Məhkəmə qərarları › İş №2-1(112)-832/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-832/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-832/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “deputat kimi əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona deputat kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı deputat kimi əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filialın 24 yanvar 2023-cü il tarixli cavab məktubu ilə ona imtina verilmişdir. İddiaçı hesab edir ki, cavab məktubu qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Milli X1 və kadr məsələləri şöbəsinin 19 iyul 2022-ci il tarixli rəsmi məktubunda qeyd edilmişdir ki, İddiaçı 1985-ci ildən 1990-cı ilədək Xİ çağırış Azərbaycan Respublikasının xalq deputatı, Azərbaycan SSR X7 komissiyasının üzvü olmuşdur. X5 cavab məktubundan belə çıxır ki, guya o, deputat olmamışdır. İddiaçı hesab edir ki, belə bir cavab qanunsuz və əsassızdır. Həmin vaxt Milli Məclis yox idi, Ali Sovet var idi o da, Ali Sovetin deputatı olmuşdur. Reallıqda baxanda eynidir. Deputat həmin vaxtıda deputat idi indi də. Onuda bildirmək istəyir ki, iddiaçı yaşa görə pensiya alır, amma qulluq stajına görə əlavənin təyin edilməsi üçün kifayət qədər əsas var. Məhkəmə bu qanunsuzluqları araşdırmalı və onun hüquqlarını bərpa etməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, deputat kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı verilmiş cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi nüəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaq) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Həmin qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin faliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi qanunvericilikdə əmək pensiyasına qulluq stajına görə əlavənin Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti üzvlərinə deyil, yalnız Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının pensiyasına şamil edilməsi nəzərdə tutulub. İddiaçı 1985-ci il tarixdən 1990-cı il tarixədək Xİ çağırış Azərbaycan Sovet Sosialist Respublikasının xalq deputatı, Azərbaycan SSR X7 komissiyasının üzvü olmuşdur. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, İddiaçı Milli Məclisin deputatı kimi qulluq stajı olmadığından ona sabiq deputat kimi əmək pensiyasma qulluq stajına görə əlavələrin təyin edilməsi yolverilməzdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “deputat kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla). Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30cu maddəsində deputatların səlahiyyət müddəti qurtardıqdan sonra onların təminatları nəzərdə tutulmuşdur. Bu normaya görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. 30 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu qəbul edilmiş və həmin qanuna görə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılmışdır. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasını Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycan Respublikası xalq deputatlarının 50 nəfərindən ibarət tərkibdə təşkil etmişdir. “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 19 may 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Milli Məclisi adlandırılmış və keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. 12 avqust 1995-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. “Azərbaycan Respublikasının Milli Məclisi haqqında" Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisi təşkil edilmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Yuxarıda göstərilən normaların tələblərindən görünür ki, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlara qulluq stajına görə əmək pensiyasına əlavələr edilməsi seçicilər tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş şəxslərə şamil edilmişdir. İddia ərizəsinin məzmununda və iş materiallarında olan Azərbaycan Respublikası Milli Məclisinin Dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən verilmiş məktubda isə İddiaçı Ağaəmi qızının 1985-ci ildən 1990-cı ilədək Xİ çağırış Azərbaycan Respublikasının xalq deputatı, Azərbaycan SSR X7 komissiyasının üzvü olduğu qeyd olunur. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan əsaslarla nə 1995-ci ildə, nə də ondan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmədiyinə görə sabiq deputat kimi əmək pensiyasına quluq stajına görə əlavələr ona münasibətdə təyin edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, analoji mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-549/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında da eyni hüquqi mövqe göstərilmişdir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar