Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-829/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.1991-24.09.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” İKB-də fəhlə işlədiyi dövr sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29.07.1983-cü ildə (əmr № 277/k, 29.07.1983-cü il) “Orcenikidzeneft” NQÇİ-nin QYTS-nin 4 №-li qrupuna quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə işə qəbul olmuşdur, 01.06.1986-cı ildə (əmr № 180/k, 06.06.1986-cı il) 2 №-li NQÇS-yə (neft mədəni) quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmişdir. H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsinin (keçmiş Əzizbəyovneft NQÇİ) 6 saylı neft və qazçıxarma sexində 23.03.1987-ci il tarixdən 01.07.1988-ci il tarixədək, quyuların yeraltı təmiri sexində 01.07.1988-ci il tarixdən 01.01.1991-ci il tarixədək, neft və qazçıxarma sahəsində 01.01.1991-ci il tarixdən 19.05.1991-ci il tarixədək “quyuların yeraltı təmiri üzrə operator” peşəsində işləmişdir. 09.10.1992-ci ildə (əmr № 238/k, 08.10.1992-ci il) “Suraxanıneft” NQÇİ-nin quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. 15.02.2006-cı il tarixdən (əmr -01/ü-15.02.2006)-22.07.2009-cu il tarixədək (əmr 10/k-21.07.2009) quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. 01.01.2013-cü il tarixdən bu günə kimi “X11 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin quyuların əsaslı və yeraltı təmiri sexində “quyuların yeraltı təmiri üzrə usta” vəzifəsində çalışır. 22.05.1991-24.09.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” İKB-də fəhlə işləmişdir. Bu barədə Azərbaycan Əfqanıstan Veteranları İttifaqı tərəfindən ona 06 yanvar 2021-ci il tarixli arayış verilmişdir. Onun Azərbaycan Əfqanıstan Veteranları İttifaqında 22.05.1991-24.09.1992-ci illərdə fəhlə işləməsi faktı Birlik tərəfindən 05.02.2021-ci il tarixli aktla da təsdiq edilmişdir. Bundan başqa 22.05.1991-24.09.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” İKB-də fəhlə işləməsi faktını həmin dövrdə onunla işləmiş iş yoldaşları da təsdiq edə bilərlər. Lakin qeyd edilənlər DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilməmişdir və bu səbəbdən də ona pensiya təyin edilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. İddiaçının inzibati orqana təqdim etdiyi 03 avqust 1983-cü il tarixli ИТ-İ ******* saylı əmək kitabçasında olan 22.05.1991-24.09.1992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranlar İttifaqının “Araz-1” və “Aypara” İKB-də fəhlə vəzifəsində işlədiyi qeyd edilsə də, adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, müəssisədə iddiaçının əmək fəaliyyətinə dair heç bir sənəd saxlanılmamış, Azərbaycan Əfqanıstan X7 tərəfindən iddiaçıya verilmiş 06 yanvar 2021-ci il tarixli 01 saylı arayışı isə əmək kitabçası əsasında yazılmışdır və bununla əlaqədar həmin Birlik özü 05.02.2021-ci il tarixdə akt tərtib etmişdir. Beləliklə, göründüyü kimi, iddiaçının həmin dövrdə işlədiyi sübuta yetmir. Qeyd edilən dövrdə iddiaçının işləməsi sübuta yetirildiyi halda belə, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və təqdim etdiyi digər sənədlərdən göründüyü kimi iddiaçı, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək aşağıda qeyd edilən müddətlərdə işləmişdir: 26.10.1979-28.10.1981 - 2 il 02 gün (Sovet ordusunda hərbi xidmət); 01.09.1982-15.06.1983-09 ay 14 gün; 29.07.1983-19.05.1991-07 il 09 ay 20 gün; 22.05.1991-01.07.1992-01 il 01 ay 09 gün (mübahisəli müddət); 01.07.1992-24.09.1992 – 02 ay 23 gün (mübahisəli müddət); 09.10.1998-01.01.2006-07 il 02 ay 22 gün. Həmin Qanun qüvvədə olan günədək, yəni 01.01.2006-cı ilədək ümumi iş stajı 19 il 02 ay, yəni qanunda qeyd edilən 25 ildən azdır. İddiaçının güzəştli iş stajı yoxdur və bunu təsdiq edəcək iş yerindən heç bir arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan mətni iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla onun 57 yaşı 01 iyul 2017-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. Cavabdeh qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hesab edir ki, ona 57 yaşdan təyin edilməli idi. 57 yaşdan təyin edilməsi üçün cavabdeh inzibati orqana müracət etmiş və təmin edilmədiyindən hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 25.11.2020-ci il tarixli 321/20 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01.09.1982-ci il tarixində keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X13 Məktəbinə əyani “Quyuların yeraltı təmiri üzrə operator” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın 15.06.1983-cü il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə B № 687538 diplom verilmişdir. Keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X13 Məktəbi 12 №-li Bakı Peşə Liseyi adlandırılıb. Qeyd: Azərbaycan Respublikası Təhsil nazirinin 06.04.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 №-li Bakı Peşə Liseyi, 12 №-li Bakı Peşə Liseyi, 17 №-li Bakı Peşə Liseyi və 10 №-li Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır. НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 26.10.1979-28.10.1981ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; Б 687538 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01.09.1982-15.06.1983-cü illərdə texniki peşə məktəbində təhsil almışdır; Azərbaycan Əfqanıstan X7nin 1 №-li, 6 yanvar 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 22.05.1991-ci ildə, 21 saylı əmrlə Azərbaycan Respublikası Əfqanıstan X1 və tərəvəzçilik kompleksinə fəhlə kimi işə qəbul olunmuşdur. 30.01.1992-ci il tarixdə 3 saylı əmrlə İttifaqın “Araz-1” İstehsalat-kommersiya Birliyinə fəhlə kimi köçürülmüşdür. 07.02.1992-ci il tarixdə 1k saylı əmrlə köçürmə yolu ilə Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının “Araz-1” İstehsalat-kommersiya Birliyinə 06.02.1992-ci il tarixdə fəhlə kimi işə qəbul olunmuşdur. 01.07.1992-ci il tarixdə 16k saylı əmrlə İttifaqın “Araz-1” İstehsalat-kommersiya Birliyindən işdən azad olunmuş, köçürmə yolu ilə 03.07.1992-ci il tarixdə 1k saylı əmrlə İttifaqın “Aypara” İstehsalat-kommersiya Birliyinə fəhlə kimi işə götürülmüşdür. 24.09.1992-ci il tarixdə 7k saylı əmrlə öz xahişi ilə İttifaqın “Aypara” İstehsalat-kommersiya Birliyindən işdən azad olunmuşdur. Arayış ИТ-İ ******* nömrəli əmək kitabçasında əsasında verilmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 fevral 2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya 07 sentyabr 2020-ci il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 1 iyul 2020-ci il tarixdən hesablanmışdır. Mərkəzi Filiala təqdim edilən 3 avqust 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının 22.05.1991-24.09.1992-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” İstehsalat-kommersiya birliyində fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, müəssisədə əmək fəaliyyətinə dair heç bir sənəd saxlanılmamışdır. Həmçinin Azərbaycan Əfqanıstan X7 tərəfindən iddiaçıya dair verilmiş 6 yanvar 2021-ci il tarixli 1 nömrəli arayış əmək kitabçasındakı qeydlərə əsasən yazılmışdır. Qeyd edilən faktlar adıçəkilən Birlik tərəfindən 05.02.2021-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək təhsil dövrləri də daxil edilməklə ümumi iş stajı 25 ildən az (23 il 11 ay 11 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “Socar” Baş ofisinin Mərkəzi Arxivinin 05 avqust 2021-ci il və 06 oktyabr 2021-ci il tarixli məktublarında qeyd edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı verilmiş 23.07.2020-ci il tarixli SOCAR**********80020123X00153 nömrəli iş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. ARDNŞ-nin 27.06.2006-cı il tarixli 111 nömrəli əmrinə əsasən, 02.06.2006-cı ildən “Azneft” İB-nin “Suraxanıneft” NQÇİ və ARDNŞ-nin 12.10.2012-ci il tarixli, 139 nömrəli əmrinə əsasən “Azneft” İB-nin “Qaraçuxur” X8 01.01.2013-cü il tarixindən ləğv edilmiş və sənədləri mühafizə üçün SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə peşələrlə uyğunluq təşkil edib-etməməsi barədə qeyd göstərmələri imkan xaricindədir; “Socar” “Azneft” İB-nin 27 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsində 29.07.1983-cü il tarixdən 19.05.1991-ci il tarixədək və “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsində 09.10.1992-ci il tarixdən 15.02.2006-cı il tarixədək “quyuların yeraltı təmiri üzrə operator” peşəsində işləmişdir. İddiaçı işlədiyi “quyuların yeraltı təmiri üzrə operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft və qaz kondensatının hasilatı” yarımbölməsinin (a) “Fəhlələr” bəndində 2130200a-15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operator” peşəsi ilə eynilik təşkil edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 9 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarədə olan reyestr məlumatlarına əsasən X2 Araz- 1 X5 16.10.1995-ci ildə 26062 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, ləğv olunması və hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmişdir. İdarədə olan reyestrdə “Aypara” X5 adlı kommersiya qurumu aşkar edilməmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 08 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” İstehsalat-Kommersiya Birliyinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” X4 dair məlumat mövcud deyildir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-1” və “Aypara” X5 barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 fevral 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 60 yaşı tamam olduğu 01.07.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, ona 60 yaşının tamam olduğu 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Cavabdeh imtina məktubunda iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının yetərli olmamasına istinad etmiş və iddiaçının əmək kitabçasındakı 22.05.1991- 24.09.1992-ci il tarixləri arasındakı dövrü şübhə altına alaraq göstərmişdir ki, həmin dövrdə iddiaçının işlədiyi qeyd olunan müəssisədə əmək fəaliyyətinə dair heç bir sənəd saxlanılmamışdır. Həmçinin Azərbaycan Əfqanıstan X7 tərəfindən iddiaçıya dair verilmiş 6 yanvar 2021-ci il tarixli 1 nömrəli arayış əmək kitabçasındakı qeydlərə əsasən yazılmışdır. Məhkəmə iş materiarında olan sənədləri, o cümlədən iddiaçıya məxsus hərbi biletin, diplomun və əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək, iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 26.10.1979-28.10.1981-ci illərdə hərbi xidmətdə (2 il 4 gün) - 01.09.1982-15.06.1983-cü illərdə texniki peşə məktəbində təhsil almışdır (9 ay 15 gün); - 29.07.1983-19.05.1991-ci illərdə “Orconikidzeneft” Neft və Qazçıxarma İdarəsində quyularının yeraltı təmiri üzrə operator vəzifəsində (2130200a-15870, 7 il 9 ay 22 gün); - 09.10.1992-15.02.2006-cı illərdə “Suraxcanıneft” Neft və Qazçıxarma İdarəsində quyularının yeraltı təmiri üzrə operator vəzifəsində işləmişdir (2130200a-15870, 01.01.2006-cı il tarixədək 13 il 10 ay 4 gün). Məhkəmə cavabdehin qəbul etmədiyi dövrdə (22.05.1991-24.09.1992) iddiaçının işlədiyi müəssisələrin mövcud olub-olmaması, iddiaçının həmin təşkilatlarda işləyibişləməməsi ilə bağlı araşdırma aparmış və yalnız X2 Araz-1 X3 16.10.1995-ci ildə dövlət qeydiyyatına alınması müəyyən edilmiş, “Aypara” X3 mövcud olması ilə bağlı isə hər hansı məlumat aşkar edilməmiş, o cümlədən iddiaçının əmək faəliyyətinə dair sənədlər, işə qəbul olunması və işdən azad olunması barədə əmrlər əldə edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Əfqanıstan X7nin 1 №-li, 6 yanvar 2021-ci il tarixli arayışını mötəbər sübut hesab etməyərək qeyd edir ki, həmin arayış əmək fəaliyyətinə dair əmrlərə və digər arxiv sənədlərinə əsasən deyil, iddiaçının əmək kitabçasına əsasən tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövrlə bağlı kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Belə olan halda, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Belə ki, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az olmaqla 23 il 10 ay 4 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Belə olan halda, iddiaçının güzəştli iş staj ilə bağlı şərtin yerinə yetirilib-yetirilməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx xxxx 1960-cı il təvəllüdlü olmaqla 57 yaşı 01 iyul 2017-ci ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi də tətbiq edilməklə 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-829/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-829/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver