Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8306/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 24 dekabr 2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin həmin pensiyanın ödənişləri 8 may 2019-cu il tarixdən dayandırılmışdır. Pensiya ödənişlərinin bərpa edilməsi barədə “Dayanıqlı Operativ Sosial Təminat” Agentliyinin 3 saylı Bakı "DOST" mərkəzi vasitəsi ilə şikayət ünvanlanmışdır. Verilən cavabda bildirilmişdir ki, müraciətə və ona əlavə olunmuş sənədlərə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. İddiaçı 24 dekabr 2014-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. DSMF Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi tərəfindən tərtib olunmuş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"larda (B3 formalı) fiziki şəxs X5 (VÖEN **********) fəaliyyət göstərdiyi 1 yanvar 2009-cu il tarixdən 1 aprel 2014-cü il tarixədək 5 il ərzində sığortaolunan kimi qeyd olunan İddiaçı adına müvafiq məlumatlar “RPA" kompüter proqram modulunun fərdi uçot sistemində işlənmə tarixi aşkarlanmadı. Halbuki, İddiaçı adına dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması üçün “Q3” formalı elektron ərizəsi “RPS” kompüter proqram modulunun fərdi uçot sisteminə 30 aprel 2001-ci il tarixdə Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi tərəfindən doldurulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, 8 may 2019-cu İİ tarixdə İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası ləğv olunmuşdur. Verilən bu cavabdan Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir (iş nömrə 2-1(112)-235/2021). Məhkəmədə cavabdehin nümayəndəsinin iştirakı ilə müəyyən araşdırmalar aparılmış səlahiyyətli orqanlara sorğular verilmişdir. Məhkəmə baxışının gedişində cavabdehin nümayəndəsi tərəfindən etiraz verilərək iddiaçının əlillik müddətinin bitməsi və yeni əlillik təyinatının olmaması bildirilmişdir. Həqiqətən məsələnin belə olduğundan, iddia ərizəsinin geri götürülməsi məqsəduyğun bilinmişdir. Hazırda iddiaçıya müddətsiz əlilik təyin olunmuş və pensiyamın bərpa edilməsi üçün əsas maneə aradan qalxmışdır. Bununla əlaqədar 11 mart 2022-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı pensiyanın bərpa edilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətə uzun müddət cavab verilməmişdir. 18 aprel 2020-ci il tarixdə 142 saylı sorğu mərkəzinə ünvanlanan zəngə sistem üzərindən ərizənin təmin olunduğunun göründüyü, lakin 25 aprel 2022-ci il tarixdə zəng edilərək xahişin təmin edilmədiyi bildirilmişdir. Yuxarıda göstərilən nöqsanlar pensiyanın ləğv edilməsinə əsas ola bilməz. Birincisi, həmin nöqsanlar iddiaçı tərəfindən yox, müvafiq səlahiyyətli orqanlar tərəfindən buraxılmışdır. İkincisi, pensiya təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının təsdiq olunmasına əsas olan sığorta ödənişləri DSMF-yə ödənilmiş və bu barədə DSMF orqanlarının özünün müvafiq aktı pensiya işinə əlavə edilmişdir. Eləcə də həmin ödənişlərin hansı qayda sənədləşdirilməsi və bu sahədə işçilərin hüquqlarının qorunması sosial müdafiə orqanlarının öz vəzifələrindən biridir. Məlumdur ki, həmin dövrdə yeni sistemə keçidlə bağlı aparılan işlərin təşkilində buraxılmış qüsurlarla əlaqədar yüzlərlə çoxsaylı vətəndaşlar sosial sığorta stajlarını rəsmiləşdirməkdə hələ də çətinlik çəkirlər. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı 8 may 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 oktyabr 2022-ci il tarixli məktubunda (yazılı etirazda) bildirilir ki, İddiaçı iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı əlillik dərəcəsinin bərpa edildiyi üçün 11 mart 2022-ci il tarixdə əmək pensiyasının bərpa edilməsi tələbi ilə cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun bu tələbinə haqlı olaraq imtina verilmişdir. Xidməti yoxlama zamanı İddiaçı sığorta stajı olmadığı halda ona İİ dərəcə əlilliyə görə əmək pensiysı təyin edildiyi aşkar edilmiş və bu səbəbdən 30 aprel 2019-cu il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun vətəndaş müraciət edən zaman qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx xxxxxxxx 1992-ci il təvəllüdlü İddiaçı 24 dekabr 2014-cü il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin xidməti yoxlama zamanı İddiaçı sığorta stajı olmadığı halda ona İİ dərəcə əlilliyə görə əmək pensiysı təyin edildiyi aşkar edilmiş və bu səbəbdən 30 aprel 2019cu il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İlk olaraq, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İddiaçı əmək fəaliyyətini təsdiig edən müvafig sənəd – əmək kitabçası yoxdur. İddiaçıya ünvanlanmış 23 may 2022-ci il tarixli **********0 nömrəli imtina məktubunda qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala 8 sentyabr 2022-ci il tarixli **********0 nömrəli xidməti məktubla müraciət edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 7 oktyabr 2022-ci il tarixli **********6 nömrəli xidməti məktubla sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin 26 aprel 2019-cu il tarixli aktının surətində qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi tərəfindən tərtib olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (B3 formalı) fiziki şəxs X5 (VÖEN **********) fəaliyyət göstərdiyi 1 yanvar 2009-cu il tarixdən 1 aprel 2014-cü il tarixədək 5 il ərzində sığortaolunan kimi qeyd olunan İddiaçı adına müvafiq məlumatlar “RPA” kompüter proqram modulunun fərdi uçot sistemində işlənmə tarixi aşkarlanmadı. Halbuki, İddiaçı adına dövlət sosial sığorta şəhadətnaməsinin hazırlanması üçün “Q3” formalı elektron ərizəsi “RPS” kompüter proqram modulunun fərdi uçot sisteminə 30 aprel 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi tərəfindən doldurulmuşdur. Qeyd olunanlara əsasən 1 yanvar 2009-cu il tarixdən 1 yanvar 2014-cü il tarixədək 5 il əmək fəaliyyəti dövrünün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçı sığorta stajı «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində tələb olunan şərtlərə cavab vermədiyi üçün pensiya hüququ yaranmır. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddia təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə və İPM-in 47.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 1992-ci il təvəllüdlüdür. DSMF orqanı tərəfindən ona «Əmək pensiyaları haqqında» Qanunun 12-ci maddəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan tərəfindən 8 may 2019-cu il tarixdən dayandırılmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müsbət nəticə əldə olunmamış, eləcə də pensiyanın bərpa olunması ilə bağlı hərəkət aparılmamışdır. Pensiya ödənişinin dayandırılması əsası kimi bildirilmişdir ki, DSMF orqanı tərəfindən tərtib olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (B3 formalı) fiziki şəxs X5 (VÖEN **********) fəaliyyət göstərdiyi 1 yanvar 2009-cu il tarixdən 1 aprel 2014-cü il tarixədək 5 il ərzində sığortaolunan kimi qeyd olunan İddiaçı adına müvafiq məlumatlar “RPA” kompüter proqram modulunun fərdi uçot sistemində işlənmə tarixi aşkarlanmamışdır, bu səbəbdən də iddiaçının 2009 – 2014-cü illər üzrə əmək fəaliyyəti sığorta stajına daxil edilməmişdr. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və ona təyin ounmuş əmək pensiyasının bərpasını tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məhkəmə icraatında məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır və inzibati orqan bu hərəkətini “sığortaedən fiziki şəxsin 2009- 2014-cü illər üzrə təqdim etdiyi müvafiq hesabatlarda sığortaolunan kimi qeyd olunan İddiaçı adına müvafiq məlumatlar “RPA” kompüter proqram modulunun fərdi uçot sistemində işlənmə tarixi aşkarlanmaması, bu səbəbdən də iddiaçının 2009 – 2014-cü illər üzrə əmək fəaliyyəti sığorta stajına daxil edilməməsi” ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaçının nümayəndəsinə ünvanlanmış 18 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, «Sosial sığorta haqqında» Qanunun 8-ci maddəsinə əsasən sosial sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanuna və sığortaedənlər tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən İddiaçı 1 yanvar 2009-cu il tarixdən 31 yanvar 2013-cü il tarixədək sosial sığorta stajı 5 ildir. Göründüyü kimi, cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəızi Filialının hazırkı iddia üzrə imtinasının əsası kimi təqdim edilən xüsusat DSMF-nin müvafiq səlahiyyətli digər qurumu tərəfindən verilmiş məktubla (arayışla) tam təkzib olunur. Bununla da, İddiaçı 2009 – 2014-cü illərdə 5 il sığorta stajı toplaması cavabdeh inzibati orqanın heç bir mötəbər dəlili və sübutu ilə təkzib olunmur. İddiaçının 2014-cü ildən ikinci qrup əlil olması isə, işin mübahisə olunmayan hallarına aiddir. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddələrinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11.1, 13, 17, 19-cu maddələrinə zidd sayılmalı və İddiaçı sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırıldığı 8 may 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırıldığı 8 may 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8306/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8306/2022
18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver