Məhkəmə qərarları › İş №2-1(112)-8312/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8312/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8312/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı 26 may 2023-cü il tarixdə dəqiqləşmə vermişdir. Məhkəmənin hüquqi yardımla bağlı təklifinə əsasən iddiaçı tələbini yenidən dəqiqləşdirərək məhkəmədən 05 iyun 2023-cü il tarixli ərizə ilə əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 64,92 kv.m olan mənzil sahəsi mülkiyyət hüququnu təsdiq edən çıxarışla ona məxsus olmuşdur. Bundan sonra mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında cavabdehə müraciət edilmiş, cavabdeh çıxarışla qeyri-yaşayış sahəsini adına rəsmiləşdirsə də, ölçü 70,09 kv.m kimi göstərilmişdir. Halbuki, həmin qeyri-yaşayış sahəsinin sərəncamdan da görünür ki, çoxdur. Həmin əlavə sahə nəzərə alınmadan çıxarışın verilməsi əsassızdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinə 62,2 kv.m sahə inşa edilmiş və həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, ümumi sahəsi 64,92 kv.m olan mənzil iddiaçının mülkiyyətində olmuşdur. Yerli icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş texniki rəydən görünür ki, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına hər cür şərait yaradılmış, halhazırda da həmin mənzil qeyri-yaşayış kimi istifadə edilməkdədir. Bu səbəbdən də Komissiya hesab edir ki, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür. Qəbul komissiyasının aktından görünür ki, mənzilin ümumi sahəsi 142,80 kv.m (66,40 kv.m əlavə tikili) təşkil edir və onun qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür. Yerli icra hakimiyyəti orqanının sərəncamından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış və müvafiq qaydada sənədləşmə işlərinin aparılması üçün sərəncamın surətinin aidiyyəti orqanlara o cümlədən cavabdehə təqdim edilməsi müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanının iddiaçıya ünvanlanmış bildirişindən də görünür ki, ümumi sahəsi 142,80 kv.m olan mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması ilə bağlı sərəncamın qəbulu barədə iddiaçı məlumatlandırılmışdır. Çıxarışdan görünür ki, ümumi ölçüsü 70,09 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. İşin faktiki hallarından görünür ki, mübahisə qeyri-yaşayış sahəsinə 62,2 kv.m sahə inşa edilmiş və həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşməsi ilə bağlıdır. Cavabdeh həmin əsasa istinad etməklə hüquqların dövlət qeydiyyatından imtina edir. Qeyd olunmalıdır ki, hazırkı növ iddia öhdəliyin icrası növündə iddia olduğundan AR İPM-nin 14-cü maddəsinin tələbinə uyğun olaraq iddianın təminini istisna edən hallar məhz cavabdeh tərəfindən sübut edilməlidir. Cavabdeh isə həmin imtinanı legitim edən halı sübuta yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. İddiaçı isə iddianı təminini istisna etməyən halı sübuta yetirmişdir ki, həmin hal digər bir dövlət orqanı tərəfindən tərtib edilmiş yerli icra hakimiyyəti orqanının qəbul komissiyası aktı və texniki rəyə uyğun olaraq inzibati icraat aparmaqla tərtib etdiyi sərəncamdır. Həmin sərəncamla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Yuxarıda adıçəkilən mənzil qanunvericiliyin tələbindən də göründüyü kimi cavabdehin əlavə tikililərin inşa edilməsi barədə mövqeyi adıçəkilən tələblərlə ziddiyyət təşkil edir. Mənzil qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlakda yenidən qurma işlərinin artırılması, əlavə tikililərin inşa edilməsinə dair hər hansı qadağan mövcud deyil. Həmin yenidən qurma işlərinin aparılması və əlavə tikililərin inşa edilməsi aidiyyəti inzibati orqanın razılığı və texniki tələblər gözlənilməklə mümkündür ki, səlahiyyətli qurum kimi yerli icra hakimiyyəti orqanı da razılaşdırılmış layihə, qəbul komissiyası aktı və texniki rəyə uyğun olaraq müvafiq sərəncamla 66,40 kv.m əlavə tikilinin inşa edilməsi ilə birgə 142,80 ölçüdə olan əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsinə razılıq vermişdir. Bu zaman isə, cavabdehin istinad etdiyi imtina əsasları müəyyən edilməmiş, sərəncamla qeyri-yaşayış sahəsi kimi iddiaçının hər hansı şəxsin hüquqi maraqlarına toxunmadan əmlakın istifadəsinin qanuniliyi tanınmışdır. Nəzərə alınmalıdır ki, inzibati orqanın adıçəkilən sərəncamı qüvvədədir, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı adıçəkilən sərəncamı, aidiyyəti komissiyanın aktı və texniki rəyi, o cümlədən razılaşdırmış layihəni nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Məhkəmə, həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair çıxarışda nəzərdə tutulmuş ölçü 70.09 kv.m-dir. Əlavə inşa edilmiş sahə isə sərəncamdan görünür ki, 66,4 kv.m-dir. Məhkəməyə təqdim edilmiş layihədən görünür ki, mülkiyyət hüququnun qeydə alınması tələb edilməyən zirzəminin ölçüsü layihədə 26,4 kv.m təşkil edir. Göründüyü kimi iddiaçı tələbin həcmini azaltmaqla məhz 70,09 kv.m ölçüdə olan əmlakın ölçüsünün 40 kv.m də artırılmaqla, yəni zirzəmi nəzərə alınmamaqla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Nəzərə alınmalıdır ki, iddia tələbinin təmin edilməsi barədə qərar qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində ölçülərlə ehtimal olunan hər hansı anlaşılmazlıq (layihə və real ölçülərdə fərq yarandığı təqdirdə) həmin anlaşılmazlıq məhz zirzəmi sahənin qeydiyyat hərəkətlərinin aparılması zamanı ölçülərdən çıxılması məzmunu baxımından həll edilməli, mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən zirzəminin ölçüsü nəzərə alınmadan qeydiyyat hərəkətləri edilməlidir. Cavabdehin iddia ərizəsinə etiraz və təqdim etdiyi vəsatətdən də görünür ki, cavabdeh birdən çox sahəyə xidmət etmə əsası ilə istinad olunan zirzəminin də özəlləşdirilməsinə etiraz etmiş və həmin səbəbdən iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin də cəlb edilməsini xahiş etmişdir. Halbuki iddia tələbinə dəqiqləşmədən də görünür ki, həmin sahənin özəlləşdirilməsi ilə bağlı hal aradan qalxmış, iddiaçı hazırkı iş üzrə qeyd olunan zirzəminin özəlləşdirilməsini sonradan həmin sahəyə dair iddia vermək hüququ saxlanılmaqla tələb etməmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-263/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarında da qeyd edilmişdir ki, . Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından keçirilən sahənin bəyan edilmiş məqsədlərə, eləcə də həmin məqsədlər üçün istifadə üzrə tələblərə uyğun və istismara yararlı olması yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə) keçirilməsi proseduru çərçivəsində yoxlanılmalı olan məsələlərdir və rayon icra hakimiyyətinin məsuliyyət sferasına və səlahiyyətinə aiddir. Başqa sözlə, həmin məsələlər keçirilmə haqqında qərarın qəbulunadək həllini tapmalıdır və keçirilmə barədə qərarın qəbul olunması keçirilən sahənin qeyd edilən tələblərə uyğunluğunun müəyyən edilməsi anlamında qiymətləndirilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın qəbulu həmçinin keçirilən sahənin istismara hazırlığı ilə bağlı tələblərin də yoxlanıldığını və nəzərə alındığını ehtiva edir. Əks təqdirdə, yaşayış sahəsinin həmin tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməsi istisna olunardı. Belə yanaşma həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə, tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu mənada keçirilməyə dair qərar yekun qərar anlamında qəbul olunmalı və keçirilmiş sahə üzərində hüququn reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir. İş üzrə materiallara əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Tovuz rayonu Cəlilli kəndində iddiaçıya məxsus 0.41 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 262.90 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Tovuz rayon İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəmi sahə (layihədə 26,4 kv.m göstərilən) çıxılmaqla yerdə qalan 40 kv.m sahə əlavə kimi nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar