Məhkəmə qərarları › İş №2-1(112)-8320/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8320/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8320/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X11, X7) qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin öz payına düşən 4/5 hissədən “C” tikilisinə uyğun ona daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 027280 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin 4/5 hissəsindən “C” tikilisi iddiaçının paylı mülkiyyətindədir. Həmin evin 4/5 hissəsindən qalan hissəsi X5, 4/5 hissəsindən “B” tikilisinin 1 otağı X1, 1/5 hissəsi Baba Şahbulat oğlunun adlarına qeydiyyatdan keçmiş və hal-hazırda onların paylı mülkiyyətidədir. ünvan 1- nin mənim payına düşən 4/5 hissəsindən “C” tikilisi faktiki olaraq divarla digər paylardan ayrılmış, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. İddiaçıya məxsus payın naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiyinə görə, ona məxsus payın naturada ayrılması barədə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən, yaşayış sahəsi 149,7 kv.m və ümumi sahəsi 250,7 kv.m olan 12 saylı fərdi yaşayış evindən iddiaçı- İddiaçı payına düşən 4/5 hissədən “C” tikilisinin naturada ayrılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, əmlakın iddiaçının payına düşən 4/5 hissədən “C” tikilisi naturada ayrıldığından qətnamə icra edilmiş, ona ayrıca çıxarışın verilməsinin təmin edilməsi məqsədilə Suraxanı rayon İcra şöbəsi tərəfindən qətnamə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi həmin qətnaməyə əsasən onun üzərinə icra ediləcək heç bır öhdəlik qoyulmadığından, iddiaçıya ayrıca çıxırışın verilməsini təmin etməmişdir. Cavabdeh orqanın qərarı ilə razı deyildir, çünki Suraxanı Rayon Məhkəməsinin 2(010)-140/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən, yaşayış sahəsi 149,7 kv.m və ümumi sahəsi 250,7 kv.m olan 12 saylı fərdi yaşayış evindən İddiaçı payına düşən 4/5 hissədən "C” tikilisi naturada ayrılmış və həmin qətnamə icra edilmişdir. Belə olan halda ona Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin payına düşən hissəsinə dair ayrıca çıxarış verilməlidr. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun 8.0.4-cü bəndində deyilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsi, ev 12-nin onun payına düşən hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10, X11, X8 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-140/2023 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, ümumi ərazinin hasarlanması baş plandan fərqlidir. Bundan əlavə, qeyd edilən ünvanda yerləşən “C” tikilisinə dair hüquqların ayrıca daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər payçılarla notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxıla bilər. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli, 167 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 54-ci bəndinə əsasən daşınmaz əmlak üçün hüquq müəyyənedici sənəddə payların miqdarı göstərilməmişsə və ya qeyri-düzgün göstərilmişsə, payların miqdarının müəyyən edilməsi, yaxud payların miqdarının dəyişdirilməsi haqqında müqavilə həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquqmüəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər. Paylar məlum olan ümumi mülkiyyətin iştirakçısı öldükdə, payların miqdarının dəyişdirilməsi haqqında saziş onun mirası qəbul etmiş vərəsələrinin iştirakı ilə təsdiq edə bilər. Ümumi mülkiyyətin iştirakçılarından hər birinə məxsus olan payın miqdarının müəyyən edilməsi, eləcə də payların miqdarının dəyişdirilməsi haqqında müqavilə təsdiq edilərkən təsdiq qeydində göstərilir ki, bu müqavilə dövlət reyestrində qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli FM 027280 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsindəki 8 otaq, ümumi sahəsi 250.7 kv.m, yaşayış sahəsi 149.7 kv.m-dən ibarət 12 saylı fərdi yaşayış evinin İddiaçı adına “C” tikilisi 2 otaq 28.7 kv.m, ümumi sahə: 58.1 kv.m, X1 adına “B” tikilisi 1 otaq 21.3 kv.m, Rəfiqə Əhməd qızı adına qalan hissə, Baba Şahbulat oğlu adına 1/5 hissə paylı mülkiyyət kimi hüququ ilə qeydiyyatdan keçirilmiş, bu barədə 10 saylı reyestr kitabında 30/543 nömrə ilə xx.xx.2204-cü il tarixində qeydiyyat aparılmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 317.7 kv.m olan fərdi yaşayış evi 4/5 hissədən C tikilisi İddiaçı, 4/5 hissədən B tikilisindən 1 otaq X2, 1/5 hissə Baba Şahbulat oğlunun, 4/5 hissədən qalan hissənin bir hissəsi X5, 4/5 hissədən qalan hissənin bir hissəsinin 4/5 hissə X6, 4/5 hissədən qalan hissənin bir hissəsinin 1/5 hissəsi X3 adına qeydiyyata alınmışdır. -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)- 140/2023 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən, yaşayış sahəsi 149.7 kv.m və ümumi sahəsi 250.7 kv.m olan 12 saylı fərdi yaşayış evindən İddiaçı payına düşən 4/5 hissədən C tikilisi naturada ayrılması qət edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1237 nömrəli ekspert rəyindən görünür kı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin “C” tikilisinin digər tikililərdən ayrı-ayrılıqda giriş-çıxışı olmaqla təcrid şəkildə yerləşdiyini nəzərə alaraq həmin tikilinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun olaraq digər tikililərdən ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********20 nömrəli Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış məktubunda qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-140/2023 saylı icra vərəqəsinə əsasən iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən yaşayış sahəsi 149.7 kv.m və ümumi sahəsi 250.7 kv.m olan 12 saylı fərdi yaşayış evindən İddiaçı payına düşən 4/5 hissədən C tikilisinin naturada ayrılması müəyyən edilmişdi. Bakı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 140/2023 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd olunur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə dövlət istifadə-0.0177 ha, faktiki əlavə 333.0 kv.m, C fərdi yaşayış evi ümumi-58.1 kv.m, faktiki 58.1 kv.m təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********57 nömrəliməktubund qeyd olunur ki, təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.Bundan əlavə, qeyd edilən ünvanda yerləşən "C" tikilisinə dair hüquqların ayrıca daşınmaz emlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər payçılarla notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə" xx.xx.2000-ci il tarixli, 167 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 54-ci bəndinə əsasən daşınmaz əmlak üçün hüquq müəyyənedici sənəddə payların miqdarı göstərilməmişsə və ya qeyridüzgün göstərilmişsə, payların miqdarının müəyyən edilməsi. yaxud payların miqdarının dəyişdirilməsi haqqında müqavilə həm müstəqil sənəd tərtib etmək yolu ilə, həm də hüquq müəyyənedici sənəddə qeyd yazmaq yolu ilə rəsmiləşdirilə bilər. Paylar məlum olan ümumi mülkiyyətin iştirakçısı öldükdə, payların miqdarının dəyişdirilməsi haqqındasaziş onun mirası qəbul etmiş vərəsələrinin iştirakı ilə təsdiq edə bilər. Ümumi mülkiyyətin iştirakçılarından hər birinə məxsus olan payın miqdarının müəyyən edilməsi, eləcə də payların miqdarının dəyişdirilməsi haqqında muqavilə təsdiq edilərkən təsdiq qeydində göstərilir ki, bu müqavilə dövlət reyestrində qeydə alınmalıdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərərək bildiririk ki, yuxarıda qeyd edilən müqavilə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. -220.2-ci maddəsinə əasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. -220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evi ümumi sahəsi 317.7 kv.m olmaqla 4/5 hissədən C tikilisi İddiaçı, 4/5 hissədən B tikilisindən 1 otaq X2, 1/5 hissə Baba Şahbulat oğlunun, 4/5 hissədən qalan hissənin bir hissəsi X5, 4/5 hissədən qalan hissənin bir hissəsinin 4/5 hissə X6, 4/5 hissədən qalan hissənin bir hissəsinin 1/5 hissəsi X3 adına paylı mülkiyyətində olmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-140/2023 nömrəli qətnaməsinə əsasən 12 saylı fərdi yaşayış evindən İddiaçı payına düşən 4/5 hissədən C tikilisi naturada ayrılması mülki məhkəmə icraatında mübahisələndirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə payın naturada ayrılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə mübahisə predmeti paylı mülkiyyətdə olan C” tikilisinin digər tikililərdən ayrı-ayrılıqda giriş-çıxışı olmaqla təcrid şəkildə yerləşdiyi müəyyən olunmuş, C tikilisinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X4 Metodlarında göstərilənlərə uyğun olaraq digər tikililərdən ayrılmasının texniki cəhətdən mümkünlüyü müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyinə əsaslanaraq Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-140/2023 nömrəli qətnaməsi ilə iddiaçıya aid C tikilisinin naturada ayrılmasını qət etmişdir. Sözügedən mülki iş üzrə əmlakın digər payçıları (hazırkı üçüncü şəxslər) qətnamə ilə razılaşmış, mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -15.1-ci maddəsinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən “məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməni də ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları aktlar məcburi hüquqi qüvvəyə malikdir, qətnamə ilə öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Mübahisəli əmlaka dair mülki iş üzrə əldə edilmiş ekspert rəyi, hazırkı halda cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktı, fərdi yaşayış evinin texniki pasportunda tikilinin yerləşmə vəziyyətindən müəyyən olunur ki, C tikilisinin ümumi sahəsinin hüquqmüəyyənedici sənəd və faktiki vəziyyətdə eyni ölçüdə olduğu, tikilinin və onun yerləşdiyi torpaq sahəsinin digər tikililərdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olmaqla onlardan təcrid olunduğu müəyyən olunur. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə məhz C tikilisinin naturada ayrılması qət edilmişdir. Beləliklə, tərəflərin paylarının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuş, belə olan halda paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə cavabdehin iddiçının tələbinə uyğun olaraq daşınmaz əmlakı dövlət reyetsrində qeydə almaqla ayrıca çıxarış, texniki pasport verilməsindən imtina edilməsinə əsas ola biləcək qanunla sadalanan hallar mövcud olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin 4/5 hissədən “C” tikilisindən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynalov küçəsi, 12 saylı fərdi yaşayış evinin 4/5 hissədən “C” tikilisindən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar