Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8303/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı «iddiaçının barəsində məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı «iddiaçının barəsində məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1982 – 1984-cü illərdə 2 il 2 ay 14 gün həqiqi hərbi xidmətdə olmuş və 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Daxili İşlər Nazirliyi İslah İşləri İdarəsinin Mərkəzi Təchizat bazasında 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək 9 il 3 ay 7 gün mülki vəzifədə işləmiş, ədliyyə orqanlarında xüsusi rütbəli orta rəis heyəti qismində 1 saylı Cəzaçəkmə Müəssisəsində 4 mart 1994-cü il tarixdən 26 mart 1997-ci il tarixədək 3 il 22 gün qulluq etmişdir. Penitensiar xidmətin Təchizat Bazasına 26 mart 1997-ci il tarixdən rəis təyin olunmuş, 7 il 10 ay 13 gün qulluqda olmuş, yəni 9 fevral 2005-ci il tarixdə onun xidmətinə xitam verilmişdir. Penitensiar xidmətə pensiya təyinatı ilə bağlı “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə müraciət etmiş, Penitensiar xidmət isə 17/7- 9936(-44) 2 saylı 4 iyun 2021-ci il tarixli məktubla məsələnin həllindən qulluq illərinin 20 ildən az olduğuna əsaslanaraq imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh qulluq illərinin hesablanmasında yalnışlığa yol vermişdir. Belə ki, qulluq illərim aşağıdakı kimi hesablanmalıdır: 1) həqiqi hərbi xidmət – 2 il 2 ay 14 gün; 2) AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən təhsilin beş il müddətinin 2 il 6 ayının qulluq illərinə hesablanmasına əsasən – 2 il 6 ay; 3) «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 39.2-ci maddəsinə əsasən mülki iş stajı – 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək 9 il 3 ay 7 gün; 4) Ədliyyə orqanlarında xüsusi rütbəli əməkdaş qismində qulluq illəri – 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək 10 il 10 ay 28 gün; 5) Fövqaladə vəziyyətlə əlaqədar AR Nazirlər Kabinetinin 31 mart 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşlarının xidmət müddətinin bir ayının iki ay hesablanması – 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci il tarixədək 3 il 1 ay 20 gün, ümumi qulluq illəri – 28 il 1 gün. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarına əsasən pensiyanın təyin edilməsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətində olduğundan, cavabdehin hər hansı bir qanun pozuntusu anlamını vermir, əksinə vətəndaşın öz hüququnu sona çatdırmaqla yardımçılığını təcəssüm edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-3478/2012 saylı iş üzrə 28 dekabr 2012-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-635/2013 saylı iş üzrə 8 may 2013-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmişdir. O, Ali Məhkəməyə kassasiya şikayətini 2-1(102)-2895/2018 saylı iş üzrə yeni hüquq təsdiqedici sənədlər əldə etmək məqsədilə geri götürmüşdür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddiaçıya 28 il 00 ay 01 gün qulluq illəri nəzərə alınmaqla iyul 2017- ci il tarixən qulluq illərinə görə pensiya təyini üçün “məlumat vərəqəsi”nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı 1982 – 1984-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək İslah işləri idarəsinin Mərkəsi təchizad bazasında müxtəlif mülki vəzifələrdə işləmiş, 11 mart 1994-cü il tarixdə ədliyyə orqanlarında orta rəis heyəti qismində qulluğa qəbul edilmiş və 9 fevral 2005-ci il tarixdə İntendant təchizat və ticarət bazasının rəisi vəzifəsində işləyərkən xidməti vəzifələrini icrası zamanı qanun pozuntularına və ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 20.3-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının müvafiq bəndlərinə əsasən İddiaçı qulluq müddəti aşağıdakı qaydada hesablanmışdır: 9 fevral 2005-ci il tarixə qulluq müddəti təqvimi hesaqblama ilə 15 il 07 ay 12 gün – 02 il 06 ay təhsil müddəti, 1982 – 1984-cü illərdə müddətli həqiqi hərbi xidmət 02 il 02 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 gün 28 gün. Güzəştli hesablama ilə qulluq müddəti 18 il 09 ay 02 gün təşkil edir: 02 il 06 ay təhsil müddəti, 1982 – 1984-cü illərdə müddətli həqiqi hərbi xidmət 02 il 02 ay 14 gün, 11 mart 1994-cü il tarixdən 9 fevral 2005-ci il tarixədək olan dövr orta rəis heyəti qismində qulluq müddəti 10 il 10 gün 28 gün, 11 mart 1994-cü il tarixdən 1 may 1997-ci illərdə xidmət 3 il 01 ay 20 gün (fövqaladə vəziyyət). İddiaçı iddia ərizəsində qulluq illərini hesablayarkən 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək olan dövr də əhatə olunur. 4 dekabr 1984-cü il tarixdə 11 mart 1994cü il tarixədək İddiaçı İslan işləri idarəsinin Mərkəsi təchizat bazasında müxtəlif mülki vəzifələrdə işləmişdir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 39.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə yalnız penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır. Həmçinin, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinə əsasən bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi hesablanır. Təchizat bazası penitensiar müəssisə olmadığından, qeyd olunan dövr pensiya təyin edilib verilməsi üçün iddiaçının qulluq müddətinə hesablana bilməz. Əlavə olaraq qeyd edilir ki, İddiaçı 2012-ci ildə məhkəməyə müraciət edərək xidmət illərinə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-635/2013 saylı iş üzrə 8 may 2013-ci il tarixli qərarında iddiaçının qulluq illərinə daxil olunan müddətlərə hüquqi qiymət verilmiş və iddia tələbi rədd edilmişdir. Qeyd olunmuş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etiraz) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən: - (1.0.1) əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - (1.0.3) hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - (1.0.4) xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; - (1.0.5) təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə görə bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» AR Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə görə ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 20.3-cü maddəsinə görə ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Həmin Qanunun 39.1-ci maddəsinə görə penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Penitensiar xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 39.2-ci maddəsinə görə penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edildikdə, penitensiar müəssisələrdə mülki işçi qismində işlədikləri müddət qulluq illərinə hesablanır. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndinə əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Həmin qərarın 2-ci bəndinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir: - bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1982 – 1984-cü illərdə hərbi həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra ali məktəbə daxil olmuş və 1989-cu ildə ali təhsilini başa vurmuşdur. 4 dekabr 1984-cü il tarixdən 11 mart 1994-cü il tarixədək İslah işləri idarəsinin Mərkəzi təchizat bazasında mülki vəzifədə işləmiş, 11 mart 1994-cü il tarixdən ədliyyə orqanlarında orta rəis heyəti qismində qulluğa qəbul edilmiş, 9 fevral 2005-ci il tarixdə tutduğu vəzifədən (İntendant təchizat və ticarət bazasının rəisi vəzifəsindən) azad edilərək ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı 20 ildən artıq xidmət etmiş əməkdaş kimi barəsində məlumat vərəqəsinin tərtib edilərək, aidiyyəti quruma – DSMF orqanına göndərilməsi xahişi ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə müraciət etmişdir. Lakin cavabdeh onun xidmət müddətinin qanunla müəyyən edilmiş həddən az olması əsası ilə məsələnin həllindən imtina etmişdir. Cavabdeh onun 1984 – 1994-cü illərdə İslah işləri idarəsinin Mərkəzi təchizat bazasında işlədiyi müddəti qulluq müddətinə daxil etməmişdir. Cavabdehin mövqeyinə görə (hərbi xidmət, ali təhsil müddətləri vvə digər xüsusatlar nəzərə alınmaqla) onun xidmət müddəti təqdim hesablaması ilə 15 il 7 ay 12 gün, güzəştli hesablama ilə 18 il 9 ay 2 gün təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndiror və 20 ildən artıq xidmət etmiş Penitensiar xidmət əməkdaşı kimi barəsində məlumat vərəqəsi tərtib edilərək, aidiyyəti quruma göndərilməsini tələb edir. Məhkəmənin qənaəti isə belədir ki, penitensiar xidmətdə qulluq keçmiş əməkdaş kimi hazırkı İddiaçı 1984 – 1994-cü illərdə işlədiyi İslah işləri idarəsinin Mərkəzi təchizat bazası penitensiar müəssisə (cəzaçəkmə müəssisəsi, istintaq təcridxanası), eləcə də azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsi sayılmadığından, onun həmin qurumda xidmət dövrü «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 39.2-ci maddəsinin və AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin təsir dairəsinə aid edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Odur ki, iddiaçının tələbi əsassız sayılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı «iddiaçının barəsində məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı «iddiaçının barəsində məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8303/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8303/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver