Məhkəmə qərarları › İş №2-1(112)-8280/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8280/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8280/2022 27.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində hesablanmış 1449.45 manat vergi borcunun və məcburi dövlət sosial sığrta haqlarına görə hesablanmış 1090 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Firması iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Firmasının 5757.83 manat əsas borcu olduğu halda 6550 manat məbləği ödənildiyini nəzərə alıb DSMF-ə yaranmış 1039.45 manat (700 manat məbləğdə əsas borc, 339.45 manat faiz borcu), 700 manat əsas borcu ödəmək şərti ilə vergiyə 1449.45 manat faiz və maliyyə sanksiyasını (o cümlədən faizlər üzrə 1309.45 manat maliyyə sanksiyası üzrə 140 manat) DSMF-ə 339.45 manat faiz borcunu, ümumilikdə 1807.75 manat faizin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması 2004-cü ildə fəaliyyətə başlayıb və fəaliyyət göstərdiyi dövürdə Rusiya və Ukrayna respublikalarından məişət cihazlarının idxalı ilə məşğul olmuşdur. Firma fəaliyyətə başladığı ilk illərdən ölkədə fəaliyyət göstərən özəl banklar və kredit təşkilatlarının sahibkarlara verilən bank dəstəklərindən bəhrənələrək kreditlər almış, firmanın maliyyə mənbəyini banklarından götürülmüş kreditlər təşkil etmişdir. Firmanın və təsisçinin adına "xxxx" ASC, Azərbaycan Mikromaliyyələşdirmə Bankı, "xxxx" ASC, "xxxx" ASC, "TBC Kredit" təşkilatından, "xxxx" ASC kimi banklardan 89500$ ABŞ dolları və 226500 manat kredit almış alınmış, kreditlər vaxtı-vaxtında ödənilmişdir. Təsisçinin və ya firmanın heç bir banka kredit borcu yoxdur. Firma fəaliyyət göstərdiyi müddət ərzində vergilər nazirliyində ƏDV ödəyicisi kimi qeydiyata durmuş və fəaliyyəti dövründə hər ay vergilər nazirliyinə hesabat vermiş, dövlətin vergisini və büdcəyə ödənilən məcburi ödənişləri vaxtı-vaxtında ödəmiş və büdcə ödənişlərində problemlər yaratmamışdır. Fəaliyyəti dövründə vergilər nazirliyi tərəfindən firmada dəfələrlə audit və ya kameral vergi yoxlamları keçirilmiş, ciddi qanunsuzluqlar aşkarlanmamışdır. Lakin ölkədə 2015 - ci ildə manatın iki dəfə kəskin devalvasiyaya uğraması, firmanın fəaliyyətinə çox ciddi təsir göstərmişdir. Devalvasiyadan sonra ölkə bankları kredit verməkdən imtina etməkləri, ölkədə alıcılıq qabliyyəti aşağa düşməsi və eyni zamanda firmanın idxal etdiyi məişət cihazlarını istehsal edən ölkələr Rusiya və Ukraynada devalvasiyaların baş verməsi nəticədə fəaliyyəti idxal olan firmanın fəaliyyətində ciddi maliyyə problemləri yaratmış, nəticədə ölkə banklarından kredit ala bilməyən firma idxalı dayandirmağa məcbur oldu. 2015-2018-cu illər ərzində firmanın fəaliyyətini də dayandırmaq mümkün deyildir, çünkü anbarında mal qalıği var idi, bu dövrdə firma anbarında yerləşən malları satılıb kredit və məcburi vergi ödəmələrini ödəmişdir. İdxalı yenidən bərpa etmək firmanın rəhbərliyinin maliyyə gücü daxilində deyildir, səbəb olkə banklarının kredit verməsi idi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavininin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı Firmasında 5.757,83 manat əsas, 2.101,62 manat faiz və 140,00 manat maliyyə sankiyası olmaqla ümumilikdə 7.999,45 manat vergi, faiz və maliyyə sanksiyası tutulması qərara alınmışdır. Həmin qərarın mövcudluğundan, iddiaçı xx.xx.2021-ci ildə Nəsimi rayon İcra Şöbəsinin məmuru tərəfindən bildiriş göndərildikdən sonra məlumatlı olmuşdur. Qərarla müəyyən edilmiş əsas borc olan 5.757,83 manatı qəbul edirək, bu məbləğin bir hissəsi ödənilmişdir. Bu hal şəxsi hesab vərəqəsində də əks olunmuşdur. Lakin vergi orqanı tərəfindən bu qərardan sonra iddiaçı barəsində hesablanmış vergi borcu ilə razı deyildir. Belə ki, İddiaçı Firması fəaliyətini xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək rəsmi qaydada dayandırmışdır. Nəzərə almaq lazımdır ki, 2014-2015-ci illərdə manatın kəskin devalvasiyaya uğuraması ilə əlaqədar Firmanın fəaliyyəti iflic vəziyyətinə düşmüş, faktiki olaraq fəaliyyət göstərməmişdir. Həmin müddətdə Firma xaricdən uzun müddət mal idxal etməmiş, ancaq anbarda olan mallar satılmış və qanunla nəzərdə tutulmuş vergi və sair ödəmələri vaxtlı-vaxtında ödənilmişdir. 2019-cu il tarixlərdən etibarən isə, yəni müəssisənin fəaliyyəti dayandırıldığı vaxtdan İddiaçı Firması hər hansı mal idxal etməmiş, ümumiyyətlə fəaliyyət göstərməmişdir. Göstərilənlər səbəbindən isə iddiaçıya hesablanmış əlavə 1400 manat vergi məbləğinin yaranması qeyri-mümkündür. Belə ki, rəsmi qaydada dayandırılmış müəssisəyə münasibətdə əlavə vergi məbləğlərinin hesablanması üçün əsas olmalıdır ki, hazırki halda bu məbləğin hesablanmasının əsası müəyyən olunmamışdır. Bundan başqa məcburi dövlət sosial sığorta haqqlarına görə qalıq qalmış 1.090 manat borcun silinməsinə zərurət də vardır. Cavabdeh iddia ərizəsinə yazılı vəsatət təqdim etmiş və vəsatəti onunla əsaslandırmşdır ki, aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş 5757.83 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, şəxsi hesab vərəqəsinə əsasən 1449.45 manat borcu vardır və qeyd olunan borc məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr əsasında yaranmışdır. Belə olan təqdirdə, vergi orqanı tərəfindən hər hansı borc məbləğinin əsassız olaraq hesablanmasından söhbət gedə bilməz. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №li Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərara əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunanları nəzərə alaraq “Arbatan Firması”nın iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq verdiyi izahatında bildirdi ki, firma faliyyət göstərdiyi dövürdə səhətində də müəyyən problemlər yaranmışdır. Sağ gözünün görmə qabliyyətini itirmişdir. Firmanın fəaliyyətinin problemləri pisxoloji cəhətindən ona pis təsir göstərmiş, nəticədə xx.xx.2019-cu il tarixində kəskin insul keçirmiş və dörd ay doğulduğu Masallı rayonunda maddi imkanı çatmadığından ev şəraitində müalicə almışdır. Həkimlərin səyi nəticəsində ayağa qalxsa da, bədəninin sol tərəfində qlcolmalar var, sol ayağında və qolunda hərəkətsizlik qalmaqdadır. xx.xx.2019-cu il tarixində səhətində yaranan xəstəliyə və firmanın artıq maddi imkanlarının olmamasını nəzərə alıb, firmanın fəaliyyətini beş il müddətinə dayandırmış, nəticədə dövlətə məlum 5757,83 manat vergi borc yaranmışdır. Yaranan borcun əslində müəyyən hissəsi firmaya məcburi cərmələrdən və Vergilər Nazirliyinin yaratdığı müəyyən əngəllərin nəticəsidir. Səhəti və maliyyə problemləri ilə əlaqadar vergi borcunu ödəmədiyinə görə Vergilər Nazirliyi xx.xx.2019-cu il tarixində 6529,08 manat məbləğində (vergilər üzrə 5757,83 manat, faizlər üzrə 731,25 manat, maliyyə sanksiyası 40 manat) borcun yaraması ilə əlaqadar olaraq onun ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin qərarı ilə onun ölkədən çıxmağına məhdudiyyət qoyulmuşdur. Məhkəmənin qərarından sonra faizlərin siliməsi üçün dəfələrlə Vergilər Nazirinə, Vergi Xidmətinə və Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində məsul şəxslərin qəbulunda olmuş və məktub şəkilində müraciət etsə də müsbət cavab ala bilməmişdir. Vergilər nazirliyi məhkəmənin qərar icra olunmamış firmaya xx.xx.2020-ci il tarixinə hansı əsaslarla (2101,62 - 731,25 = 1370,37 manat) 1370,37 manat əlavə faiz hesablamışdır. Etdiyi müraciətlərə müsbət cavab almadığına görə xx.xx.2021-ci il tarixində 4750 manat və xx.xx.2021-cı il tarixində 1800 manat, ümümilikdə 6550 manat məbləğini dövlət büdcəsinə pul ödəmişdir və ölkədən getmək hüququnun məhdudlaşdırılması iddiası bərpa edilmişdir. Büccəyə 6550 manat məbləğini ödədiyinə baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi onu yenidən xx.xx.2022-ci il tarixində Sumqayıt Kommerisiya məhkəməsinə Sosial Müdafiə Fonduna 1039,53 manat (700 manat əsas borc, 339,53 manat faiz borcu) və dövlət büccəsinə 1449,45 manat məbləğində (o, cümlədən faizlər üzrə 1309,45 manat, maliyyə sanksiyası üzrə 140 manat) işsizlikdən sğorta fonduna 18,77 manat olmaqlq 2507,75 manat məbləğinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iddia ilə müraciət etmişdir. Firma tərəfindən əsas vergi borcları ödənilmişdir. Hazırda tələb olunan vergi borcunu ödəmək üçün isə maddi imkanı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ faiz, maliyyə sanksiyası, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış vergi borcudur. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - “Arbatan Firması”nın xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, əhatə etdiyi dövrə firmaya saldo 7.766,81 manat, 92.840,20 manat hesablanmış, 7.188,08 manat ödənilmiş, 0,00 qaytarılmış, 71.988,59 azaldılmışdır. Çap tarixinə faiz borcu 2.101,62 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 7.999,45 manat, çap tarixinə saldo – 7.999,45 manat, cəmi ödənilməli borc 7.999,45 manat hesablanmışdır. -"Arbatan Firması”nın xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, əhatə etdiyi dövrə firmaya saldo 7.766,81 manat, 92.840,20 manat hesablanmış, 13.738,08 manat ödənilmiş, 0,00 qaytarılmış, 71.988,59 azaldılmışdır. Çap tarixinə faiz borcu 1.309,45 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 1.449,45 manat, çap tarixinə saldo – 1.449,45 manat, cəmi ödənilməli borc 1.449,45 manat hesablanmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. - Cavabdehin xx.xx.2020-ci il tarixli, **********4 №-li vergi borcunun ödənilməsinə dair bildirişinin surətindən görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixini dövlət büdcəsinə ümumilikdə 7,999,45 manat, o cümlədən vergilər üzrə 5,757.83 manat, maliyyə sanksiyaları üzrə 140.00 manat, faizlər üzrə 2,101.62 manat borcu vardır. Göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq”dan görünür ki, xx.xx.2020-ci il tarixinə sosial sığorta haqqları üzrə ödənilməmiş borcunun tərkibi: məcburi dövlət sosial sığorta haqları üzrə ümumi borc 1039,53 manat, işsizlikdən sığorta haqları üzrə ümumi borc 20,92 manat ibarətdir. Qısa müddət ərzində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış borcu tam şəkildə dövlət büdcəsinə ödəməyi tələb olunmuş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, o, 5757,83 manat əsas borc və DSMF-ə yaranmış borcu da ödəmək şərti ilə ölkə rəhbərliyinin sahibkarlara dəstəyini əsas tutaraq ona güzəşt edib, borcu icra şöbəsinə deyil, vergiyə ödəməklə 2101,62 manat faiz, 140 manat maliyyə sanksiyasını və DSMF-də yaranan faizi hissədən ləğv edilməsində ona köməklik edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli müracətə baxılması barədə məktubun surətindən görünür ki, iddiaçının vergilər və sosial sığorta haqları üzrə əsas məbləğləri ödəmək şərtilə, vergilər və sosial sığorta haqları üzrə faiz borcunun, həmçinin vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının silinməsi barədə müraciətinə baxılmışdır. Bildirilir ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Eyni zamanda nəzərinə çatdırılır ki, xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsinə əsasən şəxsi hesab vərəqəsində hesablanmış faizlər nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinə 7999,45 manat borc məbləği yaranmışdır. Eyni zamanda sosial sığorta və işsizlikdən sığorta haqları üzrə müvafiq olaraq 700 manat və 339,52 manat və 16,20 manat və 4,73 manat əsas və faiz borcları mövcuddur. Həmçinin məlumat üçün bildirilir ki, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsini və vergi ödəyicisinin aktivləri barədə məlumatı Vergi Məcəlləsində müəyyən edilmiş müddətlərdə təqdim etmədiyi üçün həmin Məcəllənin 57.1 və 57.2-ci maddələrinə əsasən müvafiq olaraq 40 və 100 manat məbləğlərində maliyyə sanksiyaları tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Göründüyü kimi müraciətində qeyd edilən məsələ yuxarıda qeyd olunan hallara aid olmadığı üçün həm vergi, həm də sosial və işsizlikdən sığorta haqları üzrə əsas borc məbləğləri ilə yanaşı faiz borcunun da aidiyyəti üzrə ödənilməsi tövsiyyə olunur. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətin surətindən görünür ki, iddiaçı vergi borcu üzrə faizlərin silinməsi barədə ona köməklik edilməsini xahiş etmişdir. - “Arbatan Firması”nın xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqələrindən çıxarışlardan görünür ki, əhatə etdiyi dövrə firmaya saldo 7.766,81 manat, 92.840,20 manat hesablanmış, 13.738,08 manat ödənilmiş, 0,00 qaytarılmış, 71.988,59 azaldılmışdır. Çap tarixinə faiz borcu 1.309,45 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 1.449,45 manat, çap tarixinə saldo – 1.449,45 manat, cəmi ödənilməli borc 1.449,45 manat hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Firması vergi ödəyicisi kimi 2004-cü ildə qeydiyyata alınmış, müraciətinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə kimi fəaliyyəti dayandırılmışdır. Firmanın xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsinə əsasən şəxsi hesab vərəqəsində hesablanmış faizlər nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinə 7999,45 manat borc məbləği yaranmış, eyni zamanda sosial sığorta və işsizlikdən sığorta haqları üzrə müvafiq olaraq 700 manat və 339,52 manat və 16,20 manat və 4,73 manat əsas və faiz borcları, həmçinin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsini və vergi ödəyicisinin aktivləri barədə məlumatı Vergi Məcəlləsində müəyyən edilmiş müddətlərdə təqdim etmədiyi üçün həmin Məcəllənin 57.1 və 57.2-ci maddələrinə əsasən müvafiq olaraq 40 və 100 manat məbləğlərində maliyyə sanksiyaları mövcud olmuşdur. Vergi öhdəliklərini yerinə yetirmədiyi üçün firmanın xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1039,53 manat, dövlət büdcəsinə 1449,45 manat məbləğində (o cümlədən faizlər üzrə 1309,45 manat, maliyyə sanksiyası üzrə 140 manat), işsizlikdən sığorta fonduna 18,77 manat olmaqla ümumilikdə 2507,75 manat borcu vardır. Hazırda iddiaçı həmin borcların silinməsini inzibati məhkəmə icraat qaydasında mübahisələndirir və bunu maliyyə vəziyyəti ilə əsaslandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 57.2-ci maddəsinə əsasən bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. - 85.2-ci maddəsinə əsasən vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. - 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. - 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. - 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. - 94.0-ci maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının çatmaq istədiyi hüquqi maraq vergi orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə hesablanmış faizlər və maliyyə sanksiyasına görə yaranmış borc məbləğinin silinməsindən ibarətdir. Qanunvericilik isə hansı hallarda vergilər, faizlər və maliyyə sanksiyalarının silinməli və ya silinməməli olmasını konkret müəyyən etmişdir. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı qanunvecilikdə vergi borclarının silinməsi (ümidsiz borc) üzrə əsas kimi təsbit edilmiş halların mövcud olması müəyyən edilməmiş, bununla bağlı iddiaçı tərəfindən əsaslı sübutlar məhkəmə təqdim edilməmişdir. Beləlilkə məhkəmə mövcud qanunvericiliyin yuxarıda sadalanan normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar