Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-832/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X8 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh X1rşı Təhsil Nazirliyi 3-cü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, İddiaçı məxsus diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) və müvafiq şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X7 Agentliyi ilə əvəz edilməsi, Təhsil Nazirliyinin isə 3-cü şəxs qismində cəlb olunması barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X7 Agentliyi ilə əvəz edilməsi, Təhsil Nazirliyinin isə 3-cü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4086/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X7 Agentliyi ilə əvəz edilməsi və Təhsil Nazirliyinin 3-cü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1993-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli baza tibb məktəbinə daxil olmuş və 1996-cı il tarixdə həmin məktəbi “mamalıq işi” ixtisası üzrə bitirmiş, xx.xx.2014cü il tarixdə X3 X2 Münasibətlər və Diplomatiya (AB ölkələri) fakültəsinə daxil olub, xx.xx.2018-ci il tarixdə həmin fakültəni bitirmiş, Təhsil Nazirliyində şifahi müsahibədən uğurla keçdiyi hesab eləsə də, xx.xx.2020-ci il tarixdə imtina cavabı almışdır. İmtinanın səbəbi isə həmin ölkədə qısa müddət ərzində olduğu qeyd edilmişdir. Diplom üzrə alınan ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizənin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin olunmadığı üçün iddiaçı bunu əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X7 Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazı təqdim edilərək bildirmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar, ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. (İ il – 7 gün; İİ il – 14 gün; İİİ il – 15 gün; İV il – 19 gün) Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmiş və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə üçüncü şəxs lazımi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Y.Məmmədova iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Şükürova iddia tələbinin əsassız olduğunu bildirdi və iş üzrə qanuni qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. İş materiallarında olan: - P ******* saylı pasportun surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Ukraynanın “Regionlar arası Heyətin İdarə olunması Akademiyası” tərəfindən xx.xx.2018-ci ildə verilmiş B 18 № 131209 saylı diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin tam kursunu bitirmiş, “Regional Coğrafiya” hazırlıq istiqaməti və “Beynəlxalq Münasibətlər və Diplomatiya (AB ölkələri)” ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir. Sözügedən bakalavr diplomu “Regionlar arası Heyətin İdarə olunması Akademiyası”nın rektoru Kurko.M.N və Ukrayna Təhsil və Elm Nazirliyinin şöbəsinin rəisi Kotova.O.Q tərəfindən apostili ilə xx.xx.2019-cu il tarixdə təsdiq olunmuşdur. - Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyası tərəfindən xx.xx.2018ci ildə verilmiş B 18 № 131209 saylı diploma olan № ******* saylı, xx.xx.2018-ci il tarixli əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetinin “Beynəlxalq münasibətlər” istiqaməti üzrə bakalavr təhsil aldığı zaman 49 fənndən məqbul, yaxşı və kafi qiymət almış, 3 kurs işi yazmış, buraxılış zamanı ixtisas üzrə Kompleks test imtahanı, hərtərəfli ixtisas imtahanı vermiş, AKTS şkalasına əsasən qiymətləndirmə həyata keçirilmişdir. Həmin əlavədə təhsilin forması qiyabi, tədris dili rus dili, proqramın rəsmi müddəti 3 il, 6 ay 185,25 AKKS krediti olduğu, tədris müddəti kimi xx.xx.2014-xx.xx.2018-ci illər göstərilmişdir. -Təhsil Nazirliyinin elektron cavab məktubundan müəyyən olunur ki, İddiaçı xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinə baxılmış, Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-cı bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyası tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə xx.xx.2018-ci ildə B 18 № 131209 saylı bakalavr diplomu verilmişdir. Diplom apostil olunmuş, iddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh elektron məktubla məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun (ərizəçi İddiaçı) həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirilməsinin qeyri-mümkün olduğu müəyyən olunmuşdur. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. İşin faktiki və mübahisə edilməyən halları: iddiaçı Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyasının “Regional Coğrafiya, İxtisaslaşma: Beynəlxalq Münasibətlər və Diplomatiya (AB ölkələri)” ixtisası üzrə qiyabi təhsil almış, xx.xx.2018-ci ildə B 18 № 131209 saylı bakalavr diplomu verilmiş, diplom Ukrayna Təhsil və Elm Nazirliyi Kurko.M.N tərəfindən xx.xx.2019-cu il tarixdə A-28381-19 nömrəsi ilə xx.xx.1961ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Əsasnamənin 8.28-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, tədris komponentləri və təlim nəticələri haqqında məlumatı əks etdirən bakalavr diplomuna əlavədə iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Bundan savayi Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bitirdiyi ixtisas üzrə dərs yükünün, həmçinin, həmin dərs proqramını əhatə edən dərs saatları, o, cümlədən iddiaçının həmin fənnlərini mənimsəməsi və qiymətləndirilməsini təsdiq edən X6 arası Heyətin İdarə olunması Akademiyasının rəsmi transkripti (Diploma Əlavə) mövcuddur. Bununla yanaşı, Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın İddiaçı diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativhüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Göstərilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda mənfi rəy verilməsi üçün qanunvericilikdə sadalanan hallardan hər hansı birinə istinad edilmədiyindən, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyası tərəfindən iddiaçının adına verilmiş B 18 № 131209 saylı, xx.xx.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməlidir. İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək, İddiaçı “Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyası tərəfindən iddiaçının adına verilmiş B 18 № 131209 saylı, xx.xx.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməsi X7 Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı “Ukraynanın Regionlar arası Heyətin İdarə olunması Akademiyası tərəfindən iddiaçının adına verilmiş B 18 № 131209 saylı, xx.xx.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməsi X7 Agentliyinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-832/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-832/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver