Məhkəmə qərarları › İş №2-1(112)-8302/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8302/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8302/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya hüququnun yarandığı xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında" Qanunun 7 və 8-ci maddələrinə əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ıl tarixdə doğulub və beş uşağı var: xx.xx.1984-cü il təvəllüdlü X7, xx.xx.1985-ci il təvəllüdlü X9, xx.xx.1987-ci təvəllüdlü X10, xx.xx.1995-ci il təvəllüdlü X8 və xx.xx.1990-cı il təvəllüdlü X5. Bütün uşaqlarını böyüdüb 8 yaşına kimi tərbiyə edib. Ona məxsus olan əmək kitabçasından görünür ki, 1991-ci ildən əmək fəaliyyətinə başlayıb və müxtəlif müəssisələrdə işləyib. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir.

3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.1997-ci il tarixli ******* saylı və ИТ-İ № ******* saylı əmək kitabçalarının surətlərinə əsasən sığorta stajı 22 il 2 ay 25 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il 9 ay 25 gün sığorta stajına uyğun olaraq 7171,80 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 8714,71 manat olmaqla, ümumilikdə 15886,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. ‘'Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Təqdim etdiyi Suraxanı rayon Kommunal Təsərrüfatı idarəsinin xx.xx.1995-ci il tarixli 40 nömrəli arayışında qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Suraxanı rayon Kommunal Təsərrüfatı idarəsində olan əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən həmin dövr sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən aktiv əmək müqaviləsi olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

7. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

8. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

9. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir.

11. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

12. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

14. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. İddiaçı xx.xx.1964-cü ildə anadan olub.

20. Bakı şəhəri Suraxanı rayonu İcra Hakmiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən xx.xx.1984-cü il təvəllüdlü X7, xx.xx.1985-ci təvəllədlü X9, xx.xx.1987-ci təvəllüdlü X10, xx.xx.1995-ci il təvəllüdlü X8, xx.xx.1990-cı il təvəllüdlü X3 İddiaçı doğub və 8 yaşa kimi tərbiyə edib.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.

22. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, inzibati orqana müraciət etdiyi tarixə 57 yaş 06 ayı tamamdır, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 08 il 09 ay 25 gündür. xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tairədək 8714 manat pensiya kapitalı mövcuddur.

23. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 22-1.4-cü maddəsi həmin maddənin 22-1.2.1.-ci maddəsinin tətbiqini istisna edən halları müəyyən edir və həmin maddə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara tətbiqini, yəni yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnu istisna etmir. Əksinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 8.1-ci maddəsinin həmin Qanunun 7-ci maddəsinə 7-ci maddəsinə uyğun şərtlər daxilində tətbiq edilməli olduğu müəyyən edilir və 22-1.2.1-ci maddə məhz Qanunun 7-ci maddəsinə aiddir. Odur ki, məhkəmə qeyd edir ki, qeyd edilən normaların təhlilinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır.

24. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

27. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

29. 1 iyul 2021 – 30 iyun 2022-ci il arası dövrdə qadınlar üçün pensiya yaşı 62 il 6 ay olduğundan pensiya yaşı 5 il azaldıldığı təqdirdə iddiaçıya münasibətdə qeyd edilən şərt ödənmiş olur. Belə ki, xx.xx.2022-ci il tarixə iddiaçının 57 yaş 06 ay tamam olmuşdur.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaş 06 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar