Məhkəmə qərarları › İş №2-1(112)-8283/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8283/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8283/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs: X2) “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olduğu üçün Cavabdehnə müraciət edərək ona və həyat yoldaşı X2 ilə birlikdə Qarabağ müharibəsi iştrakçılarının mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 5- 18/12-M-59-068/2024 saylı məktubu ilə onun ərizəsinin icrasından qanunsuz və əsassız olaraq imtina etmişdir. Belə ki, iddiaçı 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır və müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır. Uzun müddət polis orqanlarında xidmət etmiş, nümunəvi xidmətə görə fərqlənmişdir. Lakin özünə məxsus mənzili olmadığı üçün ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv Zavodunun ailəvi yataqxanasında yaşayır. Hal-hazırda yaşadığı yataqxana ailəsinin yaşaması üçün yararsız və əlverişsizdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə X2 hazırki iş üzrə adicəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv ZAV A/YAT ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası vətəndaşının AZE 09972573 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1976-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv ZAV A/YAT ünvanında qeydiyyatdadır.

9. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv ZAV A/YAT ünvanında yaşayan İddiaçı və İddiaçı Maştağa Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır.

11. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddasinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparıb qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qeyd olunan məsələyə baxılması təmin olunacaqdır.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı və X1 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotun aparılması qaydalarının müəyyən edilməməsi əsas gətirilməklə imtina edilmişdir.

20. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

21. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

22. Göründüyü kimi, mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də, göründüyü kimi iddiaçı və onun arvadı mənzil növbəsinə ehtiyacı olan şəxsdir.

23. Məhkəmə cavabdehin imtina məktubunun əsası ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli Fərmanına əsasən 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq hüquqi aktın forması hal-hazırda təsdiqlənməmişdir. Buna görə də, yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı hüquqi aktların formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindn təsdiqlənməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə olan hal iddiaçının ailə üzvü ilə birlikdə qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınma hüququ yarandığından, cavabdehin mənzil siyahısna alınmasından imtinası qanunsuz və əsasız olmuşdur.

24. Məhkəmə eləcə də qeyd edir ki, işdə olan cavabdehin imtina məktubu həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir.

25. Məhkəmə eləcə də, qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən müəyyən olunur ki, nə iddiaçının, nədəki onun həyat yoldaşının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Göstərilən bu hal onların yaşayış sahəsinə ehtiyacı olan şəxslər olduğunun göstəricisidir.

26. Beləliklə, cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə də zidd olmuşdur.

27. Belə ki, həmin Qanunun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir

28. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. Cavabdeh iddiaçının və onun həyat yoldaşının sosial vəziyyətini nəzərə alaraq onların statusuna uyğun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürməmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı və həyat yoldaşı X1 yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində uçota alınması barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar