Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8274/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X8, X9 və X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 də 5 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Həmçinin mənzilin mülkiyyətçisi odur. Ailə üzvləri həyat yoldaşı Ramiz Hümbətov, oğlu Mahir Hümbətov, qızı Vüsalə Hümbətova və nəvəsi Məryəm Fərəczadədən ibarətdir. Habelə həmin mənzilə bacısı X3, onun oğlu X5 və qızı X6 yaşadıqları mənzilin sənədsiz olduğu üçün qeydiyyatda saldırıb. Bacısı və övladları mənzilində bir gün də belə yaşamamışlar. 30 mart 2022-ci il tarixdə mənzilini satıb. Təzə mənzil alaraq həmin mənzilə 5 nəfər ailə üzvü ilə birlikdə qeydiyyata düşür. Lakin bacısı Əliyeva Sədanə övladları ilə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmaqdan imtina edir. Onu yeni aldığı mənzilə qeydiyyata almağı tələb edir. Onunsa artıq belə bir fikri yoxdur. Çünki bacısı onun təzə evindən oğlu üçün pay istəyir. Satılmış evdən bütün qeydiyyatda olanların çıxacağını öhdəliyinə götürüb. Evin təzə sahibi bunu ondan haqlı olaraq tələb edir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, ünvan 2 ünvanından bacısı X2 ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxarılması ilə əlaqədar mülkiyyətçi mülki qaydada məhkəməyə müraciət edə bilər.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbini müdafiə etdi.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubla bildirilmişdir ki, şifahi məhkəmə dinləmələrinin cavabdehin iştirakı olmadan baxılmasına etiraz edilmir.
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
9. İddiaçı (satıcı) ilə X1 (alıcı) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil satılmışdır.
10. Odur ki, İddiaçı hazırda mənzilin mülkiyyətçisi deyil. Odur ki, həmin mənzildə olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
11. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva