Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8282/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X2-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 800013669YPS nömrəli forma 88 əsasında əlillik dərəcəsinin təyin edilmiş ikinci dərəcəli əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə X2-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, bilək və əl səviyyəsində sinirlərin travması, sağ mil sümüyünün tipik yerdən sınığından (xx.xx.2019-cu il) sonrakı sağ orta dirsək və mil sinirlərinin postravmatik neyropatiyası oynaqların kontrakturası, sol aşıq-baldır oynağının kontrakturası diaqnozu ilə iddiaçıya əlillik pensiyası təyin edilmişdir. 2022-ci il tarixdə iddiaçı təkrarən cavabdehə əlilliyin təyin edilməsi barədə müraciət etdikdə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən diaqnozun əlillik əlamətinin olmaması barədə qərar qəbul edilmişdir. iddiaçı hesab edir ki, cavabdeh onun əlilliyinin etibarsız hesab edilməsinə ifadə olunan hərəkətləri qanunsuz olmuş və bu hərəkətlər nəticəsində onun hüquqları pozulmuşdur. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi nəzərə alınmışdır.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir
7. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı Bakı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AACZF nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən xx.xx.2022ci il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. Tibbi-Sosial Ekspert Komissiyasında ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Forma 88 – 100047925XJX. Qiymətləndirmə tarixi xx.xx.2022-ci il.”
İİ. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
11. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
13. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
14. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
15. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
İV. Məhkəmənin mövqeyi
17. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) X2-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AACZF nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 100047925XJX nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilməklə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
21. Növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş forma 88 arayışına əsasən (100047925XJX) əsas diaqnoz: T93. Aşağı ətraf travmalarının nəticələri, Sol baldır sümüklərinin hər ikisinin qeyr-düzgün bitişmiş sınıqları, sümüklərin sinostozu (xx.xx.2015); Ağırlaşmaları:G83.1 Aşağı ətrafların monoplegiyası, Sol aşağı ətrafın periferik parezi; S84 Baldır səviyyəsinin travması, Sol incik və qamış sümüklərin neyropatiyası; Status localis qrafasına əsasən: Xəstə 2016-cı ildə. Təyin edilmiş xəstəliklər kodu Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) uyğun olaraq aşağdakı kimi təyin edilir: T93, G83.1, M24.5, M19.1, S84; Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: G81-83 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya);S84 Baldır səviyyəsində sinirlərin travması.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda Sinir sistemi xəstəlikləri bəndində (6-cı bənd) G80.1 hemiplegik spastik serebral iflic nəticələri: nitq çatışmazlıqları ilə yüngül sağtərəfli parezlə birtərəfli zədələnmə (kombinə olunmuş nitq çatışmazlıqları: psevdobulbar dizartriya, patoloji dislaliya, nitqin ritm və tempinin pozulması); disleksiya, disqrafiya və diskalkuliya pozuntusu; sağtərəfli meyilliliklə assimmetrik yeriş, mürəkkəb hərəkətlərin çətinləşməsi (barmaqlar, dabanlar üstündə yeriş, çömbəlmiş vəziyyətdə); dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura; diz və bud-çanaq oynağında qarışıq, aşıq-baldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular diaqnozu (6.4.1.1), S84 Baldır səviyyəsində sinirlərin travması; əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
23. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərar etibarsız hesab edilməli və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarı etibarsız hesab edilsin və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva