Məhkəmə qərarları › İş №2-1(112)-8316/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8316/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8316/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 180 saylı evin, 46 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 158 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 1993-cü ildən qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, bina 180, 46 saylı mənzil üzərində ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin xx.xx.2012-ci il tarixli **********13 saylı imtina məktubunun qanunsuz sayılmasına və sözügedən mənzil sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, bina 180 ünvanında yerləşən 46 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsini xahiş etmiş, məhkəmə iddianın dəqiqləşdirilməsini qəbul etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il tarixdən ünvan 2 ünvanında yerləşən mənzilin icarədarıdır, sözügedən mənzilin 1993-cü il tarixdən bütün kommunal xərclərini ödəyir, hazırda həmin mənzildə oğlu X4 ilə birlikdə qeydiyyatdadır. xx.xx.2012-ci il tarixdə isə İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin icarədarı olmasına dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı sərəncam vermişdir. İddiaçı sözügedən mənzilin icarədarı kimi öz adına özəlləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Sözügedən 46 saylı mənzilin 1993-cü il tarixdən bütün kommunal xərclərini ödəyir. Həmin mənzilə bu günə qədər hər hansı şəxs tərəfindən iddia edilməmiş və ya hər hansı mübahisə yaranmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququn qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İşdən görünür ki, iddiaçı ilk dəfə cavabdehə 2012-ci ildə müraciət etmiş, cavabdeh xx.xx.2012-ci il tarixli **********13 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin 48 və 146-cı maddələrinə əsasən iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamışdır. İnzibati prosessual qanunvericiliyin öhdəliyin icrası haqqında iddia ilə bağlı iddia müddəti müəyyən etmədiyini, habelə iddiaçının sonradan, xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət etdiyini (məhkəmə icraatı zamanı olsa belə), cavabdehin isə iddiaçının tələbini təmin etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bütün mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən müəyyən edilir ki: - Nəsimi Rayon İcra Hakimiyyətinin 2 mart 1992-ci il tarixli, 205/35 saylı sərəncamından görünür ki, həmin sərəncamla X3 ünvan 5 ünvanına daimi qeydiyyata alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında xx.xx.1994cü il təvəllüdlü X4 xx.xx.2011-ci il tarixdən hazıradək, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1488/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 və maraqlı şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Əsgərova küçəsində yerləşən 180 saylı evin 46 saylı mənzilinə dair X2 ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və onun həmin mənzilin icarədarı hesab edilməsi və onunla həmin mənzilə dair Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən yeni icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və ünvan 6-a dair X2 ilə bağlanılmış icarə müqaviləsi ləğv edilərək İddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, qəbul edilmiş qətnamə İddiaçı ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti arasında ünvan 6-a dair müqavilə bağlanması üçün əsasdır. - Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 158 nömrəli sərəncamından görünür ki, S.Əsgərova küçəsi, 180 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 31,0 kv.m. olan 46 nömrəli mənzilinə dair X2 ilə bağlanmış icarə müqaviləsi ləğv edilmiş, icarə müqaviləsi İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Sərəncamın 2-ci hissəsinə əsasən 17 saylı MKİS-də vətəndaş İddiaçı adına 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) şəxsi hesab vərəqəsi açılması tapşırılmışdır. - Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, S.Əsgərova küçəsində yerləşən 180 saylı ev Nəsimi rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansındadır və həmin 46 saylı ev dövlət mənzil fonduna aiddir. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 8, 46 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat və İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - X4 tərəfindən imzalanmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 180 ünvanında yerləşən 46 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və texniki pasportun verilməsinə etiraz etməmişdir. İddiaçı hazırda 46 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının hüquqlarının xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etsə də, iddiaçının mübahisəli mənzilə 1993-cü ildə qeydiyyata alınmasını, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə hüququnun həmin tarixdən yaranmasının tanındığını nəzərə almamışdır. Belə ki, işdə olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-1488/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “Tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, S.Əsgərova küçəsi 180 saylı evin 46 saylı mənzilinə dair 1992-ci il tarixdə Nəsimi rayon icra Hakimiyyəti ilə X2 arasında icarə müqaviləsi bağlansa da, mübahisəli mənzildə yaşamamış və 2005-ci il tarixdə sözügedən mənzildən qeydiyyatdan çıxmaqla Bərdə rayonu, Əmirli kəndində yaşamaqla mübahisəli mənzilə heç bir aidiyyatı yoxdur və olmamışdır. İddiaçı isə oğlu X4 ilə birlikdə 1992-ci ildən daimi olaraq sözügedən ünvanda yaşamağa başlamış və hazırkı vaxta kimi yaşamaqda davam edirlər. Hazırda mübahisəli mənzilə dair icarə müqaviləsinin cavabdehin adına formal qalması səbəbindən iddiaçı mübahisəli mənzillə əlaqədar digər hüquqi xarakterli hərəkətlərini həyata keçirə bilmir. Məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzilə dair cavabdehin adına bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və bu müqavilənin İddiaçı adına dəyişdirilməsi heç bir formada S.Hacıyevanın mənzil və digər hüquqlarının pozulmasına gətirib çıxarmır. Belə ki, mübahisəli mənzilə dair icarə müqaviləsi Simuzər Hacıyevanın adına olsa da, onun faktiki olaraq göstərilən ünvanda deyil, Bərdə rayonu, Əmirli kəndində yaşaması, beləliklə də bu müqavilənin formal əsaslarla bağlanması həmçinin cavabdehin İcra Hakimiyyətinə ünvanladığı notariat qaydada təsdiq edilmiş ərizəsinin məzmunu ilə təsdiq edilir.” İddiaçı mübahisəli mənzilə qeydiyyata alınarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, 2009-cu ilədək mənzilin icarədarı Nəsimi Rayon İcra Hakimiyyətinin 2 mart 1992-ci il tarixli, 205/35 saylı qərarına əsasən S.Hacıyeva müəyyən olunsa da, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının onun razılığı ilə mübahisəli mənzilə köçürülməsi, mənzildə təsərrüfatı S.Hacıyevanın deyil, məhz iddiaçının aparması təsbit edilmişdir. Bu isə iddiaçının icarədarla eyni hüquqlara, o cümlədən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzili özəlləşdirmək hüququna malik olması deməkdir. Çünki həmin Qanuna əsasən mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 2009-cu ilədək yaranmış hüquqlarının 2012-ci ildə rəsmiləşdirməsi onun hüquqi vəziyyətini pisləşdirən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Buna görə də iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 8 ünvanında yerləşən 46 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar