Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-831/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən "5404" saylı 0,12 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə təqdim etdiyi sonuncu ərizədə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 1091 kv.metr sahəsi olan 5404 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 1/44 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən "5404" saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 165 nömrəli kooperativ tərəfindən 27 mart 1990-cı il tarixli sözügedən sərəncama əsasən İddiaçı verilmiş xx.xx.1997-ci il tarixli, 24 nömrəli orderə əsasən, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0, 12 ha olan torpaq sahəsi ayrılması öz təsdiqini tapır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhər Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən "5404" saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan iddiaçının məktubuna xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. Səbəb olaraq isə tərəfindən təqdim edilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar olunmadığı və eyni nömrəli BTK-nın nəzdində onun adına "326a" saylı orderin verildiyi, lakin sxematik xəritə ilə "326a" saylı bağ nömrəsinin ərazisinə uyğun gəlmədiyi göstərilmişdir. Lakin iddiaçı hesab edirəm ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Lakin eyni nömrəli BTK-nın nəzdində iddiaçının adına eyni qərar əsasında “326a” saylı bağ sahəsinə dair orderin verildiyi aşkar olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə “326a” saylı bağ nömrəsinin ərazisinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsi qonşu sahə ilə umumi hasar daxilində yerləşir, sənəd üzrə 1200 kv.m olsa da, faktiki 1091 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır və bu barədə **********20 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 5404 saylı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -“Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, xx.xx.1988-ci il tarixli və Bakı şəhər Sovetinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli qərarlarına uyğun olaraq 165 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş və onlara bağ sahəsi ayrılmışdır. Həmin siyahıdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan əmək veteranı İddiaçı 165 nömrəli bağlar-tikinti kooperativi üzvlərinin siyahısında 24-cü sırada göstərilmişdir. -Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatinin inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 165 nömrəli kooperativi tərəfindən verilmiş 24 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 165 №li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 5404 №li bağ sahəsi ayrılmışdır. -cavabdeh inzibati orqan tərəfindən Ləhiş bağlar sahəsindəki 165 nömrəli BTK-nın arxiv qovluğunda saxlanılan 165 nömrəli BTK tərəfindən iddiaçıya verilmiş xx.xx.1990-cı il tarixli, 24 nömrəli orderdən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 1/44 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına əsasən Ləhiş bağlar sahəsindən 0,12 ha sahəsi olan 2124 nömrəli bağ sahəsi ayrılmışdır. Orderin sol hissəsinin kənarında “bağ N326 a- 0,12 ha” qeydi aparılmış və adı qeyd olunmayan şəxs tərəfindən imzalanmışdır. - Bakı şəhər bağlar idarəsinə ünvanlanmış ərizədən görünür ki, 165 nömrəli BTK üzvü olan X3 bağ massivindən ona ayrılmş 2124 nömrəli dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. -Cavabdeh inzibati orqanın məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman 5404 və 5403 saylı bağ kimi göstərilən sahənin bir hasar daxilində olduğu, ara sərhədlərinin şərti olduğu, idarənin arxiv məlumatlarından Ləhiş bağ massivində yerləşən 5404 saylı bağ sahəsinə dair sənədin aşkar olunmamışdır -Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 iyul 2022-ci il tarixli Qərarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 iyun 2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 5403 və 5404 saylı bağ sahələrinə dair orderlər də daxil olmaqla bir sıra şəxslərin adlarına verilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyinə şübhə yarandığından həmin sənədlərlə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Araşdırma nəticəsində İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən hüquqların qeydiyyatı üçün təqdim edilmiş sənədlərlə bağlı toplanmış materialda hər hansı bir cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsasla material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçiriən Bakı Şəhər Prokurorluğuna, maraqlı şəxslərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “5404” saylı 0,12 ha torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin.
2. Naturada göstərilən torpaq sahəsinin sərhədləri, yerləşdiyi yer, döngə nöqtələri və koordinatları müəyyən edilsin.
3. Naturada göstərilən torpaq sahəsi bağların bölgü sxeminə əsasən 326a, 2124 yoxsa 5404 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir?
4. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5404” saylı 0,12 ha torpaq sahəsi 165 nömrəli Bağlar Tikinti Kooperativinin ərazisinə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1851 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: 1, 2-ci suallar üzrə: 5404 və 5403 saylı bağ kimi göstərilən sahə bir hasar daxilindədir (ara sərhədləri şərtidir). 5404 saylı bağ kimi göstərilən torpaq sahəsi faktiki olaraq 0.1091 ha təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. 3-cü sual üzrə: Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi 5403 və 5404 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 4-cü sual üzrə: Bağlar Tikinti Kooperativi 165-də 5404 nömrəsi qeyd olunmayıb. Həmçinin BTK-ların ərazisinin xüsusi ayrıcı vahid elektron kadastr məlumat bazasında yoxdur (BTK-lar səpələnmiş şəkildə fərqli ərazilərdə yerləşən bağ nömrələrindən ibarət olur). Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarına uyğun olaraq Ləhiş bağlar sahəsində 165 №li BTK təşkil edilmiş və iddiaçı həmin kooperativə üzv qəbul edilərək ona əvvəlcə həmin BTK nəzdindən 2124 saylı bağ sahəsi ayrılmışdır. Sonradan iddiaçı Bağlar idarəsinə müraciət edərək bağ sahəsinin dəyişdirilməsini xahiş etmiş və Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.1997-ci il tarixli, 24 nömrəli orderinə əsasən 0,12 ha torpaq sahəsi olan 5404 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı qeyd olunan orderə istinad edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.89-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 nömrəli qərarı əsasında səlahiyyətli orqan tərəfindən ona verilmiş xx.xx.1997-ci il tarixli, 24 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Orderin verilməsi üçün əsas olan Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli, 1/44 nömrəli qərarının arxiv əsası mövcuddur, iddiaçının adı sözügedən BTK-nın üzvləri siyahısında aşkar edilir. Həmçinin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqanın müraciəti əsasında aidiyyəti hüquq-mühafizə orqanında aparılmış araşdırma ilə təqdim edilmiş orderin saxtalığı müəyyən edilməmiş, bəraətverici əsasla cinayət işinin başlanılması rədd edilmiş, sözügedən qərar cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən iddiaçıya 5404 saylı bağ sahəsinin ayrılmasına dair xx.xx.1997-ci il tarixli orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin əsli və yuxarıda vurğulandığı kimi, həmin orderin verilməsi üçün əsas olmuş qərar mövcuddur və iddiaçının 165 nömrəli BTK üzvü olması cavabdeh inzibati orqandakı arxiv siyahısı ilə də təsdiqlənir. İddiaçının adına eyni BTK-da 326a saylı bağ sahəsinin ayrılmasına dair cavabdeh tərəfindən hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Belə ki, cavabdehin bu məsələdə istinad etdiyi yeganə əsas 165 nömrəli BTK nəzdindəki Ləhiş bağlar sahəsindən iddiaçıya ilkin olaraq 2124 nömrəli bağ sahəsinin verilməsinə dair orderin kənarında “bağ № 326 a- 0,12 ha” qeydi aparılması və adı məlum olmayan şəxs tərəfindən imzalanmasıdır ki, bu qeydlər torpaqayırma sənədi kimi qəbul edilə bilməz. Həmçinin, hazırda iddiaçının istifadəsində olan sahənin 326a saylı bağın ərazisinə deyil, ümumi hasar daxilində yerləşən 5403 və 5404 saylı bağ sahəsinə uyğun gəlməsi həm cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə, həm də iş üzrə keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir. İddiaçıya ayrılmış 5404 saylı bağ sahəsinin qonşu sahə ilə (5403 saylı bağ) ümumi ərazi daxilində yerləşməsi qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Bundan başqa qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Torpaq sahəsinin faktiki sahəsinə gəlincə, iddianın dəqiqləşdirilməsinə dair ərizədən göründüyü kimi, iddiaçı hazırda 1091 kv.metr torpaq sahəsi üzərində hüquqlarına qeydiyyatına iddi edir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 5404 saylı 1091 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ massivi ərazisində yerləşən 5404 saylı 1091 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov