Məhkəmə qərarları › İş №2-1(112)-829/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-829/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-829/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili və nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “texniki şərtin verilməsi və yaşayış sahəsinə qaz çəkilişi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə yaşayış sahəsinin qaz xətti ilə təmin olunması, sayğacın qoyulması və buna dair texniki şərtin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar-2 bağ Massivi, Zərgərsənaye İBnin b/y bağ evi 24 F ünvanına qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi öhdəliyinin Cavabdeh İB-yə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra mətndə DƏDRX) tərəfindən verilmiş 01.02.2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, Zərgərsənaye İB-nin b/y bağ evi 24F ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində tiklilmiş 161,3 kv. m ölçülü ev onun xüsusi mülkiyyətindədir. Həmin evdə 2014-cü ildən su və işıq xətləri çəkdirərək yaşayır. Bu ilin fevral ayında cavabdeh orqana “Asan Kommunal” xidməti vasitəsilə mənzilinə qaz xəttinin çəkilişi və buna dair texniki şərtin verilməsi ilə bağlı rəsmi müraciət etmişdir. Cavabdeh orqan Cavabdeh İB 02.03.2020-ci il tarixində onun müraciətindən imtina etmişdir. Səbəb kimi, Azərbaycan Dövlət Neft Şirkətinin 08.02.2011-ci il tarixli 22/MQ-455 Mİ saylı tapşırığını əsas götürərək, onun evinin yerləşdiyi ərazinin Neft Şirkətinin balansında olmasını göstərmişdir. Hesab edir ki, belə bir hal olmuş olsaydı, DƏDRX tərəfindən ona həmin yaşayış sahəsinə çıxarış verilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-4080/2020 saylı 07.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddiaya dair münasibətləri (etirazları) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə zidd olduğunun nəzərə alınmaqla, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X10 izahat verərək, iddianı qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X3 izahat verərək, iddianı qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, Zərgərsənaye İB-nin b/y 24F saylı bağ sahəsinə dair 31.01.2020-ci il tarixdə Texniki pasport verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, Zərgərsənaye İB-nin b/y nın 24-25 saylı sahəsinin bir hissəsi torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi 03.09.2019-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 524 nömrəli reyestr kitabının 49531 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, Zərgərsənaye İB-nin b/y 24F saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi 01.02.2020-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 186 nömrəli reyestr kitabının 18361 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli 10/4090 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X9”nın 2.1 bəndinin tələbinə görə - yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcısından texniki şərtlər alınmalıdır ki, istehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalan”nın 1.3-cü bəndinin tələbinə görə - qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Baxış zamanı iddiaçının bağ evinə qədər olan demək olar ki, bütün bağ evlərinin qaz xətti və qaz sayğacı ilə təmin edildiyi aşkar olunmuşdur. Eləcə də qeyd olunur ki, iddiaçıya məxsus ünvana dair hüquqmüəyyənedici və texniki sənədlərinin olması, bağ evində nəfəsliyin, pəncərələrin, daxili hündürlüyün yaşayışa uyğun olması və ümumiyyətlə konstruktiv quruluşunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarf’nın və 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “X2 Qaydaları”nın müvafiq tələblərinə uyğun olması nəzərə alınmaqla həmin bağ evinə qaz xəttinin çəkilməsi, qaz sayğacının quraşdırılması texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi, mübahisəli ərazinin koordinatları və baza məlumatlarının təqdim edilməsi barədə vəsatət təmin edilmədiyi üçün həmin sual üzrə təqdqiqat aparılmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.04.2021-ci il tarixli **********79 №-li məktubda qeyd olunur ki, Tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Göstərilən 0.05 ha torpaq sahəsinin sərhədləri mişar daşları ilə hasarlanıb. Bir tərəfdən yol, üç tərəfdən qoşularla əhatə olunmuşdur. Üzərində birmərtəbəli fərdi yaşayış evi mövcuddur. Qeyd olunan **********93-11301 reyestr nömrəsilə qeydiyyatdan keçmiş bağ evinin və onu əhatə edən 0.05 ha torpaq sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşmir və mühafizə zolağına düşmür. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 02.03.2020-ci il tarixli məktubda iddiaçıya məxsus ünvanda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə çəkiləcək küçə qaz kəmərinin keçəcəyi ərazinin Neft Şirkətinin balansında olduğunun müəyyən edildiyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 08.02.2011-ci il tarixli 22/MQ-455Mİ saylı tapşırığına əsasən həmin ərazilərdə tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasının və küçə qaz kəmərinin çəkilməsi üçün texniki şərtin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası əsassızdır və yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə iddiaçının müraciətinə münasibət bildirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Həmin Qanunun 11-ci maddəsinə əsasən tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X9”nın 2.1-ci bəndində göstərilmişdir ki, yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qaydaların 2.2-ci bəndində göstərilmişdir ki, istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Qaydaların 2.4-1-ci bəndinə əsasən, X4 Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 2.4-1.1. qaz paylayıcının verdiyi texniki şərt. Qaydaların 4.2-ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qaz xətti ilə təmin olunması, sayğacın qoyulması və buna dair texniki şərtin verilməsini tələb etdiyi yaşayış sahəsi və onun altındakı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus olmaqla, həmin torpaq sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir, sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşmir və mühafizə zolağına düşmür. Bundan əlavə həmin ərazidə yerləşən digər şəxslərə məxsus bağ evləri qaz xətti və qaz sayğacı ilə təmin edilmiş. Həmçinin ekspertiza rəyinıə görə iddiaçıya məxsus ünvana dair hüquqmüəyyənedici və texniki sənədlərinin olması, bağ evində nəfəsliyin, pəncərələrin, daxili hündürlüyün yaşayışa uyğun olması və ümumiyyətlə konstruktiv quruluşunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X9”nın və 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “X2 Qaydaları”nın müvafiq tələblərinə uyğun olması nəzərə alınmaqla həmin bağ evinə qaz xəttinin çəkilməsi, qaz sayğacının quraşdırılması texniki cəhətdən mümkündür. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsini tələb edir. Cavabdehin imtinasından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən işin yuxarıda qeyd olunan halları qanunla müəyyən edilmiş qaydada araşdırılmadan, iddiaçıya məxsus ünvanda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması məqsədilə çəkiləcək küçənin qaz kəmərinin keçəcəyi ərazinin Neft Şirkətinin balansında olduğunun müəyyən edildiyi bildirilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 maddəsinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması qoyulmalıdır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək, yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin üzərinə İddiaçı məxsus Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar-2 bağ Massivi, Zərgərsənaye İB-nin b/y bağ evi 24 F ünvanına qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə İddiaçı məxsus Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar-2 bağ Massivi, “Zərgərsənaye” İstehsalat Birliyinin b/y bağ evi 24 F ünvanına qaz xəttinin çəkilməsi, sayğacın quraşdırılması və texniki şərtin verilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar