Məhkəmə qərarları › İş №2-1(112)-833/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-833/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-833/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyətinə qarşı “mənzil növbəsinə qəbul edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və 100 manat prosessual xərcin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin avqust ayında ərizə ilə cavabdehə müraciət edərək yaşa görə hərbi xidmətdən ehtiyata buraxıldığını bildirmiş və 5 nəfər ailə üzvlərilə birlikdə (özü, həyat yoldaşı və 3 qızı) ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyini və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək 2023-cü ilin avqust ayında ünvanladığı ərizənin mahiyyəti üzrə baxılmasını və 2023-cü ilin avqust ayından mənzil növbəsinə qəbul olunmağını və mənzil növbəsinə qəbul olunduğu tarixdən müvəqqəti mənzilin kirayəsi üçün mənzillə təmin olunanadək kirayə haqqı ilə təmin olunmağı barədə sərəncam verilməsini xahiş edib. Lakin bu günə qədər onun ərizəsi cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixli, 5-10/1-Ə-168-068/2024 saylı məktubla müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən 20 təqvim ili və daha çox xidmət etdiyi məlum olmuşdur. Xidməti mənzilin olub-olmaması və hazırda mənzil növbəsində olub-olmaması barədə iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Sözügedən sənədin təqdim edilməsi barədə şifahi və yazılı olaraq iddiaçıya müraciət edilmiş, həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məktub ünvanlanmışdır. Cavab məktubunda iddiaçının xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik mənzil və ya torpaq sahəsi ilə təmin edilmədiyi qeyd olunmuş, lakin xidməti mənzilinin və hazırda mənzil növbəsində olub-olmaması barədə məlumat öz əksini tapmamışdır. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş arayışa əsasən həqiqi hərbi xidmətdən “yaşa görə” ehtiyata buraxıldığı üçün “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən komandanlığın vəsatətini təqdim etməyi xahiş olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtina olunmamış, məsələnin həlli üçün zəruri olan sənədlərin təqdim olunması xahiş olunmuşdur. Lakin, iddiaçı tələb olunan sənədləri təqdim etmək əvəzinə məhkəmədə əsassız olaraq iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabehin nümayəndəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, 26.01,1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində baş çavuş qismində müddətdən artıq həqiqi hərbi xidmət, xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 114ş/h saylı əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sərhəd Nəzarəti rəisinin 0168 (nizami hissə üzrə) nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən əsasən Əkbərova (Rəhimova) İlahə Salman qızının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri X1 tərəfindən verilmiş arayışa əsasən İddiaçı, X2, X3, X4, X5 adına Binəqədi rayonu Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı, X2, X3, X4, X5 adına M.Ə.Rəsulzadə bələdiyyəsinin aidiyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaşlar İddiaçı,X6, X10,X13 və X11 Xocəsən bələdiyyəsi tərəfindən onların mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı, X6, X10, X14 və X7 Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışa əsasən iddiaçı Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır, hal-hazırda mənzil növbəsində deyildir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş arayışa əsasən hazırda Fondun mövcud informasiya sistemlərində iddiaçıya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Kirayə müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 11, mənzil 2 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 872, M3, m2) ünvanında yerləşən mənzili İddiaçı kirayəsinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ailə üzvləri ilə birlikdə hərbi qulluqçı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədi ilə mənzil sahəsi alanadək kirayə xərcinin, o cümlədən göstərilmiş hüquqi yardıma görə 100 manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir (1.1). Həmin Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər (2.1). Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdənburaxıldıqları,hərbihissəninsiyahılarından çıxarıldıqları,hərbi təhsil müəssisələri ndən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (3.). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir (12.1). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər (12.2). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Qanunverici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Yuxarıda istinad olunan normada qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız onların müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar. İddiaçı öz iddia tələbində xx.xx.2023-cü il tarixindən etibarən hərbi qulluqçu qismində yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata alınması və bu tarixdən etibarən mənzil sahəsi ilə təmin olunana qədər aylıq kirayə haqqının, həmçinin hüquqi yardıma görə xərclədiyi 100 (yüz) manat məbləğində vəsaitin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İlk növbədə, müəyyən olunmuşdur ki, iddiaçı 20 təqvim ilindən artıq müddətdə hərbi xidmət keçmiş və bu müddət ərzində dövlət tərəfindən birdəfəlik yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmişdir. Bu hal, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun olaraq, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi müvafiq qeydiyyata alınması və mənzil növbəsinə götürülməsi hüququnu şərtləndirir. Lakin cavabdeh orqan tərəfindən aparılan inzibati icraat zamanı, bu hüquqi və faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, yalnız iddiaçının xidməti mənzillə təmin olunub-olunmaması və ya hal-hazırda mənzil növbəsində olub-olmaması barədə məlumatların təqdim edilmədiyinə istinad edilərək onun müraciətinə əsassız olaraq imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqanlar icraat zamanı işin düzgün həllinə təsir edə biləcək bütün halları öz təşəbbüsü ilə araşdırmaq və bu halları obyektiv qiymətləndirmək öhdəliyi daşıyır. Cavabdeh isə, bu qanuni öhdəliyinə əməl etməmiş, iddiaçının mənzil təminatı statusuna dair faktiki vəziyyəti aydınlaşdırmadan hüquqi nəticə çıxarmışdır. Qeyd olunmalıdır ki, cavabdeh tərəfin iddiaçıya münasibətdə irəli sürdüyü mövqeləri əsaslandıran hər hansı hüquqi və ya mötəbər sübutlar təqdim edilməmişdir. Bu isə, iddiaçının mənzil növbəsinə götürülmək və kirayə haqqı almaq hüququndan əsassız olaraq məhrum edildiyinə dəlalət edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərci almaq hüququ yaransa da, bu hüququn məhz xx.xx.2023-cü il tarixdən realizisə mümkün deyil. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin mənzil təminatı ilə bağlı hüquqları, yalnız real ehtiyac faktoru ilə deyil, həm də müvafiq növbəlilik prinsipi əsasında həyata keçirilir. Belə ki, qanunvericilikdə bu kateqoriyadan olan şəxslərə mənzil yalnız növbəyə götürülmə tarixindən asılı olaraq təqdim edilir. Bu baxımdan, iddiaçının xx.xx.2023-cü il tarixindən kirayə haqqı ödənilməsi və mənzil növbəsinə götürülməsi barədə irəli sürdüyü tələb, həmin tarixdən əvvəl növbəyə götürülmüş eyni kateqoriyalı şəxslərin hüquqlarının pozulmasına səbəb olur. Bu halda onların mənzillə təmin olunma hüquqlarının realizisi gecikir. Məhz bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının mənzil növbəsinə götürülmək və kirayə haqqı almaq hüququ yalnız cavabdeh tərəfindən ona imtina edildiyi xx.xx.2024-cü il tarixindən yaranmışdır. Belə qənaətə gəlmək üçün əsas kimi, iddiaçının cavabdeh orqana müraciət etməsi və sənədlərinin tamlığına baxmayaraq, cavabdehin əsassız olaraq əlavə sənəd tələb etməsi faktı götürülmüşdür. Beləliklə, tərəflər arasında hüququn pozulması faktı və cavabdehin qanunsuz hərəkəti məhz bu tarixdən etibarən rəsmiləşmiş və hüquqi nəticə doğurmuşdur. Məhkəmə, iddiaçının tələb etdiyi prosessual xərcə münasibətdə qeyd edir ki, İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Qeyd edilməlidir ki, iş materiallarında olan qəbzdə iddiaçının hüquqi məsləhət və ərizənin yazılması üçün X12 100 manat ödədiyi göstərilsə də, həmin xərcin məhz hazırkı iş üzrə iddiaçının çəkdiyi məhkəmə xərclərinə aid olması, qəbzdə adı qeyd edilən X9 həqiqətən peşəkar hüquqi yardım göstərən şəxs və ya vəkillik fəaliyyəti ilə məşğul olan şəxs olması müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin qəbz iddiaçının məhkəmə xərclərini təsdiq edən sübut kimi qiymətləndirilə və iddia həmin xərcin tutulması hissəsində təmin edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar