Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-83/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X18 cəlb olunmaqla) «üçüncü şəxsin mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı, X5, X4 və X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçılar SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin İxtisaslaşdırılmış Tikinti Birliyi Suenerjitikinti Trestinin müxtəlif sahələrində müəyyən vəzifələrində uzun illər işləmişlər. Bakı Şəhər XDS İK 13 iyun 1990-cı il tarixli 4/145 nömrəli qərarı ilə iddiaçıların işlədiyi Yeni Bakı Elektrik X8 İdarəsinin əməkdaşlarına bağ sahələrinin verilməsi məqsədilə 2,2 ha torpaq sahəsi ayrılmışdır. Bakı ŞİH Baş Memarlıq və Şəhərsalma İdarəsi 30 oktyabr 1990-cı il tarixli 90/İ-492, 90/660 saylı aktla həmin torpaq sahəsinin çizgi və sərhədlərini müəyyən edərək təhvil götürmüşdür. Bakı Şəhər XDS İK-nın qərarı icrası edilməsi üçün Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-ya həvalə edilmişdir. Əzizbəyov Rayon XDS İK 13 iyun 1990-cı il tarixli 4/145 nömrəli qərarı 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarı ilə icra edərək iddiaçıların işlədiyi İdarəyə bağ sahəsinin verilməsi üçün torpaq ərazisi ayırmışdır. Əzizbəyov Rayon XDS İK-nın 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarında “Xoş Diyar” Bağçılıq Yoldaşlığı üzvləri tərəfindən həmin bağ sahələrinin bölüşdürülməsi göstərilmişdir. 2 fevral 1991-ci il tarixdə iddiaçıların üzv olduğu “Xoş Diyar” Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi yığıncağı keçirilərək püşkatma yolu ilə həmin bağ sahələri ədalətli şəkildə bölüşdürülmüşdür. Həmin bölgüyə əsasən Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində iddiaçıların hər birinə 11a, 13, 15, 17 saylı bağ nömrələri verilməklə 0,6 ha torpaq sahəsi ayrılmışdır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə dair başqa şəxsin adına verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi və onların bağ sahələrinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı 29 sentyabr 2020-ci il tarixli məktubunda (iddiaya qarşı yazılı etirazda) bildirilir ki, iddiaçılar İddiaçı, X3, X2 və X6 iddiası etirazla qarşılanır. 1) X1 vərəsəsi X6 Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Xoş Diyar” bağlar massivi ünvanında yerləşən 18 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müraciəti İdarəyə 1 fevral 2020-ci il tarixdə daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahəyə dair ləğv edilmiş DTXK tərəfindən verilmiş digər şəxsin (X19) adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə, eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. Bununla bağlı X9 **********22 qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. 2) ünvan 2 sahəsinin koordinatlarının müəyyən edilməsi barədə X3 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. X5 tərəfindən göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahəyə dair ləğv olunmuş DTXK tərəfindən verilmiş digər şəxsin (X19) adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə, eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********20 qeydiyyat nömrəli 19 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. 3) ünvan 3 sahəsinin koordinatlarının müəyyən edilməsi barədə İddiaçı 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, göstərilən sahə bağların bölgü sxeminə əsasən 20A saylı bağın ərazisinə uyğun gəlir və həmin bağ sahəsinin mülkiyyət hüququna dair digər şəxsin (X18) adına ləğv edilmiş DTXK tərəfindən şəhadətnamə verilmişdir. Bu barədə İddiaçı **********82 qeydiyyat nömrəli 5 mart 2020-ci il tarixli məktub ünvanlanmışdır. 4) ünvan 4n koordinatlarının müəyyən edilməsi barədə X2 1 fevral 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X2 adı aşkar olunmamışdır. Həmçinin, digər fiziki şəxslər tərəfindən hasarlanmış göstərilən sahə digər şəxsin (X16) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İPM-in 56-cı maddəsinə görə məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmənin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı, X3, X2 və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, iddiaçıların bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbləri üzrə işdən iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat, iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat və iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Məhkəmənin 14 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə inzibati məhkəmə icraatına X18 üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «üçüncü şəxsin mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddası təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsaəsn inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının bağ sahəsinə hüquqların qeydiyyata alınması müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, eləcə də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair order, eləcə də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının adına “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvü kimi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivindəki 11a saylı bağa dair üzvlük bileti mövcud olsa da, iddiaçının adının həmin bağçılıq yoldaşlığının üzvlərinin siyahısında aşkar olunmadığı məhkəmə icraatında müəyyən edilir. Eləcə də həmin bağa dair onun adına digər sənədlər (cizgi və s.) aşkar edilmədiyindən, torpaq sahəsinin ona ayrılaraq təhvil verilməsi təsdiqlənmir. Nəzərə alınmalıdır ki, bu barədə məlumatı cavabdeh inzibat orqan versə də, həmin qurum Bakı ŞİH nəzdində olan bağ təsərrüfatı idarəsi 22 may 2007-ci il tarixdə ləğv olunduqdan sonra onun arxiv daşıyıcısıdır. Nəticə də, iddiaçının adının müvafiq bağçılıq yoldaşlığının üzvlərinin siyahısında aşkar olunmaması onun həmin bağ sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi bağ sahəsinin başqa şəxsin (X17) mülkiyyəti olmasına dair müvafiq şəhadətnamə verildiyi halda, həmin bağın hazırkı iddiaçının mülkiyyəti kimi ilkin qeydiyyatının aparılması mümkünsüzdür. Məhkəmənin 18 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəsisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvlük bileti əsasında İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivindəki iddia etdiyi 11a saylı bağ sahəsinin koordinatlarının üçüncü şəxs X13 adına AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də əks olunan 20a saylı bağ sahəsinin (torpaq sahəsinin) və ya başqa şəxsin istifadəsində, yaxud mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında bildirilir: İş üzrə məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır. Qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə bu barədə məhkəməyə 7 iyul 2021-ci il tarixli vəsatət göndərilmişdir. Lakin bu günədək müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizanın aparılmasının təşkili haqqında» Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar geri qaytarılır. Tövsiyə olunur ki, iş materialları təkrarən Mərkəzə qaytarılacağı halda, təkrarlanan qanunsuz yazışmaların aradan qaldırılması məqsədilə 7 iyul 2021-ci il tarixli vəsatətdə göstərilən məlumat və materialların əvvəlcədən toplanaraq iş materiallarına əlavə edilsin. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəmənin müraciətinə DƏKÜR Xidmətində baxılmışdır. Məhkəmədən daxil olmuş bundan əvvəlki müraciət əsasında DƏKÜR Xidmətinin 19 aprel 2021-ci il və 7 iyul 2021-ci il tarixli məktubları hazırlanaraq Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. DƏKÜR Xidməti tərəfindən tədqiqat obyektinə baxış keçirilməməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2-1(112)-861/2021, 2-1(112)-1616/2021 və 2-1(112)2373/2021 nömrəli məktubları ilə smeta məbləğinin ödənilməsi ilə bağlı qəbz göndərilərək mütəxəssis rəyinin təqdim edilməsi xahiş olunmuşdur. Bu səbəbdən tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə yenidən məlumat daxil olacağı, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarş) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) rəsmi surətdə təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin tədqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli qərardadı ilə yenidən məhkəmə ekspertizası təyin edilmiş və yuxarıda qeyd olunan məzmunda sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli məktubu ilə iş materialları Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə birlikdə məhkəməyə geri qaytarılmışdır. Ekspertin məlumatında imtinaya əsas kimi tədqiqat pbyektinə dair əlavə məlumatların Mərkəzə təqdim edilməməsi bildirilir. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə aşağıdakı suallar üzrə mütəxəssis rəyinin məhkəməyə təqdim olunmasının təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (yenidən təşkil nəticəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bazasında yaradılmışdır) həvalə olunmuşdur: - (1-ci sual) “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvlük bileti əsasında İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində iddia etdiyi 11a saylı bağ sahəsinin koordinatları müəyyən edilməsi; - (2-ci sual) Həmin bağ sahəsi ilə İddiaçı faktiki iddia etdiyi bağ sahəsinin üst-üstə düşməsinin müəyyən edilməsi; - (3-ci sual) Həmin bağ sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X13 və ya digər şəxsin mülkiyyəti kimi qeydiyyatdan keçmiş bağ sahəsinin üst-üstə düşməsinin müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 19 aprel 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) Göstərilən torpaq sahəsi faktiki olaraq 1.263 kv.m təşkil edir. Vətəndaş İddiaçı adı arxiv siyahısında aşkar edilmədiyindən, sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından, həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. - (2-ci sual üzrə) Sözügedən torpaq sahəsi arxiv bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən 20A saylı bağın yerinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X14 məxsus (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-217871 nömrəli şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür (JN-217871 nömrəli şəhadətnamə **********73 reyestr nömrəsi ilə qeydiyyata alınıb). Həmçinin sahənin 70 kv.m hissəsi qonşu özəl sahə ilə üs-üstə düşür. - (3-cü sual üzrə) Yuxarıda qeyd olunduğu kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X15 məxsus (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-217871 nömrəli şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür (JN-217871 nömrəli şəhadətnamə **********73 reyestr nömrəsi ilə qeydiyyata alınıb). Həmçinin sahənin 70 kv.m hissəsi qonşu özəl sahə ilə üst-üstə düşür. Göründüyü kimi, İddiaçı ona ayrılmış sahə kimi iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 11a saylı bağ sahəsinin yerinin müəyyən edilməsi üçün məhkəmə müvafiq prosessual hərəkətlər (tədbirlər) aparsa da, son nəticədə bağ sahəsinə dair müvafiq texniki sənədlər və məlumatlar olmadığından onun yerinin müəyyən edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunan hal da İddiaçı iddia etdiyi bağ sahəsinə hüququnun yaranmaması qənaəti yaradır. Odur ki, məhkəmə hesab edir ki, onun iddiası üzrə üçüncü şəxs X13 adına keçmiş DTXK tərəfindən verilmiş “torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamə”nin ləğvi üçün əsas mövcud deyil. Bu səbəbdən mülkiyyət hüququ haqqında şəhadətnamə qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına sbəb olan akt sayıla bilməz. iddia “şəhadətnamənin ləğv edilməsi” hissəsində əsassızdır Həmçinin məhkəmənin qənaətinə görə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl- Şüvəlan bağ massivində yerləşən 11a saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «üçüncü şəxsin mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «üçüncü şəxsin mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-83/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-83/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver