Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8302/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4nə (DİM-ə) qarşı “test balının artırılması və sertifikatın BB2-dən BB1-ə yüksəldilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X4 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında “В” variantı üzrə 39 saylı tapşırığın cavabının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Dövlət qulluğu üzrə test balının 79 baldan 80 bala artırılması və müvafiq olaraq dövlət qulluğu sertifkatının BB2-dən BB1-ə yüksəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 fevral 2024-cü il tarixdə dövlət qulluğu üzrə keçirilən imtahanda təqdim olunmuş suallar arasında В variantı üzrə 39-cu sualın cavabı X4 tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə onun və digər tələbələrin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, müvafiq sual düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul balı toplayacaq namizədlər, məhz cavabdeh X4 səhvi nəticəsində yetərli balı toplaya bilməmişlər. Bu barədə DİM-ə rəsmi qaydada müraciət etmiş və ona xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi metodiki qüsurlar aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. İddiaçı qeyd etmişdir ki, imtahanda istifadə olunmuş tapşırıqlarda heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var. Qeyd edilmişdir ki, X3 əməkdaşı ilə telefon danışığı zamanı sözügedən sualla bağlı apardıqları müzakirənin nəticəsində qurumun əməkdaşı iddiaçının bildirdiyi fikirdə haqlılıq payı olduğunu etiraf etmişdir. Beləliklə, 39-cu sualda iddiaçı doğru cavab olaraq “C” variantını qeyd etdiyi halda, DİM əsassız olaraq “B” variantını doğru cavab hesab etmişdir. İddiaçı hesab edir ki, bu sual yanlış tərtib olunmuş sual kimi qeyd olunmalı və bütün namizədlərə müvafiq bal verilməlidir. Bundan əlavə, ümumilikdə imtahana salınmış suallar "söz oyunu" vasitəsilə süni olaraq çətinləşdirilmişdir ki, bunun da nəticəsində sualların anlaşılmaması imtahan üçün ayrılmış vaxtın sualların cavablanması üçün kifayət etməməsinə səbəb olmuşdur. Bu səbəbdən də hazırda Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, X4 tərəfindən xx.xx.2024-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq X4 tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi X4 tərəfindən təşkil edilir. Bildirilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq yalnız X4 tərəfindən təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə X4 tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar X4 tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. İddiaçı sözügedən test imtahanında BB2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79% (79 bal) nəticə göstərdiyi üçün BB2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BB1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən- 80% (80 bal) aşağı olduğu üçün BB1 sertifikatını əldə etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində X4 tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının apelyasiya ərizəsində qeyd etdiyi telefon nömrəsi ilə əlaqə saxlanılmış və ona mübahisələndirilən test tapşırığı ilə bağlı müvafiq izahat verilmişdir. Əlavə olaraq namizədin müraciəti X3 xx.xx.2024-cü il tarixli 9-3/2-K-42- 189/2024 nömrəli məktubu ilə cavablandırılmış və imtahan nəticəsinin dəyişdirilməsinə təsir göstərə biləcək bir hal aşkar olunmadığından apellyasiya müraciətinin təmin olunmadığı namizədin diqqətinə çatdırılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov tərəfindən təqdim edilmiş rəydə bildirilmişdir ki, 18 fevral 2024-cü il tarixində X4 tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahan zamanı iştirakçılara təqdim olunmuş mübahisələndirilən sualın şərtinə görə iştirakçılardan yanlış cavablar sayının müəyyən edilməsi tələb olunur. Sualda mübahisə doğuran cavab variantı aşağıdakı kimidir: “Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” İddia olunur ki, bu cavab variantı səhvdir, “Dövlət qulluğu haqqında” Qanuna görə bu münasibətlərin tənzimlənməsi zamanı “Dövlət qulluğu haqqında” Qanunun tələbləri əsas götürüldüyü üçün həmin münasibətlərin Əmək Məcəlləsi ilə tənzimlənməsi barədə fikir yanlış kimi nəzərdən keçirilməlidir. “Dövlət qulluğu haqqında” AR Qanunun 30.6-cı maddəsinə görə “Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” Bundan başqa, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən “Əmək Məcəlləsi dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir.” Məntiq qanunauyğunluğuna görə, bir-birinə zidd olan iki fikirdən yalnız biri düz ola bilər. Bu yanaşma ilə əgər “Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” fikri səhvdirsə, bu fikrin inkarı düz olmalıdır. Dolayısı ilə, “Yardımçı vəzifələr bütün dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənmir.” fikri doğru hesab olunmalıdır. Bunun qanunun məzmununa əsasən yanlış olduğunu sübut etməyə ehtiyac yoxdur. O ki qaldı, yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətlərinə şamil oluna bilən qanunvericilik sisteminə bu sırada ən yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt da daxil olmaqla digər beynəlxalq müqavilələr və digər aktlar da daxildir. Bu özünü “Dövlət qulluğu haqqında” Qanunun “Dövlət qulluğu haqqında qanunvericilik” 6-cı maddəsində öz əksini tapmışdır. Həmin aktların adlarının cavab variantında olmaması heç də bu cavab variantını səhv etmir. Bu əsas da aşkardır ki, test cavabında heç bir səhv yoxdur və bu mülahizə olduğu kimi Qanunda öz əksini tapmışdır. Bundan başqa belə nəzəri-məntiqi yanaşmanı eyni testin digər bir cavab variantında da görmək olar. “Azərbaycan Respublikasının xarici ticarət nümayəndəsi vəzifəsinin tutulması müsabiqə və ya müsahibə keçirmək yolu ilə həyata keçirilir.” “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinə görə birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Qanunun 29.2-ci maddəsində verilən informasiyadan belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda təyin olunan ticarət nümayəndələri vəzifələrinə müsabiqə və ya müsahibə keçirmək yolu ilə həyata keçirilmir. Testin cavab variantında göstərildiyi kimi “Azərbaycan Respublikasının xarici ticarət nümayəndəsi vəzifəsinin tutulması müsabiqə və ya müsahibə keçirmək yolu ilə həyata keçirilir.” cümləsindəki xarici ticarət nümayəndəsi vəzifəsi səfirlik və konsulluqlardakı xarici ticarət nümayəndələri vəzifəsindən biridir və bu vəzifənin tutulması müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilmir. Qanundakı mətninin olduğu kimi yazılmaması həmin cavabın düzgün cavab kimi qiymətləndirilməsinə mane olmur. Beləliklə də, qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlmək olar ki, barəsində danışılan test sualında barəsində danışılan cavab variantı doğru cavabdır və onu səhv cavab variantı kimi nəzərdən keçirmək doğru olmazdı. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, hazırkı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, BA1 sertifikatını əldə edə bilər. Bu isə onun daha yüksək kateqoriyalı dövlət orqanlarında müsahibədə iştirak imkanı yaranması ilə nəticələnir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.27-ci bəndinə əsasən müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. Həmin Qanunun: -2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -28.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X4 publik hüquqi şəxsin Nizamnaməsindən: -1.1. Azərbaycan Respublikasının X4 (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. -2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: -2.1.1. dövlət qulluğu üçün kadrların seçilməsi üzrə imtahanlar təşkil etmək; -3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır: ...3.1.24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək; 3.1.25. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq etmək, inzibati vəzifələrin tutulması üzrə müsahibə proqramlarının hazırlanmasında iştirak etmək və təsdiqinə razılıq vermək, təsdiq edilmiş test imtahanı və müsahibə proqramlarını rəsmi internet saytında yerləşdirmək; 3.1.26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçən şəxslərə sertifikat vermək, habelə verdiyi sertifikatların uçotunu aparmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydasın”dan: -2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X1 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. -2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. 2.8. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır. 2.9. Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Beləliklə, işin hallarına əsasən, mübahisə X4 tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında B variantı üzrə qanunvericilik proqramına aid olan 39 saylı qapalı tipli test tapşırığı ilə bağlıdır. Həmin sual bu formadadır:
39. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, göstərilənlərdən neçəsi yanlışdır? Yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının xarici ticarət nümayəndəsi vəzifəsinin tutulması müsabiqə və ya müsahibə keçirmək yolu ilə həyata keçirilir. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Şuranın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Cavabdeh X4 sualın “Yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.” bəndini doğru cavab kimi götürmüşdür. İddiaçının mövqeyinə görə həmin bənd yanlış tərtib olunduğundan səhv hesab edilməlidir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunundan: -1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; -1.1.10. Dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. -10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. -10.6. Yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. -30.6. Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən: -5.2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. -6. Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Əmək Məcəlləsinin 5.2-ci maddəsinin, həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 30.6-cı maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi, istər dövlət qulluqçularının, istərsə də dövlət qulluğunun yardımçı vəzifələrində olan şəxslərin əmək münasibətlərinin Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənməsi birmənalı olaraq istisna edilmir. Ona görə də, əks yanaşma fərz edilərsə, yəni “yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri Əmək Məcəlləsinin normaları ilə tənzimlənmir” kimi ifadə edilərsə, bu hal ümumiyyətlə həmin normanın mahiyyətinin dəyişməsinə və beləliklə də qanunvericiliyin qeyd olunan kateqoriya şəxslərə hüquq verən normasının məhdudlaşdırılması ilə nəticələnir. Halbuki, Əmək Məcəlləsinin 6-cı maddəsində həmin Məcəllənin şamil edilmədiyi şəxslər dəqiq müəyyən edilmişdir. Belə olan halda, mövcud qanunvericilik yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətlərinə əmək qanunvericiliyinin normalarının tətbiqini müəyyən sahəvi qanunvericiliyin tələbləri nəzərə alınmaqla mümkün saydığından sualın cavabı yanlış kimi qiymətləndirilməməlidir. İddiaçı özü də mübahisələndirilən cavabın səhv olmadığını inkar etməmiş, sadəcə “Dövlət qulluğu haqqında” Qanunda ifadə edildiyi kimi ifadə edilməməsindən narazılıq etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalardan göründüyü kimi (2.6.4-cü bənd) hazırlanan qapalı tipli hər bir test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb kimi təsnifləşdirilir. Mübahisələndirilən sual mürəkkəb suallar kateqoriyasına aid edilmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, həll edilməli olan tapşırığın çətinlik dərəcəsi namizədin məntiqi təfəkkürü və analitik təhlil qabiliyyətinin qiymətləndirilməsini də ehtiva etdiyindən cavabın “Dövlət qulluğu haqqında” Qanundun 30.6-cı maddəsindəki redaksiyada olduğu kimi təqdim edilməsi mahiyyət etibarı ilə onun mürəkkəbliyinin aradan qalxmasına səbəb ola bilərdi. Belə olan halda, qanunvericilik normasının tapşırıq üzrə verilmiş sualda tam şəkildə göstərilməməsi cavabdeh orqan tərəfindən vəziyyətin “süni şəkildə çətinləşdirilməsi” kimi deyil, sualın mürəkkəblik dərəcəsinin təzahürü kimi qiymətləndirilməlidir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, mübahisələndirilən tapşırıq yuxarıda qeyd edilən Qaydaların 2.6-cı bəndinə uyğun olduğundan və iddiaçı iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov