Məhkəmə qərarları › İş №2-1(112)-8286/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8286/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8286/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalının təqdim edilməsi iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, ona “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalının təqdim edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 1996-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 16 avqust 2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Onun 2021-ci ilin iyul ayında Silahlı Qüvvələrdə 25 il xidməti tamam olmuş, lakin xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Silahlı Qüvvələr veteranı” medalının, habelə vəsiqəsi və adının verilməsi üçün heç bir tədbir görülməmişdir. Xidmət müddətində “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə görə Azərbaycan Respublikası Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sırasında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələr veteranları sayılırlar. “Silahlı Qüvvələr Veteranı” adı ehtiyata və ya istehfaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. İddiaçı 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə yazılı müraciət ünvanlamışdır. Müraciət 28 fevral 2022-ci il tarixdə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərilmiş və Müdafiə Nazirliyinə dəvət olunaraq iddiaçıya “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi təqdim edilmişdir. Müvafiq medal isə, təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli 329-İİQ nömrəli Qanunu ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sırasında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. İddiaçı hesab edir ki, hərbi xidmətdən ehtiyata buraxılarkən xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyi tərəfindən “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə təltif edilməsi üçün tədbir görməli və müvafiq qaydada medalı ona təqdim etməli idi. Beləliklə, “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” veteranı ilə qeyri-müəyyən səbəblərdən vaxtında təltif edilməməsinə görə medalın ona təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, İPM-in 45 – 47-ci maddələrini rəhbər tutaraq, iddiaçıya “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalının təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

3. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnaməyə müvafiq olaraq, həmin medal ilə Silahlı Qüvvələrdə 25 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular xidmət etdikləri hərbi hissə tərəfindən təqdim olunmuş təqdimatlar əsasında təltif edilirlər. Sizin “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmağınız barədə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinə xidmət etdiyiniz hərbi hissədən təqdimat daxil olmamışdır. Hazırda ehtiyatda olduğunuz üçün Sizin “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmağınız həmin medalın Əsasnaməsinin tələblərinə ziddir.

4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Rəisinin Əmri-ndən çıxarışa əsasən: Polkovnik-leytenant İddiaçı, Hərbi diplomatiya kursunun Xüsusi əməliyyat kəşfiyyatı silsiləsinin rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 iyun 2021-ci il tarixli 0683 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işləri və vəzifəsini təhvil vermiş hesab edilsin, 2021-ci ilin növbəti məzuniyyəti (70 təqvim günü) verilməklə, 16 avqust 2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinə göndərilsin. Polkovnikleytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarına əsasən 2021-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Polkovnik-leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 0683 nömrəli əmrindən çıxarış.

5. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya etirazda bildirilir ki, İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. Belə ki, İddiaçı 1996-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 1 iyun 2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Ordusunun şəxsi heyətinin medallarla təltif olunması Azərbaycan Respublikası Müdafiə nazirinin 223 nömrəli 17 may 2004-cü il tarixli əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən medallar haqqında əsasnamələrə uyğun olaraq, Müdafiə nazirliyinə təqdim olunmuş təqdimatlar və vəsatətlər əsasında həyata keçirilir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı 21 iyun 2021-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından və xidmət etdiyi müddət ərzində “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması üçün təqdim olunmadığından, ona sözügedən medalla təltif olunması həmin medalın Əsasnaməsinin tələblərinə ziddir. Müdafiə Nazirliyi istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9071/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 1055/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9071/2022 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

8. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli Medalın Vəsiqəsinin surətindən görünür ki, Polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2008-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

9. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli Medalın Vəsiqəsinin surətindən görünür ki, Polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir.

10. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli Medalın Vəsiqəsinin surətindən görünür ki, Polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir.

11. EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 1996-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 1 iyun 2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır.

12. İddiaçıya Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 004155 nömrəli “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi təqdim edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

15. İddiaçıya “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi verilmişdir. Hazırda “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalının təqdim edilməsini tələb edir.

16. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

2. Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir.

19. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin: 1.“Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.

20. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: - 37.1.4. Müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

21. Məhkəmə araşdırması nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.1996-cı il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 25 ildən artıq qüsursuz xidmət etmiş, xidmət müddətində “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilmişdir. Ehtiyyata buraxıldıqdan sonrakı tarixdə, yəni xx.xx.2021-ci ildə ona “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi təqdim edilmişdir.

22. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 223 nömrəli 17 may 2004-cü il tarixli əmri ilə təsdiq edilmiş Təlimatın:

7. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fəqrlənmə dərəcəsi və fəxri adların verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur.

8. Təltif sənədlərinin tərtibatı, Azərbaycan Respublikasının orden və medallarının vaxtında verilməsinin təşkili, tətif olunma haqqında sənədlərin hazırlanması və təqdim edilməsi, orden və medalların verilməsi barədə hesabat sənədlərin hazırlanması Silahlı Qüvvələrin kadlar orqanına həvalə edilir.

12. Silahlı Qüvvələrin fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim edilməsi, bir qaydada olaraq, Müdafiə Narirliyinin hərbi hissələrinin, birlik, birləşmə komandirləri, idarə və hərbi təhsil müəssisələrinin, təşkilat və müəssisələrinin rəisləri tərəfindən təltifə təqdim olunanlarının iş yerləri üzrə həmkarlar təşkilatları ilə razılaşdırılaraq həyata keçirilir.

23. Beləliklə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələr veteranı” medalı ilə təltif edilməsi Müdafiə nazirinin səlahiyyətinə aid edilmişdir. Həmin medalın təltif olunmağa təqdim edilməsi, Müdafiə Narirliyinin hərbi hissələrinin, birlik, birləşmə komandirləri, idarə və hərbi təhsil müəssisələrinin, təşkilat və müəssisələrinin rəisləri tərəfindən təltifə təqdim olunanlarının iş yerləri üzrə həmkarlar təşkilatları ilə razılaşdırılaraq həyata keçirilir. Medalın vaxtında verilməsinin təşkili, təltif olunma haqqında sənədlərin hazırlanması və təqdim edilməsi, medalın verilməsi barədə hesabat sənədlərin hazırlanması Silahlı Qüvvələrin kadrlar orqanına həvalə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili qurumların öz vəzifələrinin düzgün və vaxtında icra edilməməsi nəticəsində iddiaçıya qanunla nəzərdə tutulmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələr veteranı” medalı təqdim edilməmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 25 ildən artıq xidmət etmiş, qüsursuz xidmətinin təsdiqi kimi “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallar olmuşdur.

24. Göründüyü kimi, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçı hərbi xidmətdən ehtiyata buraxılarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələr veteranı” medalı ilə təltif edilməsi üçün konkret tədbirlər görülməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

26. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

27. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələr veteranı” medalının təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar