Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-829/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 7 saylı evin 6 saylı mənzilinin mövcud vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 6 iddiaçının xüsusi mülkiyyətindədir. Dövlət tərəfindən mənzilində genişləndirmə və abadlıq işləri aparılmışdır. Bununla bağlı tərəfindən cavabdehə müraciət edilərək mənzil üzərində hüquqlarının mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciətinə cavabdeh tərəfindən cavab göndərilmiş və ərizəsinin icrasından imtina edilmişdir. Halbuki, mənzilində genişləndirmə və abadlıq işləri dövlət tərəfindən tam qanuni olaraq həyata keçirilmişdir. Odur ki, mənzilin mövcud vəziyyətə uyğun olaraq qeydiyyata alınmasından imtina əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, mənzildə bəzi arakəsmələrin yeri dəyişdirilib, yenidənqurma işləri aparılmış, mənzilin ümumi sahəsi artırılmışdır. Mənzilin yerləşdiyi binada aparılmış genişləndirmə və abadlıq işləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, mənzil 12 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə ümumi sahəsi 74,1 kv.metr təşkil edir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 6 (Yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi, 15, M3, m3) iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 7, mənzil 6-nın (Yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi, 15, M3, m3) ümumi sahəsi 65.4 kv.metr təşkil edir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna cavab olaraq 7 mart 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 7 saylı bina 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin qeyd etdiyinə əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 7 saylı binada yenidənqurma işlərinin aparılması barədə MKİS-də şifahi məlumatlar vardır. Həmin binada yenidənqurma işlərinin aparılması barədə MKİS-də hər hansısa bir rəsmi sənəd aşkar olunmadı. Cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən mənzil 12 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Sözügedən mənzilin sənəd üzrə ümumi sahəsi 65,4 kv.metr (2 otaq yaşayış sahəsi 33.4 kv.metr) olsa da, faktiki olaraq ümumi sahəsi 115,7 kv.metr (3 otaq yaşayış sahəsi 74.1 kv.metr) təşkil edir. Mənzildə bəzi arakəsmələrin yeri dəyişdirilmiş, rekonstruksiya işləri aparılmışdır. Mənzilin faktiki vəziyyətini əks etdirən plan əlavə olunmuşdur. Qeyd olunan mənzil **********18-05101- 093030 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Səbail rayon İcra hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan binada 2010-cu il tarixdən “Azenko” şirkəti tərəfindən dövlət səviyyəsində yenidənqurma işləri aparılmışdır. Faktiki olaraq, mənzillərdə dəyişikliklər olmuş, ümumi sahələri artırılmışdır. "xxxx" MMC-nin 31 yanvar 2025-ci il tarixli 04/GR nömrəli məktubuna əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsinin, 7 saylı binasında hər hansı obyekti yoxdur və həmin ünvanda tərəflərindən hər hansı yenidən qurma işləri aparılmır. Cavabdehin imtina məktubunda göstərilmişdir ki, qeyd olunan binada aparılmış genişləndirmə və abadlıq işləri ilə bağlı mənzil qanunvericiliyinə uyğun sənədlər təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzilin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). İşdən görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 7 saylı evin 6 saylı mənzilində yenidənqurma işləri aparılmış, nəticədə mənzilin ümumi sahəsi artırılmışdır. İddiaçı mənzilin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, mənzildə bəzi arakəsmələrin yeri dəyişdirilib, yenidənqurma işləri aparılmış, mənzilin ümumi sahəsi artırılmışdır. Mənzilin yerləşdiyi binada aparılmış genişləndirmə və abadlıq işləri ilə bağlı qanunla müəyyən edilmiş sənədlər təqdim edilməmişdir. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir (23.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır (24.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir (26.1.). Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir (26.2.). Qanunvericiliyin qeyd edilən normalarından görünür ki, yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması müvafiq prosedurlara əsasən həyata keçirilməlidir. Həmin prosedurlara riayət edilməklə həyata keçirilən yenidənqurma və yenidən planlaşdırılma nəticəsində yaşayış sahəsi yeni ölçülərlə dövlət qeydiyyatına alına bilər. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir (27.1.). Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir (27.2.). Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər (27.4.). Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır (27.5.). Göründüyü kimi iddiaçı öz mənzilində aparılmış yenidənqurma işlərinin dövlət tərəfindən aparıldığını iddia etsə də, həmin hal məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi və məhkəmənin öz xidməti vəzifəsinə görə əldə etdiyi sübutlarla həmin haı öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mənzildə apardığı yenidənqurma işləri qanunla müəyyən edilmiş prosedur xaricində olmuşdur. Bu isə həmin yenidənqurma işlərinin nəticəsi olaraq mənzilin artmış sahəsinin dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi iddiaçının müraciətinə əsasən cavabdehin verdiyi imtina məktubu əsaslı olmuş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-829/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-829/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver