, həmçinin belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməli olduğu təsbit edilmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri nəzərə alınmaqla məhkəmə qeyd edir ki, iddiaçı hakim vəzifəsinə təyin edilərkən və müvafiq qanunvericilik aktları dəyişdirilənədək (xx.xx.2017-ci ilədək) pensiya çıxmaq üçün tələb olunan iş stajını (5 il) toplamışdır, yəni həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquq münasibətinin yaranması işin mübahisəsiz halıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 1.0.10-cu maddəsinə əsasən qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər (13.1). Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir (13.2). Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (13.3). “X4” Azərbaycan Respublikası Qanununun: - 20.1.4-cü maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında əlavə ödənilir. (xx xxxx 2017-ci il tarixədək olan redaksiyasına görə); - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə ödənilir. (xx xxxx 2017-ci il tarixdən sonra olan redaksiyasına görə) - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddələrin mətnindən göründüyü kimi, sabiq hakimlərə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən (onun orta aylıq məbləğindən) asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Maddələri tətbiq edərkən “əmək haqqı” anlayışının açıqlanması zəruriyəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (1), habelə ona edilən əlavələrin (2), mükafatların (3) və digər ödənclərin (4) məcmusudur. “X4” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanmış müddəalarına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək haqqının (orta aylıq) məbləğinə münasibətdə müəyyən edildiyindən, əmək haqqına isə vəzifə maaşından başqa digər əlavələr və ödənclər də daxil olduğundan, onlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbində iddiaçı haqlı olmuşdur. Bundan başqa, məhkəmə “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə əsaslandığını qeyd edir. Həmin qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin İ və İİ hissələri, 128-ci maddəsinin İ və İİ hissələri). Bununla əlaqədar olaraq dövlət hakimə və onun peşəkarlığına yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya - hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X4” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.” Konstitusiya Məhkəməsinin Plenumu “X4” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “X4” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “X4” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması X4 qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “X4” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.” “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi təminatı ilə bağlı məsələlər aşağıdakı kimi tənzimlənmişdir: - 106-cı maddəsinə əsasən, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. (2019-cu il sentyabrın 1- dən qüvvəyə minmiş); - 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. (2019-cu il sentyabrın 1- dən qüvvəyə minmiş); - 109-cu maddəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Maddələrin tələblərindən göründüyü kimi, hakimlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına əlavə olaraq müəyyən ödənclərin verilməsi nəzərdə tutulmuşdur. Bunlara müalicə olunmaları ilə bağlı müavinət, məzuniyyətlə bağlı müavinət və aylıq pul təminatına görə əlavə aiddir. “X4” Azərbaycan Respublikası Qanununun 20.7-cu maddəsin əsasən (xx.xx.2017ci il tarixdən sonra dəyişilik edilmiş redaksiyası-hazırda qüvvədə olan) bu Qanunun 20.1.4cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmçinin, iddiaçı tələbində pensiya fərqinin birdəfəlik ödənilməsini tələb etmişdir. Lakin, ona pensiya təyin edilərkən qüvvədə olan «X4» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır, odur ki, pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmənin qənaətinə görə, İddiaçı hakim kimi pensiyaya çıxmaq hüququ yarandığından, həmçinin iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, yəni hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının müvafiq miqdarda aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 65 faizi miqdarında əlavənin hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 65 faizi miqdarında əlavənin hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar