Məhkəmə qərarları › İş №2-1(112)-8317/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8317/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8317/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələblərinə müvafiq olaraq Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli imtina kimi təqdim edilmiş qərarı ləğv olunaraq mənzil növbəsinə götürülməsi və xx.xx.2022-ci il, yəni imtina edilən tarixdən mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün verilən kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdən (müraciətinə cavabdeh tərəfindən imtina cavabı verilən tarixdən) ailə üzvləri ilə birlikdə (özü, arvadı) mənzil növbəsinə götürülməsi və ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 21 il müddətində xidmət etmişdir. xx.xx.2014-cü ildə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla Dövlət Sərhəd Xidmətindən öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı xx.xx.2022-ci ildə cavabdehə güzəştli mənzil növbəsinə götürülməsi və mənzil alanadək kirayə pulu ilə təmin olunması ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı cavabdehə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ olduğu, “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığına görə sözügedən qanunun ona şamil olunmadığı bildirilmişdir. Qanunvericiliyin tələbindən görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması, yaşayış sahəsinin olmaması, 15 təqvim ili və daha çox xidmət etməsi tələb olunur. Qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlər tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən təqdim olunmuş 83 saylı xx.xx.2022-ci il tarixli arayışdan məlum olmuşdur ki, mayor İddiaçı Fərəhim oğlu xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant kimi, xx.xx.1997-ci ildən xx.xx.2014-cu ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisi - X3 xx.xx.2014-cü il tarixli 2475 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər şamil edilmir. Bundan başqa iddiaçı xx.xx.2014-cü ildən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına baxmayaraq 8 ildən sonra mənzil növbəsinə alınmasına dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarın 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat, başqa şəhər və rayon mərkəzlərində - 75 manat, digər yaşayış məntəqələrində - 55 manat. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Ehtiyatda olan hərbçi kimi mənzil növbəsinə götürülməyinizə və kirayə pulu almağınıza köməklik göstərilməsi barədə Nəsimi rayon icra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Siz “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığınıza görə sözügedən Qanun Sizə şamil edilmir. İş materiallarında olan Azərbaycan Respublikası SHÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin 83 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1972-ci ıl təvəllüdlü ehtiyatda olan mayor İddiaçı Fərahım oğlu həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisi-X3 xx.xx.2014-cü il tarixli 2475 ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərnəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. xx.xx.2014-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası SHÇ üzrə DX-nin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 684 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1972-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Bakı Ali Komandirlər Məktəbini kursant kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2014-cü il tarixli 2475ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 191390 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı və X7 xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada isə Axundova soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xidmət etdiyi müddət ərzində Dövlət Sərhəd Xidməti tərəfindən xidməti və xüsusi mənzillə təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Bakı Ali Komandirlər Məktəbini kursant kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2014-cü il tarixli 2475ş/h nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi və ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının öz arzusu ilə hərbi xidmətdən tərxis olunduğuna görə müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ təsbit edilmişdir. Həmin qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4cü abzasında isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsi təsbit edilmişdir. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qeyd olunan normada şəxsin öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması əsası istisna edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı xidmət etdiyi müddət ərzində Dövlət Sərhəd Xidməti tərəfindən xidməti və xüsusi mənzillə təmin edilməmişdir, həmçinin iddiaçı və onun arvadı X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı (özü, arvadı olmaqla 2 nəfər ailə üzvü ilə birlikdə) mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Cavabdehin iddiaçının öz arzusu ilə ehtiyata buraxıldığını əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən (müraciətinə cavabdeh tərəfindən imtina cavabı verilən tarixdən) ailə üzvləri ilə birlikdə (özü, arvadı) mənzil növbəsinə götürülməsi və ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş kompensasiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar