Məhkəmə qərarları › İş №2-1(112)-8319/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8319/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8319/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs X1, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi) qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “arayışın verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasından miras qalmış Qaraçuxur qəsəbəsi M.Fətəliyev küçəsi, ev 15, mənzil 52 ünvanda yerləşən yaşayış sahəsinə iddiaçının hüquqları tanınmışdır. Atasında mənzil order əsasında verilmişdir. Forma 2 arayışının verilməsi barədə müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinə dəqiqləşmə təmin edilmiş, Bakı şəhər 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi cavabdehlər siyahısından çıxarılmış, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə cavabdeh qismində müəyyən edilmiş, iddia tələbi “ünvan 1 ünvanına dair 02 arayışının verilməsini təmin edilməsini cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, cavabdehin məhz Mənzil-Kommunal Təsərrüfat Departamenti olmalı olmasına münasibətdə də qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”-na uyğun olaraq Mənzil-Kommunal Təsərrüfat Departamenti inzibati orqan kimi iddiaya cavab vermək səlahiyyətinə malik olan qurumdur ki, iddia təmin ediləcəyi təqdirdə forma 2 arayışının verilməsinin təmin edilməsi, o cümlədən təmin edilmə çərçivəsində aidiyyəti tabeliyində olan qurumlara, o cümlədən birliyə və istismar sahəsinə göstəriş verilməsi onun səlahiyyətində olan məsələdir və tabeliyində olan qurumlar inzibati orqanın qanuni, o cümlədən məhkəmənin hüquqi mövqeyinə uyğun göstərişlərinin icrasına məcburdur. Odur ki, forma 2 arayışı birbaşa Departamentin özü tərəfindən verilməsə belə, inzibati orqanların təsnifatı baxımından müstəqil iddiaya cavab verməli olan qurum məhz Departamentdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Məktubdan görünür ki, iddiaçının miras əmlakın qəbulu barədə ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır. Orderdən görünür ki, 52 nömrəli mənzil iddiaçının atasına ayrılmışdır. 137 saylı Mənzil Kommunal İstismar Sahəsi məktubunda qeyd edilmişdir ki, mənzil sahibi vəfat etdiyindən və mənzildə qeydiyyatda olan şəxs olmadığından Forma 2 arayışının verilməsi uyğun olmamışdır. Mənzil Kommunal Təsərrüfatı Departamentinin məktubunda qeyd edilmişdir ki, bina 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məcburi köçkün məskunlaşmışdır. Mənzildə qeydiyyatda olan hər hansı bir şəxs yoxdur. Bu səbəbdən də mənzilə dair hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın (2 nömrəli forma) verilməsi mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdeh X2 və onun bütün ailə üzvləri ilə birlikdə 15 saylı evin 52 saylı mənzilindən çıxardılaraq mənzil iddiaçıya təhvil verilməlidir. 1 saylı Bakı Ərazi İdarəsinin 21 iyul 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mənzilə dair hüquqların dövlət qeydiyyatı ilə əlaqədarmənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (forma 2) arayışı də müraciətə əlavə edilməlidir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı cavabdeh inzibati orqandan atasının adına orderi olan vərəsəlik qaydasında adına keçirilməsini istəyən mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan mənzilə dair hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın (2 nömrəli forma) verilməsini xahiş etmiş, cavabdeh isə mənzilin sahibinin vəfat etməsi, eləcə də mənzildə hər hansı şəxsin qeydiyyatda olmamasına əsaslanaraq həmin arayışın verilməsindən imtina etmişdir. Məhkəmə, həmin imtinanın qanunsuz və əsassızlığı ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, adına order verilən şəxs vəfat etsə də, cavabdeh nəzərə almamışdır ki, iddiaçı vərəsəliklə bağlı həmin əmlaka dair cavabdehə müraciət etmiş, vərəsə qismində hüquqların realizəsinə cəhd etmişdir ki, o cümlədən orderdə olan şəxsin vəfat etməsi adıçəkilən arayışın verilməsindən imtina əsası qismində qiymətləndirilə bilməz. Vərəsəlikdən əlavə isə, qeyd olunmalıdır ki, orderdə iddiaçının atası və digər şəxslərlə yanaşı, 7-ci qrafada iddiaçının adı da qeydə alınmışdır ki, həmin hal iddiaçının da əmlak üzərində hüquqlarının realizəsi imkanını tanımaqdadır. Digər imtina ilə əlaqədar isə qeyd edilməlidir ki, mənzildə hər hansı şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmaması da imtina əsası qismində çıxış edə bilməz. Adından da göründüyü kimi forma 2 arayışı olan mənzilə dair hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışdır. Yəni, həmin arayışda mənzilə hüququ olan şəxslərin, misal üçün orderdə adıçəkilən şəxslərin, eləcə də iddiaçının adının qeyd edilməsinə dair inzibati araşdırmanın aparılmasına maneə olan hal müəyyən edilməmişdir ki, bununla əlaqədar mütləq qaydada qeydiyyatda olan şəxslərin adlarının göstərilməli olması qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması onun hər hansı əmlak hüququnun hər bir halda mövcudluğu qismində çıxış etmir. Odur ki, iddiaçıya həmin arayışın verilməsi üçün mütləq qaydada qeydiyyatın mövcudluğuna əsaslanma müraciətin qanunsuz olaraq təmin edilməməsi anlamına gəlir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, adıçəkilən arayışın digər hissəsi adından da göründüyü kimi mənzilin kommunal-məişət vəziyyəti barədədir. Həmin məlumatın təqdim edilməli olması da qeydiyyatda şəxsin olmaması, orderin adına olmaması kimi hallarla əlaqələndirilə bilməz. Eləcə də, nəzərə alınmalıdır ki, adıçəkilən arayışının verilməsinin təmin edilməsi dedikdə aidiyyəti tabeliyində olan istismar sahələrinə arayışın verilməli olmasına dair məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla göstərişin verilməsi də ehtiva edilir ki, məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “İnzibati orqanların təsnifatı”nda məhz Departament inzibati orqan qismində müstəqil qaydada cavabdeh qismində cavab verməli olan qurum qismində çıxış etdiyindən İstismar Sahəsi, indiki halda 137 saylı İstismar Sahəsi cavabdeh qismində tanınmamışdır ki, həmin hal Departamentin arayışın verilməsinin təmini çərçivəsində həmin arayışı iddiaçıya verilməsi öhdəliyini dəyişmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı “ünvan 1 ünvanına dair mənzilə dair hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın- Forma 2 nömrəli arayışın verilməsinin təmin edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar