Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-827/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 üçüncü şəxs qismində cəlb edilməklə “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X8 Massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair X2 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhər İcraiyyə komitəsinin 27.03.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan halhazıradək onlar bağ sahəsindən mütəmadi istifadə edirlər. Lakin bağ sahəsi hal-hazıradək özəlləşdirilməmişdir. Bağ sahəsinin orderi itirilmişdir. Müxtəlif orqanlara müraciət etsə də, həmin sənədlərin surəti ona təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən ona verilən cavab məktubunda həmin bağ sahəsinin ona verilməsinə dair məlumatın olduğu bildirilmişdir. Hesab edir ki, istifadəsində olan bağ sahəsi onun mülkiyyətindədir və həmin bağ sahəsinə dair çıxarışın da verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, İddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən “120q” saylı bağ sahəsi (“120t” kimi) digər fiziki şəxsin (X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmənin 17.09.2021-ci il tarixli qərardadı ilə, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı Ərazi İdarəsinin 31 mart 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsindəki bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin elektron kadastr məlumatlarına əsasəm “120q” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 02.11.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1991-ci ilin noyabr, dekabr aylarına və 1992-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət.İddiaçı barədə heç bir məlumat yoxdur. Keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1991ci ilin noyabr ayının 20-ə kimi kimi olan dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27.03.1991ci il tarixli, 3/318 saylı qərarından görünür ki, İddiaçı Köçəri Mərdəkan massivində 204 nömrəli bağ tikinti kooperativi nəzdində bağ sahəsi ayrılmışdır; 1 saylı Bakı Ərazi İdarəsinin 17.05.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan bağlar massivində yerləşən 0,12 hektar torpaq sahəsi bağ sahəsidir, Köçəri Mərdəkan bağ massivində yerləşir və elektron baza məlumatlarına əsasən qeydiyyatdan keçirilməmişdir. Bakı Şəhər İcraiyyə Komitəsinin 27.03.1991-ci il tarixli, 3/318 nömrəli sərəncamı ilə İddiaçı 204 nömrəli bağ tikinti kooperativi nəzdində Köçəri Mərdəkan ərazisində bağ sahəsi ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order və s.) İdarənin arxivində aşkar olunmamışdır; 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02.09.2021-ci il tarixli məktubla təqdim olunmuş 23 yanvar 2011-ci il tarixli “X3”nin təsdiq olunmuş surətindən görünür ki, X4 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş 07.01.2011-ci il tarixli, 11\798 №-li forma 1 arayışa və 282 №li reyestr kitabının, 26339-cu səhifəsində, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi **********, 27.11.2010-cu il tarixli reyestrdən çıxarış əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 120t saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsini qardaşı X5 bağışlamışdır; 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02.09.2021-ci il tarixli məktubla “120b” və “120q” saylı bağ sahələrinə dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı 204 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsində 0,12 ha bağ sahəsinin istifadəsində olduğunu qeyd edərək, Bakı şəhər İcraiyyə komitəsinin 27.03.1991-ci il tarixli, 3/318 saylı sərəncamına istinad edərək həmin bağ sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi və elektron kadastr məlumatlarına əsasən “120q” saylı bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı, həmçinin bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsi, sərəncam və ya order təqdim etməmiş və belə sənədlərin hər hansı birinə istinad etməmişdir. İddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə komitəsinin 27.03.1991-ci il tarixli, 3/318 saylı qərarıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində Köçəri 204 №-li bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddiaçının istinad etdiyi, Bakı şəhər İcraiyyə komitəsinin 27.03.1991-ci il tarixli, 3/318 saylı qərarında bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilmədiyindən, iddiaçının iddialı olduğu 0,12 ha bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğun gəldiyi “120b” və “120q” saylı bağ sahələri ilə bağlı məhkəmə araşdırması aparılmış və cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərindən həmin bağ sahələrinə dair digər fiziki şəxslərin adına olan hüquqmüəyyənedici sənədlər məhəkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iddialı olduğu bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən sübut (hüquqmüəyyənedici sənəd) təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğuna dair hər hansı sənəd işin materiallarından müəyyən edilmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 üçüncü şəxs qismində cəlb edilməklə “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-827/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-827/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver