Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8293/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs "xxxx" fərdi firmasının nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və digərləri) “arayışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270- 77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X16 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Ərazi İdarəsi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində X17 adlı şəxsin ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ******* 729 saylı xx.xx.2013-cü il tarixli Arayış vermişdir. Bundan sonra AR Əmlak Məsələləri Dövlət Komitəsi həmin Arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 1600,0 kv.metr torpaq sahəsini 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə 19840 (on doqquz min səkkiz yüz qırx) manata X2 və sonuncunun adına Bakı Şəhər Ərazi İdarəsi xx.xx.2014-cü il tarixli Çıxarış vermişdir. Daha sonra X17 xx.xx.2014-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi mövcud olmadığına görə yalnız 1600,0 kv.metr torpaq sahəsini X9 adlı şəxsə 30.000 (otuz min) manata satmış və onun adına xx.xx.2014-cü il tarixli Çıxarış verilmişdir. Sonra isə X9 həmin 1600,0 kv.metr torpaq sahəsini xx.xx.2019-cu il tarixli Bağışlanma müqaviləsi ilə oğlu X4 bağışlamış və sonuncu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsini 3.200.000 (üç milyon iki yüz min) manat qiymətləndirərək təsisçisi olduğu "xxxx" fərdi firmasının mülkiyyətinə verilmişdir. Göründüyü kimi dövlətə məxsus 3.200.000 (üç milyon iki yüz min) manat qiymətləndirilən 1600,0 kv.metr torpaq sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışa əsasən 19840 (on doqquz min səkkiz yüz qırx) manata satılaraq dövlət büdcəsinə xüsusi ilə külli miqdarda zərər vurulmuşdur. Dövlətə məxsus həmin torpaq sahəsi boş olmuş, orada heç bir bina mövcud olmamışdır (Bu barədə ekspertiza rəyi vardır). Digər tərəfdən, əgər torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış sahəsi olsaydı torpaq sahəsi ilə birlikdə həmin bina da satılardı. Bundan başqa Əmlak Komitəsinin verdiyi dövlətə məxsus boş torpaq sahəsində güya 3 mərtəbəli qeyri-yaşayış binasının olmasına dair Arayışda torpaq sahəsi 0.08 ha qeyd edilsədə çıxarışda həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0.16 ha dəyişdirilmişdir. Bundan əlavə çıxarışın sürətindən görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid dövlətə məxsus torpaqlardır. AR Torpaq Məcəlləsində göstərilir ki, 1.Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin —nəqliyyat, rabitə və müdafiə obyektlərinin yerləşdiyi torpaqlar daxildir. 2.Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər (Maddə 46). Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər (Maddə 60, bəndi). Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz (Maddə 86.2). Ona görə də cavabdeh Xidmətin verdiyi Arayışın və onun əsasında verilən göstərilən müqavilələr və çıxarışların ləğv edilməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-848/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə “hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın ləğv edilməsi” tələbinə dair hissəsində mülki işin icraatına xitam verilmişdir. Qərardadda göstərilmişdir ki, Bakı Şəhəri, Nizami rayonu, Babək pr.2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində cavabdeh X10 ümumi sahəsi 914.1 kv.metrdən ibarət 3(üç) mərtəbəli qeyriyaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışın ləğv edilməsi” hissəsində inzibati icraat qaydasında baxılmalıdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə təqdim olunmuş 23 iyul 2024-cü il tarixli yazılı etirazda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən daşınmaz əmlak Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamı ilə daşınmaz əmlakın dövlət reyestrində X11 adına xx.xx.2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qabaqcadan qeydiyyata alınmışdır. Hal-hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən xx.xx.2024-cü il tarixli yerində baxış zamanı müəyyən edilmişdir ki, qabaqcadan qeydiyyata alınmış qeyri-yaşayış binası mövcud deyil, torpaq sahəsinin faktiki ölçüsü 2967 kv.m-dır. Faktiki göstərilən ərazi "xxxx" Fərdi Firmasının adına **********77 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi qaz xəttinin mühafizə zolağına düşür, bir hissəsi isə "xxxx" MMC-nin adına **********80-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakla üst-üstə düşür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X16 və "xxxx" fərdi firması hazırkı inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti hazırkı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək onun mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 193/2 saylı qətnaməsinin icrası üçün verilmiş xx.xx.2004-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının Babək prospektinin 2270- 77-ci məhəlləsində ictimai iaşə tikintisinə icazə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 571 saylı sərəncamı etibarsız hesab edilmiş, hal-hazırda fərdi sahibkar X12 istifadəsində olan Babək prospektinin 2270-77-ci məhəlləsində yerləşən 800 m2 torpaq sahəsi üzərində onun istifadə hüququ tanınmış və fərdi sahibkar L.Hacıyevə tapşırılmışdır ki, həmin sahədə tikiləcək obyektin müvafiq tikinti sənədlərini Bakı şəhər Memarlıq və Şəhərsalma baş idarəsi ilə razılaşdırsın. -Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanındaki qeyri-yaşayış binası üzərindəki X11 hüququ daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5134 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. - xx.xx.2014-cü il tarixli, 4950 №-li fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X16 arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetini xx.xx.2013-cü il tarixli, ********** saylı hüquqları qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən X11 adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanındaki qeyri-yaşayış binasının istifadəsində olan 1600 kv.m olan torpaq sahəsi təşkil edir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində X11 xüsusi mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. - xx.xx.2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X16 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsi X1. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. - Daşınmaz əmlakın bağışlanması müqaviləsindən X9 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən torpaq sahəsini X4 bağışlamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. - xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, X8 "xxxx" fərdi firmasının təsisçisi olduğunu nəzərə alaraq, onun tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsini "xxxx" fərdi firmasına bağışlamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən 0,16 ha sahəsi olan torpaq sahəsi üzərində "xxxx" Fərdi Firmasının xüsusi mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2016-cı il tarixli, 426 №-li Sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 8-03/1990 saylı razılıq məktubunu və “X19” MMC-nin xx.xx.2016-cı il tarixli, 20 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi icarə əsasında avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir. -26 oktyabr 2016-cı il tarixli, 1227 №-li torpaq sahəsinin icarəyə verilməsi müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 426 saylı, xx.xx.2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair “X19” MMC ilə icarə müqaviləsi bağlanmışdır. -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 638 №-li Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisi üçün “X19” MMC-yə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 666 №-li Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2270-77-ci məhəllədə “X19” MMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 426, xx.xx.2017-ci il tarixli, 638 №-li Sərəncamları və 13221 saylı inşaat pasportu "xxxx" MMCnin adına rəsmiləşdirilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli, 249 №-li Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli 426 saylı Sərəncamı ilə ayrılmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin adına keçmiş Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsində yerləşdiyini iddia etdiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanındaki qeyri-yaşayış binası üzərində X11 hüquqlarının qabaqcadan qeydiyyatını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin yuxarıda istinad olunan hallarından görünür ki, mübahisəli qeyd xx.xx.2013-cü il tarixdə aparılmış, həmin dövrdə iddiaçının əmlakın yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ olmamış, bununla da inzibati orqanın hərəkəti onun hüquqlarına təsir etməmişdir. İddiaçının həmin torpaq sahəsinə hüququ 2019-cu ildə yaranmışdır ki, bu hal ona həmin ərazidə yerləşən əmlaklarla bağlı daha əvvəl qəbul edilmiş inzibati aktları mübahisələndirmək hüququ vermir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Ümumi xarakterli hüquqi müdafiə ehtiyacı, hüquqi mübahisənin məhkəmə tərəfindən həll edilməsinə olan maraqdır və o, aşağıdakı hallarda mövcud olmur: – iddiaçı öz istəyinə başqa yolla daha sadə və daha məqsədəuyğun şəkildə çata bilərsə; – iddiaçının öz hüquqi mövqeyini yaxşılaşdırmaq üçün imkanı yoxdursa; – və ya hüquqi qaydada hərəkət etmə açıq-aşkar hüquqdan sui-istifadə anlamına gələrsə. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin onn istifadəsinə verilməsinə nail olmaqdır. Lakin iddiaçının həmin nəticəyə nail olmaq üçün belə bir iddia qaldırması açıqaşkar hüquqdan sui-istifadə deməkdir. Çünki şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Buna görə də məhkəmə hesab edir hansı ki, onun arzu etdiyi bu nəticəyə hazırkı iddia vasitəsilə nail olması mümkünsüzdür. Bundan əlavə işdən görünür ki, iddiaçının mübahisələndirdiyi hüquqların qabaqcadan qeydiyyatı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 147 nömrəli sərəncamı əsasında aparılmışdır və həmin sərəncamın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, yaxud qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı iş üzrə qeyd edilən şərtlər ödənilmədiyindən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8293/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8293/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver