Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-828/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X9, cavabdehin nümayənəsi X5, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “hüquqların dövlət qeydiyyatına alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1817” saylı torpaq sahəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1829” saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı təsərrüfat işləri ilə məşğul olmaq məqsədilə torpaq sahəsi əldə etmək üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X19 inkişafı Departamentinə ərizə ilə müraciət etmişdir. Belə ki, müraciəti əsasında X7 və istismarı birliyinin 13 may 2002-ci il tarixli 239 saylı sərəncamına əsasən Bilgəh ərazisindən 0,12 hektar torpaq sahəsi “1817” nömrəli bağın iddiaçının istifadəsinə verilməsi üçün 16 may 2003-cü il tarixdə 31609 saylı müqavilə bağlanmışdır. Müqavilədə istifadəçi üçün nəzərdə tutulmuş tələblərə və qadağalara tərəfindən tam riayət etməklə bağ massivində yüksək səviyyədə abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq bağda aidiyyatı üzrə aparılan tikinti texniki və abadlıq işləri şəxsən iddiaçının öz xərci və vəsaiti hesabına aparılmışdır. Hazırda istifadəsində olan “1817” saylı bağ massivində olan torpaq sahəsi üzərində hüquqlarının tanınması üçün daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması məqsədilə xx.xx.2022-ci ildə və xx.xx.2022-ci il ərizə ilə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Lakin 1 saylı Bakı ərazi idarəsinin rəhbərliyi ona aid olmayan əsassız iradlar irəli sürməklə güya müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş olunmuş, müqavilə möhürlə təsdiq edilməmiş və mətnlər aydın yazılmamış, hüquqi və fiziki şəxslərin adlarının tam şəkildə göstərilməməsini əsas gətirərək imtina edilmişdir. Ona görə də yuxarıda qeyd olunanları, 1 saylı Bakı Ərazi İdarəsinin qeyd etdiyi əsassız iradlarını qəbul etmədiyini, müqavilədə heç bir düzəliş aparılmadığını, müqavilənin bütün şərtlərinə və tələblərinə tərəfindən tam əməl edildiyini nəzərə alıb isifadəsində olan Bakı şəhər Sabunçu rayonu Bilgəh bağ massivindəki 0.12 hektar “1817” saylı torpaq sahəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair 1 saylı Bakı ərazi idarəsinə qarşı qərar çıxarılmasını məhkəmədən xahiş edir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, “qeyd edilən torpaq sahəsinin nömrəsi X3 sxemində qeyd edilməmişdir. Bundan əlavə, koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağ sahəsinin yerinə uyğun gəlir. Bundan başqa, X7 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş, düzəliş olunmuş, həmçinin icarə müqaviləsi (keçmiş “X7 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir.”
5. Cavabdehin xx.xx.2024-cü il tarixli imtinasında bildirilmişdir ki, “1817 saylı bağ sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyi və arxiv məlumatlarında aşkar edilmədiyi üçün həmin bağ sahəsinin yerinin naturada dəqiqləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Bu barədə sizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Ə-14xxxx/2023 nömrəli məktubla məlumat verilmişdir.”
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin nömrəsi X3 sxemində qeyd edilməmişdir. Bundan əlavə, koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağ sahəsinin (təqribi 1828 nömrəli bağ sahəsinin) yerinə uyğun gəlir. Bundan başqa, X7 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş olunmuş, həmçinin icarə müqaviləsi (keçmiş “X7 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış, bununla bağlı iddiaçıya **********38 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1828 saylı bağ (torpaq) sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına barədə məlumat aşkar edilməmişdir. Həmçinin 38 nömrəli bağ tikinti kooperativi nəzdində Bilgəh bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1828 saylı bağ sahəsinin ayrılmasına dair X2 adına verilmiş 88 nömrəli order idarənin arxivində mövcuddur.
8. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi, 1817 bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının 239 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamın təsdiq edilmiş edilmiş surəti, eləcə də sxematik xəritədən çıxarış məhkəməyə təqdim etmişdir. Sərəncama əlavə olunan 78 nömrəli 08 may 2003-cü il tarixli protokola əsasən: - «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi barədə, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə» Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233№-li Sərəncamına əsəsən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin:
123. Bilgəhdəki 1829 nömrəli bağ/BTK-38/- İddiaçı.
9. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1817 saylı bağ göstərilən ərazinin şərqində yerləşməlidir. Qeyd olunan ərazidə 1817V saylı bağ sahəsi qeydiyyata alınıb. Bilgəh bağ massivində yerləşən bağa dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Bilgəh bağlar sahəsinin 38 nömrəli kooperativin 144 nömrəli orderinə əsasən X8 Bilgəh bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində 0,12 ha 1829/1817 nömrəli bağ ayrılmışdır. - 24 mart 2003-cü il tarixli ərizəyə əsasən X10, X15, X16, X17 və X11 tərəfindən Bilgəh bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində 1829 nömrəli bağ sahələrinin olduğu bildirilərək həmin bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz edilməmişdir. - 26 mart 2003-cü il tarixli ərizəyə əsasən Əliyev X12 bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində 1829/1817 nömrəli bağ sahəsinin onun adına keçməsinə dair sərəncam verilməsini xahiş etmişdir. - 16 may 2003-cü il tarixli 31609 saylı müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X19 İnkişafı Departamenti X7 və İstismarı Birliyinin 13 may 2002-ci il tarixli 239 saylı sərəncamı əsasında Birlik Bilgəh ərazisindən 0,12 hektar torpaq sahəsi olan “1817” nömrəli bağı İstifadəçi İddiaçı verir. - Müqaviləyə əlavə edilmiş arayışa əsasən Bilgəh ərazisindəki 0,12 ha torpaq sahəsi olan 1829/1817 nömrəli bağ sahəsi X6 adından İddiaçı adına keçirilmişdir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla göstərilən ərazinin sxematik xəritəyə əsasən 1828 saylı bağın yerinə uyğun gəldiyi bildirilərək daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı təqdim edilmişdir. Həmin sənədə əsasən: - Ünvanın olduğu yer: Bilgəh bağ massivi, 1817 saylı bağ sahəsi 31609 nömrəli icarə müqaviləsi əsasında. - Texniki göstəricilər: torpaq sahəsi hüquq müəyyənedicisənəd üzrə 1200 kv.m, faktiki 1378 kv.m. - Göstərilən bağ sahəsi hasar daxilindədir, sahədə iki mərtəbəli ev, hovuz və həyət tikililəri var.
11. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir. Həmin sənədə əsasən: - İddiaçı istifadəsində olan bağ sahəsi hasar daxilindədir. Göstərilən sahədə fəvvarə və digər həyət tikililəri var.
12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
25. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, “1817” saylı bağ sahəsinin yerini naturada dəqiqləşdirmək mümkün olmamış və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etmişdir. Bundan başqa, xx.xx.2003-cü il tarixli 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsinin həqiqiliyi təsdiqlənməmiş, düzəliş olunmuş, həmçinin icarə müqaviləsi (keçmiş “X7 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir.
26. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək aşağıdakıları qeyd edir:
27. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Bilgəh bağ massivində yerləşən “1829” saylı torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Belə ki, bağ evinin keçmiş mülkiyyətçisi X10 38 nömrəli kooperativin 144 nömrəli orderinə əsasən 1829/1817 saylı bağ sahəsindən istifadə etmiş, həmin bağ sahəsi keçmiş mülkiyyətçinin razılıq ərizəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X19 İnkişafı Departamenti X7 və İstismarı Birliyinin 13 may 2002-ci il tarixli 239 saylı sərəncamı əsasında bağlanılan 16 may 2003-cü il tarixli 31609 saylı müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmişdir.
28. Məhkəmə xx.xx.2003-cü il tarixli 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsinə dair uyğunsuzluğun mövcudluğu ilə bağlı qeyd edir ki, sözügedən müqavilədə bağ sahəsi “1817” nömrə ilə göstərilsə də, müqaviləyə əlavə olunan arayışda 1829/1817 nömrəli bağ sahəsinin əvvəlki mülkiyyətçisi T.C.Heydərovdan İddiaçı istifadəsinə keçirildiyi qeyd edilmişdir. Eyni zamanda həmin məlumatın – bağ sahəsinin nömrəsinin dəqiqliyi və həqiqətəuyğunluğu keçmiş mülkiyyətçisinin adına bağ sahəsinin verilməsinə dair order ilə təsdiq olunur.
29. 1829/1817 saylı bağ sahəsinin hazırkı 1829 saylı bağ sahəsinə uyğun gəlməsi məhkəmə tərəfindən aşkar olunmuşdur. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “1829” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
30. Həmçinin qeyd edilməlidir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinin 78 nömrəli, 08 may 2003-cü il tarixli protokolundan da bəlli olur ki, iddiaçının adı 123-cü sırada göstərilməklə Bilgəhdə yerləşən 38 nömrəli BTK nəzdində “1829” saylı bağ sahəsi iddiaçının adına sənədləşdirilmişdir. “1829” saylı torpaqla bağlı hər hansı mübahisə yoxdur. İddiaçı hazırda iddia tələbini dəqiqləşdirərək “1829” saylı bağın torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
31. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
32. Həmçinin cavabdeh etirazında torpaq sahəsinin 1828 saylı bağ sahəsinin yerinə uyğun gəlməsini göstərsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, aparılmış araşdırma zamanı iddiaçıya ayılmış 1200 kv.m bağ sahəsinin “1829” saylı bağ sahəsi ilə üst-üstə düməsi, 1200 kv.m sahəsi olan “1828” saylı bağ sahəsinin isə X1 istifadəsində olduğu müəyyən olunmuşdur.
33. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının 1829 saylı (hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m) bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1829” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi AR İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva