Məhkəmə qərarları › İş №2-1(112)-8320/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8320/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8320/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 2868 saylı bağ sahəsinin mərhum X3 məxsus olması barədə arayışın iddiaçı X4 verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-ci il tarixli, 4/143 nömrəli qərarı ilə 187 №-li ВТК nəzdində olan Ləhiş bağ massivində yerləşən 2868 nömrəli bağ sahəsi X3 ayrılmışdır. Bunun əsasında müvafiq olaraq order verilmişdir. Nəzərə alınmalıdır ki, həmin qərar hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə torpaq sahəsinin mərhum Z.Heydərovaya məxsus olması barədə arayışın verilməsi üçün əsas qismində çıxış edir. Belə ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməyib. Ümumiyyətlə həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Başqa sözlə desək öz hüquqi qüvvəsini saxlamışdır. İddiaçı torpaq (bağ) sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmiş, həmçinin bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göründüyü kimi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Mərhum Z.Heydərovaya torpaq sahəsinin ayrılması ilə bağlı qərar, eyni zamanda həmin qərar əsasında verilmiş order hal-hazırda qüvvədə olduğundan, iddiaçının torpaq sahəsinin mərhuma məxsus olması barədə sənədləri tələb etmək hüququ var. Orderin İdarənin arxivində aşkar olmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki orderin verilməsinə əsas olan qərar qüvvədədir. Cavabdehin imtina əsası kimi istinad etdiyi əsaslar isə sxematik xəritə ilə uyğunsuzluğun olması, iddiaçının iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur ki, bu sferada yaranmış maneənin aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir.

3. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Həmçinin, sənədlər toplusuna əlavə edilmiş “2” saylı orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən digər bağın və bölünənlərinin ərazisinə uyğun gəlir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən torpaq sahəsinin sərhədləri şərti olaraq göstərilmiş, sahədə hasarlanma işlərinin tam aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq, qeyd olunan torpaq sahəsinə dair digər şəxsin müraciəti mövcuddur.

4. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 2868 saylı bağın faktiki ölçüləri 1200 kv.metr təşkil edir. Göstərilən bağ sahəsinin bir tərəfi hasar, 3 tərəfi isə şərtidir. Darvazası yoxdur. Sahədə tikili yoxdur.

5. Azərbaycan SSR-i Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsində 187 nömrəli kooperativ tərəfindən verilmiş 2 nömrəli orderə əsasən, X3 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Ləhiş bağ sahəsində 187 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2868 nömrəli bağ ayrılmışdır.

6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 xx.xx.2023-cü il tarixli vəfat etmişdir.

7. 2 saylı Bakı "‘ASAN xidmət” mərkəzinin cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli 2127 nömrəli məktubunda qeyd edilmişdir ki, notariat ofisində vərəsə - İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2023-cü ildə vəfat etmiş - X2 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimatın” 7-ci bəndinə və “ Notariat haqqında” AR Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, vərəsəlik işinin sənədləşdirilməsi məqsədi ilə, mərhum xx.xx.1949-cu il təvəllüdlü X3 məxsus əmlaka dair çıxarışın və ya forma 37 verilməsi xahiş olunmuşdur.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddia mümkündür. İİ. Məhkəmənin mövqeyi

14. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X3 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Ləhiş bağ sahəsində 187 nömrəli BTK nəzdində 2868 nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. X5 xx.xx.2023-cü il tarixli vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

15. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

19. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

20. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

21. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

26. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

27. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum yoldaşının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

28. Cavabdehin imtinanın əsas dəlili ondan ibarətdir ki, təqdim edilmiş sənədlər surətdir. Həmçinin, sənədlər toplusuna əlavə edilmiş “2” saylı orderin nüsxəsi idarənin arxiv qovluğunda aşkar edilməmişdir, eyni zamanda qeyd edilən bağ nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.

29. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına və 187 nömrəli bağ-tikinti kooperativinin 2 nömrəli orderinə əsasən mərhum X3 2868 nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. (sənədlərin əslinə məhkəmə iclasında baxış keçirildi)

30. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “2868” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

31. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

33. Məhkəmə cavabdehin orderin idarənin arxivində aşkar edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, orderin əsli iddiaçıdadır, idarənin arxivində orderin nüsxəsinin olmaması iddiaçının məsuliyyəti dairəsində deyil. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından, cavabdeh orqan tərəfindən mərhum X1 adına bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin (order) idarənin arxivində aşkar edilməməsi”nə dair irəli sürdüyü dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.

34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 2868 saylı 1200 kv.m. bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar