Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-827/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,21 kvadrat metr, yaşayış sahəsi 31,22 kvadrat metr olan 2 otaqlı mənzil üzərində X7 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 08 iyul 2017-ci tarixdə qanunsuz şəkildə yenidən aparılmış ********** reyestr nömrəli dövlət qeydiyyatının və onun əsasında verilmiş seriya RX №1094012 nömrəli mülkiyyət çıxarışının etibarsız olduğu üçün ləğv edilməsini və sözügedən mənzilə dair əvvəlki qeydiyyatın bərpa olunaraq həmin mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli, **********77 nömrəli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,21 kvadrat metr, yaşayış sahəsi 31,22 kvadrat metr olan 2 otaqlı mənzil üzərində X7 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 08 iyul 2017-ci il qeydiyyat tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi, mənzilə dair Bakı şəhəri 51 saylı notariat kontorunda 4Ə-654 nömrəsi ilə reyestrdə qeydə alınmış 04 iyul 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 33 ünvanında yerləşən 20 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsiyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,21 kvadrat metr, yaşayış sahəsi 31,22 kvadrat metr olan 2 otaqlı mənzili o, 1999-cu ildə öz vəsaiti ilə pul verərək almış, lakin həmin dövrdə həyat yoldaşı ilə boşanmaq üzrə olduğundan və gələcəkdə bu mənzilin ümumi birgə əmlak kimi bölünməməsi üçün sözügedən mənzili formal olaraq bacısı, sonradan da qudası olmuş üçüncü şəxs X7 adına sənədləşdirmişdir. Bacısının adına sənədləşsə də, həmin mənzil daima onun sərəncamında olmuşdur və hazırda da onun sahibliyindədir. Oğlu ilə bacısı qızı arasında ailə münasibətləri 2017-ci ildə pozulduğundan, bacısı ilə onun da münasibətləri korlanmış və o, sözügedən mənzili öz adına keçirmək üçün bacısının etibarnamə verdiyi şəxslə 2017-ci ilin iyul ayında Bakı şəhər 51 saylı notariat kontorunda qeyd olunan mənzilin bağışlama müqaviləsini bağlamışdır. Bundan sonra o, bağışlama müqaviləsini cavabdehə təqdim edərək mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını xahiş etsə də, sonuncu onun müraciətindən imtina etmişdir. Buna əsas olaraq cavabdeh üçüncü şəxs X1 İdarəyə müraciət edərək mənzilin bağışlama müqaviləsinin bağlanmasına əsas olmuş Seriya MH ******* saylı ********** qeydiyyat nömrəli mülkiyyət çıxarışını guya itirdiyini bildirməsi və bu barədə Bakı şəhər Baş Polis İdarəsinin arayışını təqdim etməsi, nəticədə X7 adına mənzilin yeni çıxarışının verilməsi göstərilmişdir. Halbuki, həmin çıxarış itirilməmişdir, bu çıxarış bağışlama müqaviləsinin bağlanıldığı Bakı şəhər 51 saylı notariat kontorunda saxlanılır və bağışlama müqaviləsi bugünədək qüvvədə qalmaqdadır. X10 şəxsi münasibətlər zəminində ona qarşı bu qanunsuz hərəkəti edərək bir növ qisas almaq niyyəti güdmüşdür. Yaranmış mübahisənin hüquqi həlli çərçivəsində İdarəyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yuxarıda qeyd edilən bağışlama müqaviləsi əsasında mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,21 kvadrat metr, yaşayış sahəsi 31,22 kvadrat metr olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırmalarının gedişatında, eləcə də cavabdehin iddia ərizəsinə verdiyi yazılı etirazından müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin aidiyyəti səlahiyyətli şəxsləri tərəfindən X7 adına mənzilin yeni çıxarışının verilməsi zamanı vəzifə cinayətləri kateqoriyasına aid edilən rəsmi sənədlərin saxtalaşdırılması həyata keçirilmişdir. Çünki mənzilin itirildiyi iddia edilən Seriya MH № ******* saylı ********** qeydiyyat nömrəli mülkiyyət çıxarışının qanunvericiliklə yalnız dublikatı X8 verilə biləcəyi halda mənzilin dövlət qeydiyyatı özbaşına olaraq dəyişdirilərək əvvəlki çıxarış və qeydiyyat nömrəsi ləğv olunmuş, mənzilin daşınmaz əmlakın dövlət reyestrində yeni qeydiyyatı aparılaraq həmin mənzilə dair Seriya RX № ******* saylı yeni qeydiyyat nömrəli çıxarış hazırlanaraq X8 verilmişdir. Bununla da sözügedən qurumun rəsmiləri tərəfindən onun qeyd olunan mənzil üzərində artıq yaranmış hüquqları ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsində təsbit edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası”, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü’’nün təsvirinin təsdiq edilməsi barədə" 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı kobud şəkildə pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş və ölkə başçısının 18 avqust 2020-ci il tarixli, 1142 saylı Fərmanı ilə ləğv olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsviri"nin 2017-ci ildə qüvvədə olmuş 2.5-ci bəndində birbaşa qeyd olunmuşdur ki, dövlət reyetrindən çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda dövlət reyetrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə "DUBLİKAT” ştampı vurulur. Dublikat dövlət reyestrindən çıxarış verən qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.1999-cu il tarixli müqavilə əsasında sözügedən mənzil X9 tərəfindən X4, sonuncunun adına mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasına əsas olmuş ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışın etibarsız hesab olunduğu haqqında mətbuatda elan və Bakı şəhər Baş Polis İdarəsinin 039-10693-1217 saylı, xx.xx.2017-ci il tarixli Arayışı İdarəyə daxil olmuşdur. Bununla əlaqədar vətəndaş X2 mənzilə dair RX ******* nömrəli, xx.xx.2021-ci il tarixli yeni çıxarış təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8800/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1330/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8800/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia çıxarışın ləğvi və mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, X9 30/2433 nömrəli xx.xx.1996-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 51,22 kv.metr olan 20 saylı mənzili X3. - Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 177313 saylı MH seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, 20 saylı mənzilə X7 mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə 30/5586 nömrə ilə qeydiyyata alınmışdır. -MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin çıxarış X8 ondan ötrü verilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.121 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binada 51.22 kv.metr ümumi, 31.22 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyerstrində 903 nömrəli reyestr kitabının 84008 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarış xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, pulunu almağı...X11 etibar etmiş, etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. - xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X10 (onun adından etibarnamə əsasında X12 çıxış etmişdir) DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.22 kv.metr olan 20 saylı mənzili İddiaçı bağışlamışdır. - -İşdən görünür ki, G.Yaqubova adına olan ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itdiyi üçün onun etibarsız sayılması barədə mətbuatda elan vermişdir. - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, G.Yaqubovaya məxsus olan ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə dair verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - İşdən görünür ki, G.Yaqubova tərəfindən dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması haqqında mətbuatda elan və Bakı şəhər Baş Polis İdarəsinin 039-10693- 1217 saylı, xx.xx.2017-ci il tarixli arayışı cavabdehə təqdim edildikdən sonra cavabdeh G.Yaqubvanın müraciəti əsasında xx.xx.2017-ci il tarixdə ona ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/3250-11 nömrəli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsinə əsasən xx.xx.2017-ci il tarixli 7E-10283 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli 7E-10189 reyestr nömrəli etibarnamələrə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. - Cavabdehin xx.xx.2017-ci il tarixli **********83 nömrəli məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 33 saylı evin 20 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, təqdim edilən Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasına əsas olmuş ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışın etibarsız hesab olunduğu haqqında mətbuatda elan və Bakı şəhər Baş Polis İdarəsinin 039-10693-1217 saylı, xx.xx.2017-ci il tarixli Arayışı İdarəyə daxil olmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - Quba Rayon Məhkəməsinin 2(027)-1665/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehlər İddiaçı ilə X12 arasında bağlanılmış 4Ə- 654 reyestr nömrəli xx.xx.2017-ci il tarixli Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 33 saylı evin, 20 saylı mənzilinin bağışlanması müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin qətnamə ilə iddiaçı X7 cavabdehlər İddiaçı və X11 qarşı «əqdin əhəmiyyətsiz hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X7 apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1665/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2864/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda bağışlama müqaviləsinin qüvvədə olmasına əsaslanaraq həmin müaviləyə əsasən 20 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bağışlama müqaviləsindən sonra G.Yaqubovaya verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı - Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - - Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. xx.xx.2017-ci il tarixdə qüvvədə olan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 08 iyul 2017-ci il qeydiyyat tarixli ********** reyestr nömrəli çıxarışın G.Yaqubovaya verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nə əsasən: - 1.4-cü bəndinə əsasən dövlət reyestrindən çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda – hüquq sahibinə (sahiblərinə), daşınmaz əmlak üzərində hüquqların yüklülüyü qeydiyyata alındıqda – xeyrinə hüquq yüklü edilən şəxsə (şəxslərə) bu sənədin 1 və 2 nömrəli əlavələrində göstərilən nümunələrdə verilir. - 2.5.-ci bəndinə əsasən dövlət reyestrindən çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat dövlət reyestrindən çıxarışı verən qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. İstinad olunan normalardan görünür ki, mülkiyyət hüququ əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək elementlərini özündə ehtiva edən hüquqdur və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin hüququ olan şəxsə verilir. Qanunverici daşınmaz əmlak üzərində hüquqların, o cümlədən mülkiyyət hüququnun əmələ gəlməsi əsaslarını konkret olaraq müəyyən etmiş, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan birinə aid olunmuşdur. Qanunvericiliyə əsasən əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə notariat qaydasında təsdiq edildikdən sonra şəxsin daşınmaz əmlaka sahiblik və istifadə hüququ, müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı tarixindən isə sərəncam hüququ əmələ gəlir. İşdən görünür ki, üçüncü şəxs G.Yaqubova xx.xx.2017-ci il tarixdə mübahisəli mənzili iddiaçıya bağışlamış, bununla da onun həmin mənzilə dair mülkiyyət hüququnun elementi olan sahiblik və istifadə hüququ İddiaçı keçmişdir. Həmçinin həmin müqavilə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün qanuni əsas olmuşdur. G.Yaqubova xx.xx.2017-ci il tarixdə itirdiyi çıxarış əvəzinə yeni çıxarış verilməsi üçün cavabdehə müraciət edərkən, 20 saylı mənzilə tam mülkiyyət hüququ artıq ona məxsus olmamış, buna baxmayaraq cavabdeh əsassız olaraq onun müraciətini təmin edərək ona yeni çıxarış vermişdir. Bundan başqa, yuxarıda qeyd olunan normalardan görünür ki, çıxarış itirildikdə şəxsin müraciəti əsasında ona yeni qeydiyyat nöməli çıxarış deyil, əvvəlki çıxarışın dublikatı verilir. Lakin işin hallarından müəyyən olunur ki, cavabdeh bu normaların tələblərini pozaraq xx.xx.2009-cu il tarixli ********** nömrəli çıxarışı itirdiyini iddia edən üçüncü şəxsə həmin çıxarışın dublikatı yerinə, yeni qeydiyyat nöməli və tarixli çıxarış vermiş, daha sonra isə iddiaçı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mükiyyət hüququnu qeydiyyata aldırmaq istədikdə, əsasız olaraq verdiyi yeni çıxarışa istina edərək onun tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu imtinasını qanunsuz hesab edir və qeyd edir ki, işin araşdırılan halları ilə iddiaçının mübahisəli mənzilə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında mülkiyyət hüququ əldə etməsi tam sübut olunur. İşdən görünür ki, həmin müqavilə ləğv olunmamış, etibarsız sayılmamışdır və hazırda qüvvədədir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzilə mülkiyyət hüququnun qeydə alınmasını, həmçinin cavabdehin qanunsuz hərəkəti əsasında verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsini tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası, notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsini cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə mülkiyyət hüququnun üçüncü şəxs X8 məxsus olmasına dair xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddiaçı 04 iyul 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əldə etdiyi ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-827/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-827/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver