Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8275/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş X12 İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Cavabdeh2nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində maddi zərərin əvəzi olaraq 10000 (on min) manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 (bir yüz min) manatın cavabdehlərdən tutularaq ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə (müəyyən hərəkətlər etməkdən çəkinməyə dair) və cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 06 dekabr 2017-ci il tarixdə saat 11 radələrində Cavabdeh2 ictimai təhlükəsizlik bölməsinin rəisinin bildirişinə əsasən bölmənin rəisinin qəbulunda olub və şöbədən çıxandan sonra etibarnamə ilə idarə etdiyi VAZ211150 markalı 10OH375 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri istiqamətində hərəkət edib. Quba şəhəri, Memar Əcəmi küçəsilə hərəkət edərək Heydər Əliyev prospektilə kəsişmədə işıqforun yaşıl işığının yandığını görüb hərəkətini davam etdirmiş və bu zaman həmin küçələrin kəsişməsin hissəsində sol istiqamətdən-Heydər Əliyev prospektindən sürətlə gələn KAMAZ markalı çınqıl dolu yüklü ağırtonnajlı yük avtomobilinə vurulub. Zərbənin təsirindən təsadüfən sağ qalıb. Kamazın sürücüsü X2 hadisə yerinə gəlmiş qohumu işi böyütməməyi, dərinə getməməyi, qısa zaman ərzində maşın alıb verəcəklərini bildirmişlər. O da bu xahişləri nəzərə alıb. Buna görə də xəstəxanada müalicə əvəzinə, KAMAZın sürücüsünə cinayət işi açılmasın deyə, mərhəmətlilik edib öz evində 20-25 gün müalicə alıb. Təqsirkar şəxslər polisin onalara dəstək verməsinə arxalanaraq ona vurulmuz zərəri ödəməkdən yayınırlar. Belə ki, Quba rayon PŞ DYP Bölməsinin TTÜ inspektoru, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 10.03.2018-ci il tarixli, TYP 068919 nömrəli inzibati xəta haqqında protokoldan və Quba rayon PŞ DYP Bölməsinin rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 28.03.2018-ci il tarixli, TYP 068919 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olaraq qəbul edilməsi ilə ona maddi və mənəvi zərər vurulmuşdur, həmin zərər ona ödənilməlidir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-532/2020 nömrəli iş üzrə qəbul etdiyi 01.12.2020-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində inzibati xəta haqqında 10.03.2018-ci il tarixli, TYP №068919 saylı protokol əsasında çıxarılmış 28.03.2018-ci il tarixli, TYP №068919 saylı qərarın ləğv edilməsi və İddiaçı haqqında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Quba Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 3(027)433/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Quba rayon PŞ DYP Bölməsinin TTÜ inspektoru, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 10.03.2018-ci il tarixli, TYP 068919 nömrəli inzibati xəta haqqında protokola və Quba rayon PŞ DYP Bölməsinin rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 28.03.2018-ci il tarixli, TYP 068919 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, İddiaçı tərəfindən 06.12.2017-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi Kamaz markalı avtomaşınla Quba şəhəri, H.Əliyev prospekti ilə kəsişmədə avtomaşını idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
4. Quba rayon məhkəməsinin 2(027)-659/2020 nömrəli iş üzrə 02.06.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X4 və X1 müştərək qaydada 2646,80 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənməsi qət edilmişdir.
5. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbini müdafiə etdi.
6. Cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinin nədən ibarət olması ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi məhkəmə tərəfindən iddiaçıya təklif edildi, lakin bununla bağlı iddiaçı məhkəməyə hər hansı dəqiqləşdirmə təqdim etmədi. Məhkəmə iclasında qeyd edilən hissədə iddia tələbinin dəqiqləşdiirlməsi iddiaçıya bilavasitə təklif edilmiş, lakin iddia tələbi dəqiqləşdirilməmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
II. İddianın mümkünlüyü
8. İddia tələbindən göründüyü kimi tələb 2 hissədən ibarətdir: inzibati xəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın qəbulu ilə bağlı polisin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi; və cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən çəkinmə öhdəliyinin qoyulması.
9. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.
10. Məhkəmə hesab edir ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, zərər tələbi polisin inzibati icraatdan irəli gələn fəaliyyəti ilə bağlı deyil.
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10 aprel 2015-ci il 04 nömrəli qərarına əsasən: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
13. İnzibati Xətalar Məcəlləsindən: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir.
14. Cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən çəkinmə öhdəliyinin qoyulması hissəsində iddia tələbi aydın deyil (bax 6-cı bənd).
15. Tələbin xüsusi qərardad çıxarılması hissəsini məhkəmə vəsatət xarakterli hesab edir. Əsas tələb mümkün sayılmadığından vəsatət də mümkün sayılmamalıdır.
16. Odur ki, iddia mümkün sayılmamalı, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva