Məhkəmə qərarları › İş №2-1(112)-8321/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8321/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8321/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X34 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, iddiaçı “X40” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7098 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 36 ünvanında yerləşən “X40” MMC-yə məxsus olan “X50” adlı obyektdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı şəhəri X30 üzrə Baş İdarəsi tərəfindən 16 noyabr 2021-ci il tarixli **********3687 nömrəli qərar və xx.xx.2021-ci il tarixli 005301 nömrəli akt əsasında operativ vergi nəzarəti qaydasında yoxlama keçirilmişdir. Həmin yoxlamaların nəticəsi olaraq xx.xx.2021-ci il tarixli **********7098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli **********7098 saylı qərara əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 15 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 30.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Habelə AR VM-nin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uygun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər şəxsi fiziki işlərin yerinə yetirilmsinə cəlb edilməsinə görə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maraqlı şəxslərin inzibati orqana ərizə və ya şikayətlə müraciət etmək, inzibati icraatda şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etmək, inzibati icraatın hərtərəfli, tam və obyektiv aparılmasını və qanunsuz inzibati aktın ləğv olunmasını tələb etmək, inzibati orqanın qərarlarından yuxarı inzibati orqana və (və ya) məhkəməyə müraciət etmək hüquqları müəyyən olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki. aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. 16 noyabr 2021-ci il tarixində saat 15:00 radələrində vergi orqanı əməkdaşı tərəfindən özünü təqdim etmədən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinin mülki geyimdə olan 15 nəfərdən çox əməkdaşı obyektə daxil olmuşdur. Daxil olduqdan sonra onlara hər hansı bir qərar və ya sənəd göstərilmədən, özünün hansı vəzifə səlahiyyətlərinə sahib olması barədə məlumat vermədən obyektə əsassız baxış keçirmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcələlsinin 40 və 41-ci maddələrinə əsasən vergi orqanı əməkdaşları səyyar vergi yoxlaması keçirərsə, operativ vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir. Buradan da aydın olur ki, vergi orqanı əməkdaşları olan 15 nəfərdən çox əməkdaşı öz vəzifə səlahiyyətlərindən qanunsuz olaraq istifadə edərək obyektə daxil olmuş və baxış keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı X12 və “X40” MMC xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddiaçı X5 əsl iddiaçı “X40” MMC ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, əsl olmayan iddiaçı X5 əsl iddiaçı “X40” MMC ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinin (bundan sonra- Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3867 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “Zərifə” adlı şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 2 (iki) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005301 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətləri) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəşmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edilmədiyi, 16 nəfər fiziki şəxsin və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etdikləri, 1 nəfərin izahat verməkdən imtina etdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7098 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 34.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********712000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2021-ci il tarixdə saat 21:49-da oxunmuşdur. Həmin qərardan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********986200 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2021-ci il tarixli **********215900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********215900 nömrəli qərardan da AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilmiş və Apellyasiya Şurasının 8 aprel 2022-ci il tarixli 20 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş və xx.xx.2021-ci il tarixli **********712000 nömrəli və xx.xx.2021-ci il tarixli **********215900 nömrəli qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə ki, araşdırma zamanı “X40” MMC-nin xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda “X50” adlı, sahəsi 890,0 m2 olan şadlıq evinin qeydiyyata alındığı, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi şadlıq evində aparılmış operativ vergi nəzarəti tədbiri zamanı 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 2 (iki) nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən edilməsi öz təsdiqini tapmışdır. Cəmiyyət tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 15 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, operativ vergi nəzarəti tədbiri zamanı aktda adları qeyd olunmuş 16 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildikləri etiraf edilmişdir. Eləcə də, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********330200 nömrəli ərizə ilə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsinə müraciət edilərək, ünvan 2 ünvanda “X50” adlı obyektdə 25 nəfərdən 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, qeyd olunan halın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən cinayət hesab edildiyi etiraf edilmiş, 15 (on beş) nəfər işçiyə görə dəymiş ziyanı, yəni işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi sosial sığorta haqlarının ödənildiyi bildirilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Təhqiqat şöbəsində aparılan araşdırma zamanı, “X40” MMC-nin direktoru X12 izahatında cəmiyyətə məxsus X26 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında oğlu X20 tərəfindən işlədildiyini göstərərək, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin Nurlan Abbasov tərəfindən cəlb edildiyini bildirmişdir. “X40” MMC-nin işçiləri X6, X24 və X13 təhqiqat şöbəsində aparılan araşdırma zamanı izahatlarında X20 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişdirlər. X20 izahatında yuxarıda göstərilənləri təsdiq edərək, “X40” MMC-nin direktorunun anası X12 olduğunu, cəmiyyətə məxsus X31 etibarnamə əsasında o işlətdiyini və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini bildirərək, keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra 15 (on beş) nəfər ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirildiyini göstərərək, bunu təsdiq edən bildirişləri və eləcə də xx.xx.2021-ci il tarixli etibarnamənin surətini araşdırmaya təqdim etmişdir. Yuxarıda qeyd olunan halların hər biri sübut edir ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 5 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edildiyini etiraf edirlər, lakin digər şəxslər işçi olmamış, çalğıçılar olmuşdur ki, bunu da məclisi sifariş edən şəxs təşkil etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3867 nömrəli qərar ilə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 36 ünvanda yerləşən X42 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211695315 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur; DVX seriyalı 005301 nömrəli, 16 noyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, “X40” MMC-də operativ vergi yoxlaması zamanı 15 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi, 2 nəfər fiziki şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X2, X14, X7, X27, X13, X3, X15, X8, X9, X28, X29, X24, X16, X21 və X25 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında, X1 və X4 isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7098 nömrəli qərara əsasən, “X40” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 15 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 30.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəb edilməsi və xx.xx.2021-ci il tarixədək 34000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7099 nömrəli tələbnamədən görünür ki, “X40” Məhdud Məsuliyyətli Cəmiyyətindən büdcəyə ödənilməli olan 34000 manat vəsait xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** №-li hesabına ödənilməsi tələb edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********215900 nömrəli 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, “X40” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirilmiş operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005301 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7098 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının № 20 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs “X40 “Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 dekabr 2021-ci il tarixli **********215900 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7098 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman 15 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə 005301 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7098 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 34000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğv edilməsini tələb edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçının 15 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 nəfər fiziki şəxsi “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən ona məxsus obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 15 nəfər fiziki şəxsin 14-dən (X16 izahat verməkdən imtina etmişdir) və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxsdən (X2, X4, X27, X1, X13, X3, X15, X8, X9, X28, X29, X24, X7, X21, X14 və X25) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar) ilə, eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərin 16-sı ilə (X1 istisna olmaqla) ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan fiziki şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin X20 və “X40” MMC olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Məhkəmə həmçinin vurğulayır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********330200 nömrəli ərizə ilə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması baş idarəsinə müraciət edilərək, ünvan 2 ünvanda “X50” adlı obyektdə 25 nəfərdən 15 (on beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, qeyd olunan halın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən cinayət hesab edildiyi etiraf edilmiş, 15 (on beş) nəfər işçiyə görə dəymiş ziyanı, yəni işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi sosial sığorta haqlarının ödənildiyi bildirilmiş və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Təhqiqat şöbəsində aparılan araşdırma zamanı, “X40” MMC-nin direktoru X12 izahatında cəmiyyətə məxsus X26 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında oğlu X20 tərəfindən işlədildiyini göstərərək, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin Nurlan Abbasov tərəfindən cəlb edildiyini bildirmişdir. “X40” MMC-nin işçiləri X6, X24 və X13 təhqiqat şöbəsində aparılan araşdırma zamanı izahatlarında X20 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişdirlər. X20 izahatında yuxarıda göstərilənləri təsdiq edərək, “X40” MMC-nin direktorunun anası X12 olduğunu, cəmiyyətə məxsus X31 etibarnamə əsasında o işlətdiyini və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini bildirərək, keçirilmiş operativ vergi nəzarəti tədbirindən sonra 15 (on beş) nəfər ilə əmək müqaviləsi bağlanaraq, müvafiq qaydada qeydiyyatdan keçirildiyini göstərərək, bunu təsdiq edən bildirişləri və eləcə də xx.xx.2021-ci il tarixli etibarnamənin surətini araşdırmaya təqdim etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçı “X40” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı “X40” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X30 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar