Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8330/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 292.5 kv.m olan qeyri-yaşayış binasının layihəyə əsasən dövlət reyestrində qeydiyyata alınaraq Ryestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 22.06.2018-ci il tarixli, 19 №-li istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismara icazədə qeyd olunan ümumi sahəsi 292,5 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınaraq adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlaka bitişik Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 01 iyul 2005-ci il tarixli, 247/a saylı qərarına əsasən Biləcəri Blədiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 400,0 kv.m torpaq sahəsi ona ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 2018-ci ildə o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək ona ayrılmış torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin 52/4 saylı, 03.05.2018-ci il tarixli məktubu ilə tikintiyə icazə verilmişdir. Bundan sonra qeyri-yaşayış sahəsinin layihəsi tərtib edilərək, təsdiq edilmişdir. Eyni zamanda istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 22 iyun 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 19 saylı icazə verilmişdir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 292,5 kv.m.-dir. Həmin daşınmaz əmlakın sənədləşdirilməsi üçün müvafiq sənədləri toplayaraq, cavabdehə müraciət etmişdir. Cavabdeh imtina məktubunda hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini əsas gətirərək çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinin əlavə artırılmış sahəsinin sənədləşməsi ilə bağlı iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Tikintiyə və istismara icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmiş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinə dair müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə təqdim edilməmişdir. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatan keçmiş qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Odur ki, qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilməsi ilə bağlı "xxxx" ASC-nin razılıq məktubu əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********62 saylı, 16.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlarm dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37 ünvanında yerləşən ümumi sahəsi 397.7 kv.m. olan qeyri-yaşayış sahəsi 07.09.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 247/a nömrəli, 01.07.2005-ci il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 400,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında ünvan 4 ünvanında yaşayan vətəndaş İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindın iddiaçıya ünvanlanan 52/4 nömrəli, 03.05.2018-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Biləcəri Bələdiyyəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 6 ünvanında yaşayan vətəndaş İddiaçı istifadəsinə verilmiş Biləcəri Bələdiyyəsinin 01 iyul 2005-ci il tarixli, 247/A saylı qərarı ilə 400 kv.metr torpaq sahəsində qeyri-yaşayış obyekti tikmək üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. 01 yanvar 2013-cü il tarixdən “qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsi”nə əsaslanaraq Binəqədi rayon İcra Hakimiyyəti vətəndaş İddiaçı istifadəsində olan Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsində əlavə tikililərin (memarlıq layihəsi "xxxx" MMC lisenziya №088759) razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin inşa edilməsinə etiraz etmir. Lakin bununla yanaşı bildirilir ki, tikinti işləri görülən zaman sanitar-gigiyenik normalarına riayət edilməsi və ya aşkar olunarsa İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə, həmçinin qüvvədə olan qanunvericiliyin digər tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 1 ünvanda İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin eskiz layihəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin eskiz layihəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 19 nömrəli, 22.06.2018-ci il tarixli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına İcazə” sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda bir mərtəbəli layihə üzrə və faktiki ölçüsü 292,5 kv.m. olan qeyri-yaşayış binasının İddiaçı tərəfindən istismarına icazə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 795 №-li, 14.09.2021-ci il tarixli müqavilədən görünür ki, icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyriyaşayış sahəsinin yerləşdiyi 294.3 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İcarə müddəti 14.09.2021-ci il tarixdən 14.09.2023-cü il tarixədək müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İdarəyə ünvanlanmış PB/PBL-OUT-01096-2021 №-li, 29.06.2021-ci il tarixli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılan 11.11.2020-ci il tarixli, İ3626 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 19.08.2020-ci il tarixində qeydiyyata alınmış (Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********69-95301-093014, daşınmaz əmlakın dövlət reyestrində 3523 nömrəli reyestr kitabının 330476 nömrəli vərəqində qeydiyyata alınmışdır) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37, mənzil 1, Yeni qaydalarla: AZ1117, ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 97,3 kvm. ümumi sahədən ibarət mənzil ipotekaya qoyulmuş və müqavilə Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Yuxarıda yazılanları nəzərə alaraq bildirmək istərdilər ki, Bankın bu əmlaka qarşı heç bir iddiası qalmamışdır və Bank bu əmlakın girovdan azad edilməsin etiraz etmir. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********62 №-li, 16.06.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş əlavə sahənin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. İnşa edilən əlavə sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Odur ki, qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilməsi ilə bağlı "xxxx" ASC-nin razılıq məktubu əlavə edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 37 ünvanda yerləşən ümumi sahəsi 397,7 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı istifadəsində olan Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsində əlavə tikililərin (memarlıq layihəsi "xxxx" MMC lisenziya №088759) razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin inşa edilməsinə razılıq verilmiş, həmin ərazidə, yəni ünvan 1 ünvanda ümumi sahəsi 397,7 kv.m. olan qeyri-yaşayış sahəsindən əlavə İddiaçı tərəfindən icra hakimiyyətinin təsdiq etdiyi layihəyə uyğun olaraq sahəsi 292.5 kv.m. olan qeyri-yaşayış obyekti inşa edilmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi icarə müqaviləsinə əsasən İddiaçı istifadəsindədir. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən 22.06.2018-ci il tarixdə inşa edilmiş qeyriyaşayış sahəsinin istismara icazə verilmişdir. İddiaçı inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilməsi və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində cari dəyişiklik edilməsi ilə bağlı "xxxx" ASC-nin razılıq məktubu əlavə edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. - 8.0.10-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.12-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyəti mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərinin mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsinə (mübahisə predmeti olan daşınmaz əmlakın bitişik olduğu iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə) dair "xxxx" ASC-nin heç bir iddiasının qalmaması və Bank tərəfindən bu əmlakın girovdan azad edilməsinə etiraz etməməsi "xxxx" ASC-nin 29.06.2021-ci il tarixli PB/PBL-OUT-01096- 2021 nömrəli məktubu ilə öz təsdiqini tapdığından, mübahisə predmeti olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 292.5 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış verilməli idi. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 22.06.2018-ci il tarixli, 19 №-li istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismara icazədə qeyd olunan ümumi sahəsi 292,5 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 22.06.2018-ci il tarixli, 19 №-li istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismara icazədə qeyd olunan ümumi sahəsi 292,5 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8330/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8330/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver