Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8287/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X3, X6 və X8) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə (İddiaçı adına) çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X7, X3, X6 və X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsi ulu babası Abdin Aslana məxsus olmuşdur. Bu fakt Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X10 25 aprel 2008-ci il tarixli 9/211 saylı və 31 may 2018-ci il tarixli 12-251 saylı məktubları ilə öz təsdiqini tapmışdır. Ulu babasından miras qalmış əmlak daha sonra babası Namdar Abidin oğluna, ondan sonra isə atası Abdin Namdar oğlu sahiblik və istifadəsində olmuş və müvafiq qaydada vərəsə kimi həmin əmlakı qəbul etmişdir. Hazırda da həmin əmlakı, o, vərəsə kimi qəbul etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinin bir hissəsi yol üçün (dövlət ehtiyyacları üçün) alınmış və ona görə ona dövlət tərəfindən müvafiq kompensasiya da ödənilmişdir. O, əmlakı vərəsəlik qaydasında qəbul etdiyindən Sabunçu rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsini hüquqi fakt kimi təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2348/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsi İddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinin ulu babasına məxsusuluğu və sonradan vərəsəlik qaydasında qəbul edilməsi öz təsdiqini tapmışdır. Həmin qətnamə də öz qüvvəsini almışdır. Odur ki, bu faktın təsdiq və yenidən sübut edilməsinə ehtiyac yoxdur. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməsi məhkəmə qaydasında tanındığından (qəbul edildiyindən) onun həmin sahəyə hüququ tanınmalı ona müvafiq çıxarış verilməlidir. Hazırda İddiaçı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinə vərəsəlik hüququ məhkəmə qətnaməsi əsasında baş verdiyindən (tanındığından) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına ehtiyyac yoxdur və onun vərəsəlik hüququ ilə tanınmış əmlakına müvafiq çıxarış verilməlidir (çıxarış verilərkən o da nəzərə alınmalıdır ki, həmin ərazidə (dairəvi) yol çəkilişi ilə əlaqədar ona məxsus torpaq sahəsinin bir hissəsi dövlət ehtiyacları üçün alınmışdır (kompensasiyası tam ödənilməmişdir) odur ki, o, çıxarış verilərkən mövcud sahəyə uyğun çıxarış verilməlidir). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2348/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı nəzərə alınmaqla) Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsi ərizəçi İddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktı müəyyən edildiyindən həmin torpaq sahəsinə (mövcud vəziyyət nəzərə alınmaqla) Reyestrdən müvafiq çıxarış verilməlidir.
4. İddiaçının müraciətinə cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.”
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda həmin torpaq sahəsi ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin müqavilələri əsasında digər fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Həmçinin Sabunçu rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(008)-10426/2017 nömrəli qərarı ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddianız təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(103)-5730/2018 nömrəli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(008)- 10426/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 5888.0 kv.m olduğu məlum olmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin çox hissəsi daşınmaz əmlakın dövlət reyestrindən X4 adına **********77 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1951” saylı bağ sahəsi, X1 adına **********60 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1952” saylı bağ sahəsi, X2 adına **********00 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “3194” saylı bağ sahəsi və X5 adına **********18 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1814B” saylı bağ sahəsi ilə üst-üstə düşməklə yerdə qalan hissəsi ümumi istifadədə olan yola, bir hissəsi isə avtomobil yolu ilə hasarlar arasında qalan yolkənarı hissəyə düşür.
6. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)- 2348/2022 nömrəli qətnaməsində qeyd edilmişdir ki, ərizəçi İddiaçı Bakı şəhəri 4 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamənin qət etdi hissəsində qeyd edilmişdir ki, ərizənin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ərizəçi İddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilməsi, ərizənin qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. İşə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)- 2348/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, ərizəçi İddiaçı Bakı şəhəri 4 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinin tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qərardadın qərara aldı hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılsın. «Tələbin dəqiqləşdirilməsi barədə ərizə» sözləri xx.xx.2022-ci il tarixli qətnamənin birinci səhifəsinin müəyyən etdi hissəsinin ikinci abzasına əlavə edilsin və aşağıdakı kimi oxunsun: «Sonradan ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinin tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir». xx.xx.2022-ci il tarixli qətnamənin birinci səhifəsinin müəyyən etdi hissəsinin birinci abzasında, üçüncü səhifənin onuncu, dördüncü səhifənin səkkizinci abzasında və qət etdi hissəsinin ikinci abzasında «ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin» sözləri «Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinin» sözləri kimi oxunsun.
8. X10 xx.xx.2008-ci il tarixli 9/211 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası X10 sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaq sahələri olan şəxslərin 15 may 1916-cı ilə dair siyahılarından məlum olur ki, Abdin Aslan oğlunun Kürdəxanı kəndində 1800 kv. sajına bərabər olan torpaq sahəsi olmuşdur.
9. X10 xx.xx.2018-ci il tarixli R-251 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası X10 sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaq sahələri olan şəxslərin 15 may 1916-çı ilə dair siyahılarından məlum olur ki, Abdin Aslan oğlunun Kürdəxanı kəndində 1800 kv. sajına bərabər olan torpaq sahəsi olmuşdur. 1 kv. sajın = 4,550 kv.m.
10. X10 xx.xx.2024-cü il tarixli 3-48-TA/2-54/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda adı çəkilən Abdin Aslan oğlunun adına olan torpaq sahəsinin hansı ərazidə yerləşdiyini qeyd etmədiyiniz üçün sorğunuzun icrası tərəfimizdən mümkün olmamışdır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. İddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə İddiaçı adına çıxarışın verilməsi öhdəliyini cavabdehə həvalə edilməsindən ibarətdir.
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə mülkiyyət hüququnun Abdin Aslan oğluna məxsus olması barədə arayışın iddiaçıya verilməsi kimi baxır.
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
21. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
22. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
25. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
27. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; 3.2. müvafiq dövlət arxivinə təhvil verilməmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərinə təhvil verilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi: 4.1. bu Fərman qüvvəyə mindiyi günədək, habelə bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq dövlət arxivlərinə təhvil verilmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) elektron məlumat bazasının yaradılmasını və həmin bazaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin çıxışına imkan yaradılmasını altı ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Fərmanın 4.1-ci bəndi icra olunanadək qaytanlanmış torpaq kitablarından çıxarışların sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə kağız daşıyıcıda təqdim olunmasını təmin etsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
32. Məhkəmə tərəfindən müəyyən edildi ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin çox hissəsi daşınmaz əmlakın dövlət reyestrindən X4 adına **********77 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1951” saylı bağ sahəsi, X1 adına **********60 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1952” saylı bağ sahəsi, X2 adına **********00 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “3194” saylı bağ sahəsi və X5 adına **********18 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1814B” saylı bağ sahəsi ilə üst-üstə düşməklə yerdə qalan hissəsi ümumi istifadədə olan yola, bir hissəsi isə avtomobil yolu ilə hasarlar arasında qalan yolkənarı hissəyə düşür. Torpaq sahəsi iddiaçının istifadəsində deyil.
33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
34. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsində olmadığı, digər şəxslər tərəfindən özgənikləşdirilərək istifədə edildiyi və torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün tələbi təmin edilməməlidir.
35. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva