Məhkəmə qərarları › İş №2-1(112)-8297/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8297/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8297/2022 09.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində L.Məmmədbəyova küçəsinin yaxınlığında yerləşən, çirkab sular axıdılan yeri əhatə edən sahə iddiaçılar tərəfindən (ailə üzvləri ilə birlikdə) qurudulmuş, bu işlərin görülməsi üçün sahəyə xeyli miqdarda torpaq tökülərək yayılmışdır. Həmin işlərin aparılması uzun müddət tələb olunmuşdur. Daha sonra iddiaçılar həmin torpaq sahəsinin rəsmi olaraq onların istifadəsinə verilməsi məqsədilə Bakıxanov Bələdiyyəsinə müraciət etmişlər. Lakin naməlum səbəblərdən həmin torpaq sahəsi hüdudlarında ünvan 1 ünvanda yaşayan X1 adına sənədləşdirmə aparılmışdır. Bələdiyyənin bu hərəkəti qanunsuz olduğundan iddiaçılar tərəfindən çoxsaylı şikayətlər verildikdən sonra Bakıxanov Bələdiyyəsinin iclasının qərarı ilə X2 ilə Bakıxanov Bələdiyyəsi arasında L.Məmmədbəyova küçəsində 300 kv.m torpaq sahəsinə 12 sentyabr 2006-cı il tarixdə bağlanılmış 187 saylı müqavilə ləğv edilmişdir. Hesab olunur ki, iddiaçıların çoxillik zəhməti nəticəsində qurudularaq yararlı vəziyyətə gətirilmiş torpaq sahəsi ədalətə söykənərək onların (ailəsi ilə birlikdə) istifadəsinə verilməlidir. Həmin sahənin ətrafında yüksək gərginlikli elektrik xətləri, su, kanalizasiya boru xətləri, qaz xətləri və sair kommunikasiya xətləri mövcud deyil. Ətrafda isə fərdi yaşayış evləri tikilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar tərəfindən Bakı şəhəri Sabunçu RİH-ə müraciət edilmiş və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində L.Məmmədbəyova küçəsinin yaxınlığında yerləşən, qurudularaq yararlı vəziyyətə salınmış torpaq sahəsinin qanunla nəzərdə tutulmuş qaydada onların istifadəsinə verilməsinə dair müvafiq sərəncam verilməsi xahiş olunmuşdur. Həmin məktub 15 mart 2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş və 17 mart 2022-ci il tarixdə cavabdeh təşkilata daxil olmuşdur. Lakin həmin tarixdən 35 gündən artıq keçməsinə baxmayaraq, bu günə kimi cavab verilməmişdir. Qeyd olunan faktları bir neçə şəxs təsdiq edə bilər. Həmin şəxslər aşağıdakılardır: 1) X4 - ş/v AZE № 09941924, ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs.. Məktəbli küç., ev 3, m. 2; 2) X5 - ş/v AZE № 09937825, qeydiyyatda olduğu ünvan: Beyləqan rayonu, 1ci Şahsevən k; 3) X6 - ş/v AA 2955789; 4) Mirzoyeva Tamilla - ünvanı ünvan 4 təşkilat bu məsələni həll etməkdən yayınır. Hesab olunur ki, bu hal Azərbaycan Respublikasi Konstitusiyasının müdafiəsi altında olan vətəndaşın hüquq və azadlıqlarının pozulmasına dəlalət edir və Azərbaycan Respublikasi Qanunlarının pozulması ilə müşahidə olunur. Göstərilənlərə və İPM-in 2, 8, 33, 45-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçılar tərəfindən abadlaşdırılan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, L.Məmmədbəyova küçəsinin yaxınlığında yerləşən torpaq sahəsinin onların istifadələrinə verilməsi öhdəliyinin (müvafiq sərəncam verilməklə) cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə həvalə olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. İPM-in 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət edə bilər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçılar və onların vəkili gəlmişlər, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu RİHə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, L.Məmmədbəyova küçəsinin yaxınlığında yerləşən torpaq sahəsinin onların istifadələrinə verilməsi öhdəliyinin (müvafiq sərəncam verilməklə) cavabdehin üzəronə qoyulmasını tələb edirlər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi hazlrkı cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RİH-in səlahiyyətləri aid deyil. Bu qənaət ondan irəli gəlir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 4.16.4-cü bəndinə görə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Sözügedən Əsasnamədə dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyəti başçısına aid edilmişdir. Bu isə o deməkdir ki, hazırkı cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu RİH başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə vermək səlahiyyəti yoxdur. Mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı fərz edilən halda isə, iddia üzrə cavabdeh inzibati orqan düzgün seçilmiş olmur. Nəzərə alınmalıdır ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə görə yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə, fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə, çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə, fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. Beləliklə qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə icraatında öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar