Məhkəmə qərarları › İş №2-1(112)-8288/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8288/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8288/2023 28.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən 8 saylı yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməklə, özbaşına tikili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 533 saylı, 30 dekabr 2016-cı il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması qərara alınmışdır. Mübahisəli fərdi yaşayış evi ilə bağlı 8.07.2016-cı il tarixdə X1 (bundan sonra – üçüncü şəxs) Bakı şəhəri Cavabdeh (bundan sonra – cavabdeh) arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, üçüncü şəxs daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2016-cı il tarixdə 61 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 256 olan Forma № 2 Arayışa əsasən, yaşayış evindən dövlət proqramı çərçivəsində köçürmə ilə əlaqədar aldığı 40030 manat məbləğində kompensasiyaya görə cavabdehin xeyrinə imtina etmişdir. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 61 nömrəli arayışına əsasən İddiaçı (bundan sonra – iddiaçı), X6, oğlu X10, bacısı X3, dayısının arvadı X2, dayısının oğlu X9, dayısının qızı X7 yaşadıqları ev söküntü zonasına düşdüyü üçün sökülmüş, qeydiyyatdan çıxarılmışlar. İddiaçı mübahisəli yaşayış evinin sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və Maliyyə Nazirliyinin rəhbər şəxslərinin nəzarəti ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Mübahisəli fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi olmamışdır, eyni zamanda dövlət ehtiyacları üçün satın alınması ilə bağlı üçüncü şəxs ilə İcra Hakimiyyəti arasında razılıq əldə olunmuş, yaşayış sahəsinin alınmasına dair notarial qaydada alğı-satqı müqaviləsi imzalanmış və müvafiq kompensasiya ödənilməklə köçürülmüşdür. Yaşayış sahələrinin satın alınması ilə bağlı notariat kontorunda alğı-satqı müqaviləsi imzalanarkən qanunvericiliyə uyğun olaraq həmin mənzildə qeydiyyatda olanların müəyyən edilməsi, razılığının alınması və sənədlərin toplanması notariat kontorlarının notariuslarının səlahiyyətlərinə aid olduğundan qeyd edilən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda həmin ünvan üzrə sizə kompensasiya vəsaitinin ayrılması nəzərdə tutulmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına görə ona düşəsi kompensasiyanın, yəni 17800 manat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı dəfələrlə cavabdehə yaşadığı və qeydiyyatda olduğu evin sökülməsinə görə kompensasiyanın verilməsini xahiş etsə də, cavabdeh ödəməkdən imtina edir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etitraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı, eyni zamanda həmin evdə yaşamadığı səbəbindən, beləliklə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən alınmanın təsirinə məruz qalan şəxs hesab edilmədiyi üçün həmin ünvan üzrə iddiaçıya kompensasiya vəsaiti ayrılmamışdır. Üçüncü şəxs həmin evdə daimi qeydiyyatada olmaqla uzun müddət ərzində yaşamışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki əsas sahəsi 13,64 kv.m və köməkçi sahəsi 12,38 kv.metr müəyyən edilmişdir. MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2017-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün verilən 1000 manatla birlikdə ümumi 40030 manat məbləğində qiymətləndirilmişdir. 40030 manat məbləğində kompensasiya üçüncü şəxsə ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin onun mülkiyyətində olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim etmədiyindən, onun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər - C.Yusifov, H.Həmidov, E.Nağıyev) 2-1(103)-1475/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Nəbizadə, Z.Quliyev və S.Kərimov) 2-1(102)-1712/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırma predmetini iddiaçının yuxarıda qeyd olunan mənzilə dair əmlak hüququnun olub-olmamağının müəyyənləşdirilməsi təşkil etməli idi. İddiaçının təkcə həmin mənzildə qeydiyyatda olması iddiaçının mənzilə əmlak hüququ olmasını ehtiva etmir. Mənzildə qeydiyyatda olan hər hansı şəxsin münasibətindən asılı olmayaraq, iddiaçının sözügedən mənzilə əmlak hüququnun mövcudluğu cavabdehə qarşı kompensasiya ödənilməsi ilə bağlı müraciət etməsi üçün yetərli sayıla bilər. Apellyasiya məhkəməsinin istinad etdiyi üçüncü şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin ərizədə götürülmüş öhdəlik yalnız cavabdehlə üçüncü şəxsə aid ola bilər. Faktiki olaraq qeyd olunan kompensasiya məbləğinin ödənilməsi ilə bağlı müqavilə də cavabdehlə üçüncü şəxs arasında bağlanmışdır. Üçüncü şəxs ilə icra hakimiyyəti arasında bağlanmış müqavilədə və üçüncü şəxsin icra hakimiyyəti qarşısında götürdüyü öhdəlikdə iddiaçı tərəf kimi iştirak etmədiyindən və üzərinə hər hansı öhdəlik götürmədiyindən, həmin halların mövcudluğu iddiaçının mübahisə olunan mənzilə görə kompensasiya ödənilməsi barədə iddia tələbinə təsir edə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Səmədov, X.Cəmilova, A.Oruczadə) 2-1(103)-1192/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə X2 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 31 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə dair subyektiv hüququnun, o cümlədən də əmlak hüququnun olması ilə bağlı ətraflı araşdırma apararaq (digər mümkünlük şərtləri ilə birlikdə) nəticəyə gəlməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının subyektiv hüququn olub-olmaması, mülkiyyət hüququnun araşdırılması ilə bağlı hazırkı iş üzrə yuxarı instansiya məhkəmələrinin göstərişləri ilə bağlı qeyd edir ki, işin mübahisələndirilməyən hallarına görə, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Ona görə də, nə iddiaçının, nə də ki həmin evdə yaşayan digər şəxslərin həmin evə mülkiyyət hüququ olmamış, həmin evə dair mülkiyyətçi kimi sərəncam vermək hüquqlarına malik olmamışlar. Ev özbaşına tikinti olduğundan dövlət ehtiyacları üçün alınma proseduru aparılarkən alınmanın təsirinə məruz qalan şəxs kimi, MKİS tərəfindən təqdim edilmiş arayışa əsasən həmin evdə qeydiyyatda olan və faktiki yaşayan şəxslə müqavilə bağlanmışdır. İddiaçının hazırkı tələbi irəli sürməkdə subyektiv hüququ da həmin arayışda onun adının da olmasından irəli gəlir və məhkəmə hesab edir ki, bu əsasa söykənərək hazırkı tələbi irəli sürməkdə iddiaçı subyektiv hüquqa malikdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli fərdi yaşayış evi dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması ilə bağlı dövlət proqramı çərçivəsində sökülməsi qərara alınmış, fərdi yaşayış evi özbaşına tikili olduğundan alınmaya məruz qalmış şəxs kimi həmin evdə MKİS tərəfindən verilmiş arayışa əsasən həmin evdə qeydiyyatda olan və faktiki yaşayan üçüncü şəxslə müqavilə bağlanaraq sonuncuya kompensasiya ödənilmişdir. İddiaçı qeyd edilən arayışda onun da adının olmasına və həmin fərdi yaşayış evində yaşamasına istinad edərək cavabdeh tərəfindən onun payına düşən hissəyə uyğun olaraq 17800 manat kompensasiya ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən alınmanın təsirinə məruz qalan şəxs hesab edilmədiyi üçün həmin ünvan üzrə iddiaçıya kompensasiya vəsaiti ayrılmamışdır. Həmçinin üçüncü şəxsə evin dəyəri qiymətləndirici tərəfindən qiymətləndirilərək ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanun: Maddə 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Maddə 7.5. Bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər. Maddə 7.6. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Məhkəmə qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununda istifadə olunan torpaq sözü təkcə torpaq sahəsinə deyil, eyni zamanda tikililərə, yəni binlara, qurğulara, yaşayış və qeyri-yaşayış sahələrinə və bu kimi obyektlərə şamil edilir. Qanunun tələblərinə əsasən torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilənədək mülkiyyətlərində olmuş daşınmaz əmlaklara görə mülkiyyətçilər kompensasiya almaq hüququna malikdilər. Alınmaya məruz qalan şəxslər isə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən...şəxslərdir. Məhkəmə hazırkı iş üzrə apellyasiya və kassasiya instansiya məhkəmələrinin göstərişlərini nəzərə alaraq mülkiyyət və əmlak hüququ anlayışlarına aydınlıq gətirilməsi və iddiaçının həmin evdə qeydiyyatda olmasının əmlak hüququ yaradıb-yaratmaması ilə bağlı məsələyə hüquqi qiymət verməyi zəruri hesab edir. İlk növbədə yuxarıda qeyd edildiyi kimi, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbinə əsasən həmin evə dair mülkiyyət hüququndan söhbət gedə bilməz. Həmin normaya görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə əmlak hüququ məsələsinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllədə “əmlak” sözü geniş mənada işlənməklə, həm əmlak hüququ, həm “əşya” mənasında, həmçinin hüquq və vəzifələrin məcmusu qaydasında işlədilib. Misal üçün Məcəllənin “Əmlak və Əşya Hüququ” adlanan üçüncü bölməsində təsbit edilmiş, 135.2-ci maddəsinə görə, “əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur" kimi göstərilməklə, “əmlak” sözü faktiki olaraq “əmlak hüququ” kimi işlədilmişdir. Məcəllənin 135.9-cü maddəsində “Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir” kimi göstərilməklə bu dəfə “əmlak” sözü “əşya” ilə eyni mənada işlədilmişdir. Məcəllənin 1151.1-ci maddəsində isə, “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir” deyilməklə əmlak hüquqlarının və vəzifələrinin (öhdəliklərinin) məcmusu mənasında işlədilmişdir. Hüquq elmində “əmlak” anlayışı, bir şəxsə mənsub pulla qiymətləndirilə bilən bütün hüquq və öhdəliklərin məcmusunu ifadə edir. Əmlak hüquqları şəxsin iqtisadi (maddi) mənafe baxımından əhəmiyyət kəsb edən bütün hüquqlarını, yəni şəxsin əmlakının aktiv hissəsini ifadə edən bir anlayışdır. Beləliklə, əmlak hüququ əmlakın tərkib hissəsini təşkil edir və bir şəxsin iqtisadi/maddi mənafelərini qoruyan hüquqları ifadə edir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, şəxsin hansısa ünvanda qeydiyyatda olması təkcə həmin şəxsə əmlak hüququ vermir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə Mülki Məcəllənin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə istinad edərək qeyd edir ki, hazırkı tələbin həlli baxımından iddiaçının mübahisəli evə dair hər hansı əmlak hüquqlarının olubolmaması, onun Qanunun 7-ci maddəsində göstərilən şəxslər siyahısında olması və həmin evdə yaşayaraq istifadə etməsi, alınmaya məruz qalan torpaq sahəsinin alınmnası nəticəsində yaşayış sahəsindən məhrum olması, itkilərə məruz qalması, başqa sözlə pulla qiymətləndirilə bilən, iqtisadi maraq kəsb edən itkilərə məruz qalması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bu barədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Təqdim edilən sənədlərdən isə iddiaçının həmin evdə yaşaması, təsərrüfat aparması müəyyən edilmir. İddiaçının həmin ünvanda qeydiyyatda olması, onun qeyd edilən itkilərə məruz qalması qənaətinə gəlmək üçün kifayət deyildir. Bu hal alınma proseduru həyata keçirilərkən, notariat orqanında alqı-satqı müqaviləsi bağlanarkən və kompensasiya məbləği ödənilərkən iddiaçınn həmin dövrdə üçüncü şəxs və ya cavabdehə hər hansı bir pretenziyasının olmaması ilə də təsdiq edilir. İddiaçının ona kompensasiya ödənilməsi ilə bağlı müxtəlif orqanlara və cavabdehə müraciəti alqı-satqı müqaviləsi bağlandıqdan, ev söküldükdən və kompensasiya ödənildikdən sonrakı dövrlərə təsadüf edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının Qanunun qeyd edilən 7-ci maddəsində təsbit edilmiş alınmanın təsirinə məruz qalan şəxs kateqoriyasına daxil olan istifadə hüququ və ya digər əmlak hüquqlarının olub-olmamasının müəyyən edilməsi mülki mühakimə icraatında araşdırıla bilən məsələdir. Bundan başqa üçüncü şəxslə cavabdeh arasında bağlanmış müqaviləyə əlavə olunmuş üçüncü şəxs tərəfindən Notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilmişdir ki, o, istifadəsində olan yaşayış evinə görə digər payçılar tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürür. İşin hallarına əsasən cavabdeh tərəfindən alınma həyata keçirilərkən mübahisəli əmlakın qiyməti müstəqil qiymətləndirici tərəfindən müəyyən edilərək evin sahəsinə uyğun məbləğdə kompensasiya tam şəkildə üçüncü şəxsə ödənilmişdir. İddiaçının həmin evlə bağlı hər hansı hüququ təsdiq ediləcəyi təqdirdə belə, o mübahisəlim evin dəyərinə görə tam şəkildə üçüncü şəxsə ödənilmiş məbləği cavabdehdən tələb edə bilməz. Çünki belə olan halda, üçüncü şəxs iddiaçının payı hesabına əsassız varlanmış olur ki, iddiaçının mülki mühakimə icraatı qaydasında əsassız varlanma tələbi ilə müvafiq iddia vermək hüququ var. Göründüyü kimi, İcra Hakimiyyəti tərəfindən mübahisəli evin dövlət ehtiyacları üçün alınması həyata keçirilərkən cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kompensasiya ödənilməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar