Məhkəmə qərarları › İş №2-1(112)-8316/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8316/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8316/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5, İddiaçı7, İddiaçı6, X7 (18 yaşı tamam olmayan) və X4 (14 yaşı tamam olmayan) Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanına pasport qeydiyyatına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvləri (oğlu İddiaçı2, oğlu İddiaçı3, gəlini X3, nəvələri - İddiaçı5, İddiaçı6, İddiaçı7, X10 və X8) Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-15061/2023 nömrəli qərarına əsasən Xəzər Rayon Polis İdarəsi tərəfindən məcburi qaydada dayısı oğlu X2 şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 68.30 kv.m olan fərdi evdən pasport qeydiyyatından çıxarılmışdırlar. Həmin evdən qeydiyyatından könüllü surətdə çıxmamağına səbəb faktiki olaraq yaşadığı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanına qeydiyyata düşə bilməməyi olmuşdur. Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanına pasport qeydiyyatına düşmək üçün müraciətinə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli, 3-13-45/2-R-26385/11/24 nömrəli imtina məktubunda bildirmişdir ki, bu evin hüquqi sənədi olmadığından iddiaçı və ailə üzvlərini həmin ünvana qeydiyyata almaq mümkün deyildir. İddiaçı və ailə üzvlərinin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Mərhum həyat yoldaşı X9 işlədiyi zavodda uzun müddət mənzil növbəsinə durmuşdur. 1989-cu ildə baş verən hadisələr, respublikamıza məcburi köçkünlərin gəlməsi ilə əlaqədar həyat yoldaşı ev növbəsindən çıxarılaraq, ona keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 1 nömrəli Qərarına əsasən Buzovna qəsəbəsində 3/24 nömrəli sahədə fərdi ev tikmək üçün 600 kv.m torpar sahəsi ayrılmışdır. 1991-ci ildən, artıq 34(otuz dörd) ilə yaxındır ki, həmin sahədə tikilmiş fərdi evdə yaşayırlar. Bu evə hüquqi sənədi ala bilməsələr də, 3/24 nömrəli sahədə tikilmiş bu evə - Buzovna qəsəbəsi, ünvan 1 ünvanı verilmişdir. Həyat yoldaşı Erşad Rəhimovun xx.xx.2017-ci il tarixində ölümü ilə əlaqədar iddiaçının adına Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunda vərəsəlik işi də açılmışdır. Notariat Kontorunun xx.xx.2018-ci il tarixli məktubuna əsaslanaraq, Dövlət Reyestrindən Çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə, müvafiq sənədlərlə birlikdə “torpağın yerləşmə sxemi” istənilmişdir. Yerləşmə sxeminin alınması üçün Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, bu ərazilərin AR Dövlət Neft Şirkətinə(SOCARa) aid olduğu üçün verə bilməyəcəklərini bildirmişlər.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıların hal-hazırda yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanının hüquqi sənədi olmadığından iddiaçı və ailə üzvlərinin həmin ünvana qeydiyyata alınması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvqafiqdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 15, 15 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinə etiraz edilmir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

9. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

11. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmağı tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir.

17. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeydiyyata alınmağı tələb etdikləri evin ünvan göstəricisi yoxdur və həmin fərdi yaşayış evi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur.

18. Lakin məhkəmə müəyyən edir ki, iddiaçılar faktiki olaraq Xəzər rayonun inzibati ərazisində qeydiyyatsız yaşayır. Belə ki, şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Şəxsiyyət vəsiqəsinin deaktiv statusu vətəndaşın dövlət və cəmiyyət qarşısında qeyd edilən vəzifələrini icra etməsi və ya konstitusion hüquqlarını həyata keçirmə imkanını mümkünsüz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamında qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Odur ki, iddiaçının polisin inzibati binasında qeydiyyata alınmaları üçün müraciət etmək hüququ vardır.

19. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz deyil, bu səbəbdən iddia təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar