Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8320/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, tərcüməçi X4 iştirakı ilə, İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması və yenidən təchiz edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinin tavanının və dam örtüyünün, 1,5 metr hündürlüyə qaldırılmasına dair, həmçinin mənzilin təmirini başa çatdırmağa mane olan divarın sökülməsinə dair inzibati akt qəbul edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 40 kv/metr, yaşayış sahəsi 17 kv/metr, köməkçi sahəsi 22,7 kv/metr bir otaqlı 4 №-li mənzildə yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan mənzil onun xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. Həmin mənzildə 3 nəfərdən ailə üzvü ilə - özü, qızı X3 (1969-cu il təvəllüdlü), nəvəsi X10 (1991-ci il təvəllüdlü) yaşayır. Qeyd olunan mənzilin sanitar-gigiyena şəraiti yaşayış üçün əlverişli deyil. Həmin mənzildə davamlı olaraq rütubət olur, tavandan su damır. Mənzilin döşəməsi torpaq üzərindədir. Bu problem mənzilin tavanın 1,5 metr qaldırdıqda həllini tapacaqdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddia dair münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaşayış evinin tavanının və döşəməsinin 1,5 metr hündürlüyə qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 35A, 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2-1(81)- 1625/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 2 ünvanında yeləşən yaşayış sahəsinin tavanının 1,5 metrə qədər yuxarı qaldırılmasından ibarət təkrar planlanmasına və avadanlıqların quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən qurulmasına icazə verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi (yalnız qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması) nəzərə alınmaqla baxılması vəzifəsi Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur; Səbail Rayon İcra Hakimiyyətinin 173 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 35A, 3 nömrəli mənzilin sahibi X8 xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək qonşu tərəfindən aparılan işllərin bir hissəsinin onun evinin divarı üzərində aparıldığından cavabdeh tərəfindən saxlandırılması tələbi ilə çıxış etdiyindən, hazırda görülən işlər dayandırılmışdır; Səbail Rayon İcra Hakimiyyətinin 17 yanvar 2019-cu il tarixli, məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin yenidənqurma işlərinin işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən təsdiq olunmuş layihə əsasında təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilmişdir. Tikinti-norma və qaydalarına uyğun olaraq görüləcək işlər məhkəmə qərarında əksini tapmış müddəalara əsasən aparılmalıdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-80/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı X8 – cavabdehlər X2 və İddiaçı (3-cü şəxs qismində Səbail rayon İcra Hakimiyyəti göstərilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 4 ünvanında yerləşən evin üzərində aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər X7, Səbail rayon İcra Hakimiyyətinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 tərəfindən ünvan 5 ünvanında qeyri-qanuni yolla inşa edilmiş binanın sökülməsini, DƏDRX-nin ünvan 6 ünvanında yerləşən binanın qeydiyyatı və Səbail rayon İcra Hakimiyyətindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 35 a, mənzil 3 ünvanında tikintinin aparılması ilə bağlı verilən icazəyə dair materialların alınmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 2494/2021 saylı qətnaməsi ilə, iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır; Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 6ÜŞ-18816/2021 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli, 2(103)-2494/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və mülki iş xx.xx.2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinə qaytarılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli 8127 №-li ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus 4 saylı mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının təqribən 1,50 metr hündürlüyündə qaldırılmasının zəruri olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir; 23.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır; 24.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 24.3-cü maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir; 24.4-cü maddəsinə əsasən, razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir; 24.5-ci maddəsinə əsasən, razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 24.6-cı maddəsinə əsasən, bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. 25.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 25.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır; 25.3-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının, 1.4-cü bəndinə əsasən, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. İşin faktiki hallarından görünür ki, hazırkı iddianın predmetini təşkil edən, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin tavanının 1,5 mətrə qədər yuxarı qaldırılmasından ibarət yenidən planlaşdırılması və yenidən təchiz edilməsinə icazə verilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə, iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin yenidən qurulmasına icazə verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi (yalnız qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması) nəzərə alınmaqla baxılması vəzifəsi Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarından da göründüyü kimi, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərinin pozulub-pozulmaması məsələsinin araşdırılması vəzifəsi cavabdehə həvalə edilmişdir. Qonşulardan olan X8 tərəfindən hazırkı iddiaçıya qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılmış, bu səbəbdən görülən işlər dayandırılmış, lakin iş materiallarında olan məhkəmə aktlarına əsasən, X5 iddiasın təmin edilməmişdir. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsinin yenidən qurulmasına hazırda hər hansı maneə yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli 8127 №-li ekspert rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında iddiaçıya məxsus 4 saylı mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasının zəruri olması müəyyən edilmiş, iddiaçıya məxsus mənzil binanın həyətində, ayrıca duran tikili olduğundan və həmin tikili yalnız iddiaçıya aid olmaqla onun üst hissəsində hər hansı bir tikili yerləşmədiyindən, mənzilin tavan və damının qaldırılması zamanı görüləcək işlərin hər hansı bir qonşuya maneə törədəcəyi müəyyən edilməmiş, həmin mənzilin daxilindəki tikililərin sayının, planlı yerləşməsinin, ölçülərinin və sahələrinin, eləcə də mənzilin faktiki ümumi sahəsinin texniki pasportda göstərilən məlumatlarla eyni olması və həmin mənzildə texniki pasportdan kənar hər hansı tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, mübahisə predmeti mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasının zəruriliyi qeyd olunan ekspert rəyində də öz əksini tapmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8320/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8320/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver