Məhkəmə qərarları › İş №2-1(112)-827/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-827/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-827/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X14 və X15) “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti b, 14 ünvanında yerləşən, ümumi sahəsi 599,8 kv.m olan qeyri-yaşayış sahəsinin 23 dekabr 2021-ci il tarixli AN-1004827 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X16 və X1 aldığı 4/6 hissədən (2/3 hissədən) 1/6 hissə üzərində X5 adına verilən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışın və reyestrdə əsassız qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə X14 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin iddiaçının 23 dekabr 2021-ci il tarixli AN-1№ ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən X16 və X1 aldığım 4/6 hissəsindən (2/3 hissədən) 1/6 hissə üzərində X5 mülkiyyət hüquqları reyestrdə qeydə alınmış və onun adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı həmin qeyriyaşayış sahəsinə dair X2 başqa heç bir şəxslə müqavilə (alqı-satqı, dəyişdirmə, bağışlama və s.) bağlamamış və həmin qeyri-yaşayış sahəsinin 2/3 hissəsinə dair mülkiyyət hüququnu heç bir şəxsə güzəşt etməmişdir. Belə olan halda, iddiaçını dəyərini ödəyərək satın aldığı və mülkiyyətində olan daşınmaz əmlak üzərində başqa şəxsin mülkiyyət hüquqlarının əsassız qeydə alınması yolverilməzdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli ərizə idarə tərəfindən icra olunaraq, Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-157 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 599.8 kv.m olan qeyri-yaşayış sahəs üzərində (2/3 hissədə) iddiaçının mülkiyyət hüququ tanınmış və dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, ********** nömrəli iddiaçının ərizəsinin icrası zamanı. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 14 ünvanında yerləşən **********71-05301-083009 reyestr nömrəli 599.8 kv.m qeyri-yaşayış sahəsində ərizəçi X8 məxsus 1/3 hissəsi xx.xx.2021-ci il bağışlanma müqaviləsinə əsasən, X16 və X10 hər birinə məxsus 1/3 hissədə payları isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özgəninkiləşdirilmiş və adına ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmiş və paylı mülkiyyət üzrə elektron çıxarışlarla rəsmiləşdirilmişdir. (X14-1/3 hissə (**********), (İddiaçı-2/3 hissə (**********). Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 14 ünvanında yerləşən **********71- 05301- 083009 reyestr nömrəli 599.8 kv.m qeyri-yaşayış sahəsində ərizəçi X3 payı, "xxxx" MMC tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli müqavilə və maliyyə arayışında 1/3 hissənin 1/2 hissəsi qeyd edildiyinə baxmayaraq səhvən 1/3 hissə kimi qeydiyyata alınmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsinin X8 məxsus 1/3 hissəsi xx.xx.2021-ci il bağışlanma müqaviləsinə əsasən, X16 və X10 hər birinə məxsus 1/3 hissədə payları isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçını adına özgəninkiləşdirilmiş və ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır. Sonradan texniki səhv aradan qaldırılmış və ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1/6 hissəsinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə (**********) daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Hazırda həmin qeyri-yaşayış sahəsinə dair X6 1/3 hissədə, İddiaçı 3/6 hissədə, X5 1/6 hissədə payları müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə **********97 saylı və **********81 saylı cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin İcra Şöbəsinin xx/xx- 164624/18 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqi ilə Bakı şəhəri, Yasamal rayonu Azərbaycan prospekti, 14 ünvanında tikilən 14+1 mərtəbəli, 1 bloklu yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi İddiaçı qadağa qoyulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 599,8 kv.m qeyri-yaşayış sahəsinin (hər bir 1/3 hissəsi) üzərində X11, X3 və X10 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. X16, X17 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X16 və X17 (satıcılar) Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti b, 14 ünvanında yerləşən ümumi sahəsi 599,8 kv.m olan qeyri-yaşayış sahəsinin onlara aid 2/3 hissəsini mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə vermişdirlər. Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X13 (hədiyyə verən) Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti b, 14 ünvanında yerləşən ümumi sahəsi 599,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona məxsus 1/3 hissəsini İddiaçı (hədiyyə alan) hədiyyə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 599,8 kv.m qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı ilə X14 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti b, 14 ünvanında yerləşən ümumi sahəsi 599,8 kv.m olan qeyri-yaşayış sahəsini 1/3 hissəsini mülkiyyət hüququ üzrə X6 (alıcı) mülkiyyətinə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 (Yeni qaydalarla: Az1005, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 16B) ünvanında yerləşən 599,8 kv.m qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində 23 iyun 2022-ci il tarixdə X6 və 2/3 hissəsi üzərində 23 iyun 2022-ci il tarixdə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 (Yeni qaydalarla: Az1005, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 16B) ünvanında yerləşən 599,8 kv.m qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə X6, 3/6 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə İddiaçı və 1/6 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə X5 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5297/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh Quliyev Elman Arif oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 (altı yüz)) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməsi; Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 (altı yüz)) qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə X11, 1/3 hisəssinə X12, 1/3 hissəsinə X7 pay hüququnun tanınması; X7 1/3 pay hüququnun 1/2 hissəsinə X5 pay hüququnun tanınması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Mülki Məcəllənin: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyas Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Hazırki işin faktiki hallarından da göründüyü kimi ünvan 6 (Yeni qaydalarla: Az1005, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 16B) ünvanında yerləşən 599,8 kv.m qeyri-yaşayış sahəsinin 1/3 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə X6, 3/6 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə İddiaçı və 1/6 hissəsi üzərində xx.xx.2022-ci il tarixdə X5 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Təkzib olunmaz haldır ki, həmin əmlak paylı mülkiyyətdədir. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin digər payçısı hesab olunan X5 adına aparılmış qeydiyyatı mübahisələndirərərk onun adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini arzulayır. Halbuki iddiaçı üçüncü şəxs X5 adına aparılmış qeydiyyatın kökündə qanuni qüvvəsini almış məhkəmə qərarının olduğunu nəzərə almamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5297/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Quliyev Elman Arif oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 (altı yüz)) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməsi; Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 (altı yüz)) qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə X11, 1/3 hisəssinə X12, 1/3 hissəsinə X7 pay hüququnun tanınması; X7 1/3 pay hüququnun 1/2 hissəsinə X5 pay hüququnun tanınması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi kassasiya instansiya məhkəməsi qeyri-yaşayış sahəsinə dair payçıların mülkiyyət hüquqlarının tanınması ilə bağlı mübahisəyə baxarkən qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi olan X7 1/3 pay hüququnun ½ hissəsinə münasibətdə X5 hüquqlarınıda tanımışdır. Yəni hazırda üçüncü şəxsin sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının tanınması məhz həmin məhkəmə qərarı əsasında aparılmışdır. Cavabdeh inzibati orqan da məhkəmə qərarını nəzərə alaraq qeyri-yaşayış sahəsinin 1/6 hissəsinə dair X5 mülkiyyət hüquqlarını qeydiyyata almış və müvafiq çıxarış ilə rəsmiləşdirmişdir. Məhkəmə qərarının məcburiliyinin icrası ilə bağlı məhkəmə aşağıdakiları diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikası Konstisusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. AR MPM-nin: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 419.4. Kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunmuşdur ki, “Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.” Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Göstərilən bu halları nəzərə alan cavabdeh son məcburi qüvvəyə malik Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5297/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində həmçinin X5 da mülkiyyət hüquqlarını qeydiyyata almışdır. Göründüyü kimi üçüncü şəxsin adına aparılmış qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin əhatə dairəsinə düşən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında aparıldığından, üçüncü şəxsin adına aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğvi üçün əsas mövcud olmamışdır. Əlavə olaraq Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, qeyri-yaşayış sahəsinin payları müəyyən olunarkən 1/3 hissəsinə X11, 1/3 hisəssinə X12, 1/3 hissəsinə X7 pay hüquqları tanınmışdır ki, X7 payının 1/3 hissəsinin ½ hissəsi, 1/6 hissə təşkil edir ki, bu hissədə də məhz X5 pay hüququ tanınmışdır. Riyazi hesablamalar əsasında da X5 pay hüququn 1/6 hissə təşkil etdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında həyata keçirildiyindən, cavabdeh inzibati orqan haqlı olaraq üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, iddia tələbi rədd olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar