Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-827/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC X2 Qovşağı "Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin xx.xx.1991-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 500 kv.m-dən ibarət 27 nömrəli bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması, planı və ölçüsünün hazırlanması və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “"Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin xx.xx.1991-ci il tarixli protokol qərarına əsasən ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 27 nömrəli bağın 0,460 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum Məmmədhəsən Məstan oğluna məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azteleko” MMC X2 Qovşağı "Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin xx.xx.1991-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 500 kv.m-dən ibarət 27 nömrəli bağ sahəsi atası Məmmədhəsən Məstan oğluna ayrılmışdır. X2 Qovşağı "Rabitəçi" Bağçılıq Yoldaşlığı tərəfindən bağ sahəsinin sxemi işlənib hazırlanmışdır. 27 nömrəli bağ sahəsinin ayrılmasına dair 27 nömrəli ictimai vəsiqə verilmişdir. Məmmədhəsən Məstan oğlu 30 oktyabr 1997-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. Həmin tarixdən də bağ sahəsi sərhədləri müəyyən edilməklə naturadan ayrılaraq istifadəyə verilmişdir. Torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə xx.xx.2023-cü il tarixdə cavab verilmişdir və cavabda torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qonşu torpaq sahəsi ilə üst-üstə düşməsi, müəyyən sənədlərin təqdim edilməsi göstərilmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin nə planı, nə də ki, sxematik xəritəsi vətəndaş tərəfindən hazırlanmır və həyata keçirilmir, bu səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarına aiddir və təbii ki, baş vermiş uyğunsuzluq da həmin orqanlar tərəfindən aradan qaldırılmalıdır. Tərəfindən ictimai vəsiqənin surəti, protokoldan çıxarışın surəti, bağ sahəsinin sxemi və digər sənədlər təqdim edilmişdir. Torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi əsasları mövcuddur. Qeyd olunanlardan da görünür ki, torpaq sahəsi naturadan ayrılaraq onun istifadəsinə verilmişdir, sərhədləri müəyyən edilmişdir və 30 ildən artıqdır ki, istifadəsindədir. Torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” MMC X2 Qovşağı "Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin xx.xx.1991-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 500 kv.m-dən ibarət 27 nömrəli bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması, planı və ölçüsünün hazırlanması və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizəyə cavab verilməmişdir. Bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur. Qeyd olunanlardan da görünür ki, bu torpaq sahəsi üzərində qanuni hüquqları yaranmışdır və şəxsi mülkiyyətə bərabər tutulmalıdır. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir.
4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Rabitəçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Məmmədhəsən Məstan oğlunun adı aşkar olunmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qonşu sahə ilə üst-üstə düşür. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,05 ha, faktiki isə 0,0480 ha təşkil edir.
5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən “Rabitəçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddia ərizəsində adı qeyd olunan Məmmədhəsən Məstan oğlunun adı aşkar olunmamışdır. İdarənin arxiv məlumatlarına əsasən “Rabitəçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında Məmmədhüseyn Məstan oğlunun adı var. Lakin iddiaçı tərəfindən sözügedən şəxslərin eyni şəxs olması barədə hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 18 kv.m. hissəsi digər şəxsin (X4) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qonşu sahə ilə üst-üstə düşür. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,05 ha, faktiki isə 0,0480 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Türkan bağ massivi 27 saylı bağ hüquq müəyyənedici sənəd üzrə 0.05 ha, faktiki sahəsi 0.0480 ha təşkil edir. Bağ sahəsinin sənədləri mişar daşı ilə hasarlanıb. Tikili yoxdur.
7. Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/437 nömrəli qərarı ilə SSR-i Rabitə Nazirliyinin Kabel X1 45 nəfər yoldaşlılığı üzvlərinə keçmiş Əzizbəyov (hazırda Xəzər) rayonu, Türkan qəsəbəsində qayalıq yerində torpaq sahəsi ayrılmışdır.
8. Kabel X1 “Rabitəçi“ bağçılıq yoldaşlığının bağ sahələrinin sxemindən görünür ki, 45 sayda bağ torpaq sahələrinin sxemi müəyyən edilmişdir.
9. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "AztelekoM” MMC X2 Qovşağı "Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin təsdiq olunmuş xx.xx.1991-ci il tarixli protokol siyahısından çıxarışa əsasən, "Rabitəçi" Bağçılıq sahəsində 27 nömrəli bağ 500 kv.metr Məmmədhəsən Məstan oğluna məxsusdur.
10. Məmmədhəsən Məstan oğluna aid bağ sahəsinin sxemi müəyyən edilmişdir.
11. AZ-T seriyalı 205784 nömrəli doğum haqqında şəhadətnamədə qeyed edilmişdir ki, İddiaçı atası Məmmədhəsən Məstan oğlu qeyd edilmişdir.
12. Ədliyyə Nazirliyi ünvan ünvanlandığı xx.xx.2023-cü il tarixli 19 nömrəli məktubunda qeyd edilmişdir ki, Məmmədhəsən Məstan oğlunun ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır. KMTQ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 27 saylı ictimai vəsiqəsinə əsasən Bakı şəhəri Türkan qəsəbəsi ünvanda yerləşən sahəsi 500 kv.m olan 27 saylı bag sahəsinə dair Çıxarış verilməsi xahiş olunur.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddia mümkündür.
İİ Məhkəmənin mövqeyi
19. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin təsdiq olunmuş xx.xx.1991-ci il tarixli protokoluna əsasən "Rabitəçi" Bağçılıq sahəsində Məmmədhəsən Məstan oğluna 500 kv.metr olan 27 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin şəxs isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. 20 saylı Notariat Ofisi tərəfindən cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edilmişdir.
20. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
24. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
25. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
31. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
32. Məhkəmə tərəfindən müəyyən edildi ki, "Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin təsdiq olunmuş xx.xx.1991-ci il tarixli protokolundan çıxarışa əsasən "Rabitəçi" Bağçılıq sahəsində Məmmədhəsən Məstan oğluna 500 kv.metr olan 27 nömrəli bağ sahəsi ayrılmış, həmin torpaq sahəsi iddiaçının atasına qanuni əsaslarla ayrılmış, torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair qərar ləğv edilməmiş və bağ sahəsi ilə bağlı mübahisə yoxdur.
33. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxiv məlumatlarına əsasən “Rabitəçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında Məmmədhəsən Məstan oğlunun yox, Məmmədhüseyn Məstan oğlunun adı var. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qonşu sahə ilə üst-üstə düşür. Əlavə olaraq, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,05 ha, faktiki isə 0,0480 ha təşkil edir.
34. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum atasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
35. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən “Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısının təsdiq edilmiş surəti təqdim edilmişdir. 17-ci sırada Məmmədhüseyn Məstan oğlu qeyd edilməklə 27 nömrəli bağ sahəsi göstərilmişdir. 27 nömrəli bağ sahəsinin ayrılmasına dair 27 nömrəli ictimai vəsiqə verilmişdir. Göründüyü kimi “Rabitəçi" Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısının tərtibatı zamanı texniki səhv olmuşdur.
36. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehin digər dəlili - torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,05 ha, faktiki isə 0,0480 ha təşkil etməsi və torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış qonşu sahə ilə üstüstə düşməsi halı da əsassızdır. Belə ki, iddiaçının tələbi üst üstə düşən sahəni çıxmaqla yalnız 0,460 ha torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun mərhum Məmmədhəsən Məstan oğluna məxsus olmasına dair arayışın verilməsidir.
37. Məhkəmə hesab edir ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq arayış verilməlidir.
38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,460 ha torpaq sahəsi olan 27 saylı bağ sahəsinin mərhum Məmmədhəsən Məstan oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva