Məhkəmə qərarları › İş №2-1(112)-8281/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8281/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8281/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Bəşir-zadə Kəmalə Nazim qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçının nümayəndəsi Bəşir-zadə Kəmalə Nazim qızı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, İddiaçı doğum haqqında akt qeydində ana qrafasında milliyyətinin azərbaycanlıdan yəhudiyə düzəliş edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/B-134-62/23 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş,”Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun olaraq yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Belə ki, iddiaçının adına tərtib edilmiş akt qeydində qeydiyyat şöbəsinin heç bir orfoqrafik və ya digər səhvi olmadığı üçün milliyyətinin azərbaycanlıdan yəhudiyə düzəliş edilməsi barədə ərizə təmin edilə bilməz.

3. Bundan sonra İddiaçı (bundan sonra – İddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixli 2126 saylı doğum haqqında akt qeydində ana qrafasındakı məlumatların Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4125/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş məlumatlara uyğun düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.2004-cü il tarixli, 2126 saylı doğum haqqında akt qeydinə düzəliş edilməsi, anasının milliyyəti qrafasında “azərbaycanlı, yəhudi” yazılması və həmin akt qeydi əsasında anasının milliyyəti yəhudi kimi göstərilməklə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4125/2022 saylı qətnaməsi ilə, anası - X1 bioloji atasının Bəşir-zadə Nazim Ağakişi oğlu olması faktı müəyyən edilmiş və anasının doğum haqqında akt qeydində müvafiq dəyişikliklərin edilməsi, anasının doğum haqqında akt qeydində dəyşiklik edilərək ata qrafasında Bəşir-zadə Nazim Ağakişi oğlu və onun milliyyəti qrafasında “yəhudi” göstərilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almaqla icra olunmuşdur. Lakin ona verilmiş doğum haqqında şəhadətnamədə anası haqqında məlumatlar tam dəyişdirilməmişdir. Bununla əlaqədar, Cavabdehnə müraciət olunmuş və cavabdeh təşkilat heç bir qanuni əsas olmadan məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş faktları tanımamış və onu icra etməkdən imtina etmişdir. Lakin Cavabdeh təqdim olunmuş Yasamal rayon məhkəməsinin qətnaməsini və anasına verilmiş yeni doğum haqqında şəhadətnaməni görməzdən gəlmişdir. Hazırda sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, anasının doğum haqqında şəhadətnaməsində və bütün digər zəruri sənədlərdə milliyəti yəhudi olduğu halda, ona verilmiş doğum haqqında şəhadətnamədə anasının milliyəti azərbaycanlı kimi göstərilir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında iddiaya etiraz etdiyini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

11. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

14. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2004-cü il tarixli 2126 nömrəli doğum haqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuşdur, anası xx.xx.1982-ci il təvəllüdlü X4, milliyyəti – azərbaycanlı, atası xx.xx.1980-cı il təvəllüdlü X2, milliyyəti – azərbaycanlıdır. Akt qeydinə əsasən ona AZ-İ seriyalı, 551132 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.

15. AZ-İV seriyalı, 783424 nömrəli, 27 yanvar 2023-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuşdur, anası X4, milliyyəti – azərbaycanlı, atası X2, milliyyəti – azərbaycanlıdır.

16. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(004)- 4125/2022 nömrəli məktubundan görünür ki, iddiaçı X1 cavabdeh Bəşir-zadə Nazim Ağakişi oğluna və maraqlı şəxs Soltanova Eİmira Qasım qızına qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4125/2022 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh Bəşir-zadə Nazim Ağakişi oğlunun xx.xx.1982-ci il təvəllüdlü X1 bioloji atası olması faktı müəyyən edilmiş və uşağın doğum haqqında akt qeydində dəyişiklik edilərək adı “Bəşir-zadə Kəmalə Nazim qızı", “ata” qrafasında “Bəşir-zadə Nazim Ağakişi oğlu", “atanın milliyyəti" qrafasında “yəhudi" kimi göstərilməsi və digər məlumatlar olduğu kimi saxlanılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. Qeyd olunan qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir.

17. İşdə olan xx.xx.1982-ci il tarixli, 3314 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X3 xx.xx.1982-ci il tarixdə doğulmuşdur, anası xx.xx.1958-ci il təvəllüdlü X5, milliyyəti – azərbaycanlı, atası xx.xx.1956-cı il təvəllüdlü X6, milliyyəti – azərbaycanlı kimi qeyd edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4125/2022 saylı qətnaməsinə əsasən akt qeydinə düzəliş edilmiş, adı “Bəşir-zadə Kəmalə Nazim qızı", “ata” qrafasında “xx.xx.1959-cu il təvəllüdlü Bəşir-zadə Nazim Ağakişi oğlu", “atanın milliyyəti" qrafasında “yəhudi" göstərilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 783381 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.

18. İşdə olan həmin AZ-İV seriyalı, 783381 nömrəli, 27 dekabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Bəşir-zadə Kəmalə Nazim qızı xx.xx.1982ci il tarixdə doğulmuşdur, anası X5, milliyyəti – azərbaycanlı, atası Bəşir-zadə Nazim Ağakişi oğlu, milliyyəti – yəhudidir.

19. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, iddiaçı barəsində 2004-cü ildə tərtib edilmiş akt qeydində anasının milliyyəti azərbaycanlı kimi göstərilsə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4125/2022 saylı qətnaməsinə əsasən iddiaçının anasına verilmiş xx.xx.2022-ci il tarixli şəhadətnamədə K.Bəşir-zadənin atasının milliyyəti yəhudi, anasının milliyyəti azərbaycanlı göstərilmiş, bununla da iddiaçının anasıın valideynlərinin milliyyəti müxətlif olmuşdur.

20. İddiaçı hazırda bu hala istinad edərək, onun barəsində tərtib edilmiş akt qeydinə müvafiq düzəliş edilməklə yeni doğum haqqınd şəhadətnamə verilməsini xahiş edir.

21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir.

23. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

24. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.8-ci bəndinə əsasən doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır;

26. İstinad edilən normadan görünür ki, uşağın doğumu haqqında akt qeydində valideynlərin milliyyəti:

1. onların şəxsiyyətini təsdiq edən sənəd, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır;

2. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir.

27. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, xx.xx.2004-cü ildə iddiaçı barəsində doğum haqqında akt qeydi tərtib edilərkən anası K.Bəşir-zadənin anası və atasının milliyyəti azərbaycanlı olduğundan iddiaçının anasının milliyəti də azərbaycanlı kimi qeyd olunmuşdur. Lakin sonradan məhkəmə qərarı ilə K.Bəşir-zadənin akt qeydinə edilmiş dəyişiklik nəticəsində onun atasının milliyəti yəhudi, anasının milliyəti isə azərbaycanlı kimi göstərilmişdir. Bununla da, iddiaçının anasının valideynlərinin milliyyəti müxtəlif olmuşdur.

28. Belə olan halda aydındır ki, yuxarıda istinad edilən Qaydaya əsasən iddiaçı özünə aid olan akt qeydində valideynlərinin milliyyəti müxtəlif olan anasının milliyəti kimi onun hər iki valideyninin milliyyətinin qeyd edilməsini tələb etməkdə haqlıdır.

29. Eyni zamanda yuxarıda istinad olunan Qaydalardan müəyyən olunur ki, doğum haqqında akt qeydində ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.

30. İddiaçının anasının valideynlərinin milliyətinin müxtəlif olması işin mübahisəsiz halıdır. Deməli, iddiaçının doğumu haqqında şəhadətnamədə anasının milliyəti kimi həmin milliyyətlərdən biri yazılmalıdır. İddiaçı hazırda ona veriləcək doğum haqqında yeni şəhadətnamədə anasının milliyətinin yəhudi kimi qeyd olunmasını xahiş edir, hansı ki, mövcud qanunvericiliyə əsasən şəxsin belə bir seçim imkanı mövcuddur.

31. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı, cavabdehin imtinası isə əsasız olmuşdur. Buna görə də iddia tələbi təmin olunmalıdır.

32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2004-cü il tarixli, 2126 saylı doğum haqqında akt qeydində “ana haqqında məlumat” bölməsinin 15-ci qrafasında anasının milliyyətinin “azərbaycanlı, yəhudi” kimi düzəliş edilməsi və həmin akt qeydində edilmiş dəyişikliyə əsasən anasının milliyyəti “yəhudi” kimi göstərilməklə İddiaçı yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar