Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8322/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Republikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, 44 il stajının olması nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciəti cavablandıraraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 275,28 manata çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 280 manata çatdırılıb. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 311,36 manata çatdırılmışdır. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 25 il 2 ay 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 9022,90 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (311,36 manat) dəyişiklik olmamışdır. Sığorta stajı xx.xx.2006-cı il tarixinədək 25 il 2 ay 22 gün və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək 14 il 5 ay olmaqla ümumilikdə 39 il 7 ay 22 gün təşkil edir. Məktubda iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı bu cavabla razılaşmayaraq cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təqaüdün artırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ümumilikdə 44 il əmək stajı var. Hazırda bir təqaüdçü olaraq 240 manat məbləğində təqaüd alır. 44 əmək stajına malik olduğu halda ona verilən təqaüd (pensiya) azdır, yəni hesablanması labüddür. Elə bu səbəbə görə də cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh 18 mart 2024-cü il tarixdəyaşa görə əmək pensiyasını yenidən hesablayaraq artırmadığı üçün imtina etmişdir. O, cavabdehin bu hərəkətində narazıdır və hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1- ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 22-1.3-cü maddəsinə görə əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı müraciətinə əsasən onun əmək pensiyası yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 26 il 10 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixədək 26 il 10 ay 20 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8227,99 manat təşkil edir: (26+(10+20/30)/12)x306=8227,99. İddiaçı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 21863,93 manat təşkil edir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 9022,90 manat pensiya kapitalı (xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixə münasibətdə əmək pensiyasının sığorta hissəsi 214,49 manat məbləğində hesablanmışdır: SH - (21863,93+9022,90)7144=214,49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan 6-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olmuşdur. Həmin maddəyə əsasən xx.xx.2022-ci il tarixdən İddiaçı əmək pensiyasının məbləği 240 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 275,28 manata (240+(240+14,7%)) çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 6-1-ci maddəsinin tələblərinə əsasən Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunduğu üçün əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 280 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 311,36 manata çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1994-cü illərdə X1 zavodunda, xx.xx.1994-xx.xx.1995-ci illərdə “Hacı Yusif” Kiçik müəssisəsində, xx.xx.1995-xx.xx.2000-ci illərdə Daxili İşlər Nazirliyi Səbail rayon Mühafizə idarəsində, xx.xx.2000-xx.xx.2004-cü illərdə “Most-Bank Azərbaycan” X4 bankında, xx.xx.2004xx.xx.2022-ci illərdə "xxxx" MMC-də işləmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdən görünür ki, iddiaçı sığorta stajı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablamışdır. İşdə olan 3-17-1/1-A-57923/2024 saylı həmin qərardan görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək monitorinq araşdırması zərurəti yaranan xx.xx.2004-xx.xx.2006-cı illər daxil olmaqla sığorta stajı tam hesablanmış, lakin ödənilən pensiya məbləği dəyişməmişdir. İddiaçı hazırda ona ödənilən məbləğin az olduğunu iddia edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş edir, məhkəmə iclası zamanı isə onun 41 il iş stajı nəzərə alınmaqla pensiyasının hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ): - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.9-cü maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 4.2-ci maddəsinə görə yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. - 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. İstinad olunan normalardan görünür ki, əmək pensiyası şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan və yığım hissəsində toplanan vəsaitlərin məbləğinin, yəni pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünməsi ilə hesablanır. Lakin qanunverici pensiya kapitalının hesablanmasında şəxsin əmək fəaliyyəti ilə məşğul olduğu iki əsas dövrü fərqləndirir:
1. 2006-cı il yanvarın 1-dək olan dövr;
2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin pensiya kapitalının hesablanması ƏPQ-nin 27-ci maddəsinə əsasən aparılır. Belə ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə müəyyən edilir. Yəni şəxsin 2006-cı il yanvarın 1-dək ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapital hesablanmaqla, onun fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İşdən görünür ki, cavabdeh iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqlarını pensiya kapitalına çevirərkən onun əmək kitabçasında nəzərdə tutulan iş stajını nəzərə almaqla, 26 il 10 ay 20 gün sığorta stajına əsasən pensiya kapitalını hesablamışdır. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 26 il 10 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 9022,90 manat pensiya kapitalı (xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 26 il 10 ay 20 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8227,99 manat təşkil edir: (26+(10+20/30)/12)x306=8227,99 İddiaçı xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 21863,93 manat təşkil edir: 2006 - 8227,99 2007 8,3 8910,91 2008 16,7 10399,03 2009 20,8 12562,04 2010 1,5 12750,47 2011 5,7 13477,24 2012 7,9 14541,94 2013 1,1 14701,91 2014 2,4 15054,75 Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər əmək stajına daxil edilməklə 26 il 10 ay 20 gün əmək stajına əsasən pensiya təyin edilmişdir. İddiaçının 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə əmək stajının pensiyanın hesablanması zamanı nəzərə alınmasına gəldikdə, məhkəmə qeyd edir ki, ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunverici xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin və bu zaman şəxsin həmin sığorta stajı pensiya kapitalına çevrilməklə onun fərdi hesabına köçürülür. Çünki şəxsin xx.xx.2006-cı ildən sonrakı pensiya kapitalı onun işlədiyi sığorta stajının pensiya kapitalına çevrilməsi ilə deyil, həmin dövrdə ödənilmiş sosial sığorta haqlarına əsasən fərdi hesabın sığorta hissəsində və yığım hissəsində qeydə alınan vəsait hesabına formalaşır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2006-cı ildən sonra da işləmiş, xx.xx.2022-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 9022,90 manat pensiya kapitalı qeydə alınmış, cavabdeh həmin məbləğlə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sığorta stajının çevrilməsi nəticəsində əldə edilmiş pensiya kapitalını iddiaçının hüququnun yarandığı tarixə indeksləşdirməklə ona təyin edilmiş əmək pensiyasını yenidən hesablamışdır. Belə olan halda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının əmək pensiyası onun sığorta stajı və topladığı pensiya kapitalına əsasən düzgün hesablanmışdır, buna görə də cavabdehin iddiaçının müraciətini təmin etməməsi qanuni olmuş, onun hüquq və azadlıqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı iş üzrə belə bir hal olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova