Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8279/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özgəninkiləşdirilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. İddiaçı (bundan sonra - İddiaçı) yetkinlik yaşına çatmayan övladı 16.07.2013-cü il təvəllüdlü X2 məxsus payın özgəninkiləşdirilməsinə icazə verilməsi barədə ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdehin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 16.04.2021-ci il və 19.05.2021-ci il tarixli iclaslarında məsələyə baxılaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya №**********06-05101-093003) çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında iddiaçının yetkinlik yaşına çatmayan övladı X2 məxsus payın özgəninkiləşdirilməsi məqsədəmüvafiq hesab edilməmiş və bununla bağlı iddiaçıya müvafiq məlumat verilmişdir.
2. Bundan sonra İddiaçı 07.07.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yetkinlik yaşına çatmayan övladı X2 məxsus payın onun tərəfindən özkəninkiləşdirilməsinə icazə verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, Cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
4. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.
5. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
6. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
7. Məhkəmə qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək onun faktiki əsası müəyyən edilməlidir.
8. Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yaranmış mübahisənin faktiki əsasları mülki münasibətlərə söykənir.
9. Belə ki, işdən görünür ki, X5 05.09.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 28.09.2018-ci il tarixdə 1482 nömrəli ilə qeyd aparılmışdır.
10. 11.05.2019-cu il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən olunur ki, S.Xəlilovun vərəsəsi oğlu – X3, arvadı – İddiaçı və yetkinlik yaşına çatmayan qızı – X4r və onlar miras əmlak – ünvan 3 ünvanında yerləşən 26 saylı mənzildən bərabər hissə almalıdırlar.
11. İşdə olan ********** nömrəli 31.08.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 26 saylı mənzilə mülkiyyət hüququnun 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə X2 məxsusdur.
12. İşdən görünür ki, İddiaçı hazırda 16.07.2013-cü il təvəllüdlü qızı V.Xəlilzadəyə məxsus payın özgəninkiləşdirilməsini istəyir, hansı ki, bu münasibətlər ailə-mülki qanunvericiliklə tənzimlənir.
13. Belə ki, Ailə Məcəlləsinin 55.4-cü maddəsinə əsasən uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - maddə 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. - maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. - maddə 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. - maddə 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. - maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. - maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
15. Göründüyü kimi, yetkinlik yaşına çatmayanların əmlakının idarə edilməsi mülki hüquq normaları ilə tənzimlənir. Belə olan halda aydın olur ki, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları inzibati qanunvericilik baxımından inzibati orqan hesab edilsələr də, məzmun baxımından bu orqanlar daha çox xüsusi hüquq sahəsinə aid olan məsələlərlə, yəni qəyyumluq və onun şərtləri, himayəçilik, uşaqların rifahı, fəaliyyət qabiliyyəti və sair kimi məsələlərlə məşğul olduqlarından həmin hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, onların qəbul etdiyi bütün qərarlara (hərəkət və ya hərəkətsizlik) inzibati qaydada baxıla bilməz. Belə ki, bu zaman əsas məsələ mülki hüquqla bağlı həll edilməli və ya aydınlaşdırılmalı olan məsələ olduğundan, məhkəmə hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında baxılmalıdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda da göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır.
17. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova