Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-832/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə qarşı “şəhid olma barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Şuşa şəhərində şəhid olmuş qardaşı X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı onun qardaşı X10 Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Milli Ordu sıralarına çağırılmış, torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Dağlıq Qarabağda gedən döyüşlərdə Şuşa şəhərinin müdafiəsi zamanı erməni quldurlarına qarşı vuruşaraq şücaət göstərmiş, ağır yaralanmasına baxmayaraq, son nəfəsinədək quldurlara qarşı silahlı mübarizə apararaq döyüşmüş və xx.xx.1992-ci ildə Şuşa şəhərinin müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Qeyd olunanlar Nəsimi rayon hərbi komissarlığının 1/280 nömrəli, xx.xx.1996-cı il tarixli arayışı ilə təsdiq olunmuş, eyni zamanda Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixli, 1267 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Yaşadığı binanın qarşısına baralyefi vurularaq adı əbədiləşdirilmiş və binanın qarşısından keçən küçəyə onun adı verilmişdir. Bundan başqa əvvəllər işlədiyi “Xəzərneftdonanma” İdarəsində “Neftqaz 26” gəmisi onun adını daşıyır. Eyni zamanda qardaşının məzarı Bakı şəhərində "Şəhidlər Xiyabanında”dır. Qardaşının bu qəhrəmanlıqları zamanında lazımınca qiymətləndirilməmiş, şəhidlik statusu qeydə alınmamış, arxiv məlumatları mübahisələndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixdə ona verdiyi 9/12-5812 nömrəli arxiv arayışında xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.1992-ci ildə həlak olması və “Şəhidlər Xiyabanında” dəfn olması barədə məlumatın varlığı qeyd olunmuş, həmçinin “Dağlıq Qarabağda və sərhədboyu rayonlarda torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı itkin düşmüş hərbi və mülki şəxslərin siyahısında” 1953-cü il təvəllüdlü X5 may 1992-ci il tarixində Şuşa şəhərində itkin düşməsi barədə məlumatın olması qeyd edilmişdir. Göründüyü kimi arxiv arayışında verilmiş məlumat dəqiqləşdirilməmiş, hazırda da mübahisəli olaraq qalmaqdadır. Halbuki bunun dəqiqləşdirilməsi vəzifəsi iddia edənin deyil, inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-İ seriyalı 980094 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 may 1992-ci ildə Şuşa şəhərində ölmüşdür, ölümün səbəbi – «erməni quldurları ilə döyüş zamanı qəhrəmancasına həlak olub». Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 1267 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-5812 nömrəli arayışında qeyd olunur: Verilir İddiaçı ondan ötrü ki, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş «Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı» qovluğunda (əsas: 1994, səh-259, sıra-51, məlumatda xidmət keçdiyi hərbi hissənin nömrəsi, həlak olduğu yer, həlak olma səbəbi və şəraiti göstərilməmişdir) Azərbaycan Milli Cəbhəsindən gəlmiş, xx.xx.1963-cü il təvəllüdlü, sıravi X4 xx.xx.1992-ci ildə həlak olması və «Şəhidlər Xiyabanında» dəfn olunması barədə məlumat vardır. Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş «Qayıtmaz itkilərin siyahıları» qovluğunda (əsas: xx.xx.1992-xx.xx.1993, səh-35, sıra-358, məlumatda adı «Xəqan» yazılmışdır, xidmət keçdiyi hərbi hissənin nömrəsi yazılmamışdır, təvəllüdü 1953-cü il qeyd edilmişdir) qeyd edilmiş «Dağlıq Qarabağda və sərhədboyu rayonlarda torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı itkin düşmüş hərbi və mülki şəxslərin siyahısında» 1953-cü il təvəllüdlü, X4 may 1992-ci il tarixində Şuşa şəhərində itkin düşməsi barədə məlumat vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: X4 ölümünün qeydə alınmasına əsas olan sənədlərin surətinin istənilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, X4 ölümü xx.xx.1992-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində 1267 saylı akt qeydi ilə qeydə alınmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat»ın tələblərinə əsasən qeydiyyat şöbələrində ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə-tibb ekspertizasının rəyləri 1 il, ölüm faktının müəyyən edilməsi və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarları və ya onlardan çıxarışlar 5 il, ölən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin daxili işlər orqanlarının və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına təhvil verilməsi barədə sənədlər 3 il saxlanılır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.1992-ci il tarixli 1267 nömrəli ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş X10 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində vəfat etmişdir. Ölümün səbəbi: «erməni quldurları ilə döyüş zamanı qəhrəmancasına həlak olub». Ölüm faktını təsdiq edən sənəd Nəsimi rayon Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli arayışı. X16. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığının xx.xx.1996-cı il tarixli 1/280 nömrəli arayışından görünür ki, X10 Bakı şəhəri Nəsimi RHK-dan Azərbaycan Respublikası Milli Ordu sıralarına çağırılmış, erməni quldurları ilə döyüşlər zamanı hərbi xidmət vəzifələrini yerinə yetirərkən Şuşa şəhərində həlak olmuşdur. İş materiallarında olan Nəsimi rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən xx.xx.1995-ci ildə verilmiş 009297 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində X9 dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X8 şəhid ailəsi statusuna malik olması, habelə həmin statusla əlaqədar müəyyən güzəştlərdən istifadə etməsi ilə bağlı hər hansı bir məlumat mövcud deyildir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, X1 rayonu, 1 saylı «Şəhidlər Xiyabanı»nda dəfn edilmişdir, qəbirüstü abidəsi vardır və qəbirüstü abidədə aşağıdakı sözlər yazılıb: 9.Xİİ.1963-1992.V.8. Məktuba qəbirüstü abidənin foto-şəkli əlavə edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın: 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş X10 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində vəfat etmişdir, ölümün səbəbi: «erməni quldurları ilə döyüş zamanı qəhrəmancasına həlak olub». Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 1267 nömrə ilə qeyd edilmişdir və Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən həmin akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin akt qeydində ölüm faktını təsdiq edən sənəd kimi Nəsimi rayon Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli arayışı qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-5812 nömrəli arayışından da görünür ki, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş «Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı» qovluğunda Azərbaycan Milli Cəbhəsindən gəlmiş, xx.xx.1963-cü il təvəllüdlü, sıravi X4 xx.xx.1992-ci ildə həlak olması və «Şəhidlər Xiyabanında» dəfn olunması barədə məlumat vardır. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubdan görünür ki, X1 rayonu, 1 saylı «Şəhidlər Xiyabanı»nda dəfn edilmişdir, qəbirüstü abidəsi vardır və qəbirüstü abidədə aşağıdakı sözlər yazılıb: 9.Xİİ.1963-1992.V.8. Məktuba qəbirüstü abidənin foto-şəkli əlavə edilmişdir. Göründüyü kimi, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş X10 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının Şuşa şəhərində erməni quldurları ilə döyüş zamanı qəhrəmancasına həlak olmuş, Bakı şəhəri, Səbail rayonu, 1 saylı «Şəhidlər Xiyabanı»nda dəfn edilmişdir və qəbirüstü abidəsi vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş və xx.xx.1992-ci ildə Şuşa şəhərində həlak olmuş X4 şəhid olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-832/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-832/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver