Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8331/2021 22.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində bildirmişdir ki, o (iddiaçı), 1962-ci il təvəllüdlüdür, 12 iyun 2008-ci il tarixdən 2-ci qrup əlil (şəkər xəstəsi) olmuşdur, 9 il Mingəçevir şəhərində xəstəxanada müalicə olunmuşdur, şəkər xəstəliyindən tamalilə iş qabiliyyətini itirmişdir, ağır duruma düşmüşdür (2017 – 2018), “Grand” Hospitalda ağır böyrək əməlliyatı, 2019-cu ildə zəhərli “Media” Hospitalda zob-damar əməliyyatı aparılmışdır. Hazırda damarları tutulmuşdur, hərəkət etməsi çətinləşmişdir. 2020-ci ildə Respublika Klinik Xəstəxanasında müalicə olunarkən kompyuter tomoqrafiyasında məlum olmuşdur ki, o, beyin infarktı keçirmişdir. Beyin hərəkətsizliyi huşunu itirməsi ilə nəticələnmişdir. Özünü idarə edə bilmir, təzyiqi heç bir halda aşağı düşmür. Respublika Klinik Xəstəxanasında 2021-ci ilin əvvəlində bir müddət müalicədə olmuş, lakin beyin qanaması ilə bağlı özünü idarə edə bilmir. Dərmanlar bahadır, onları almağa maddi imkanı yoxdur. 18.02.2021-ci il tarixdən komissiayadan keçmişdir, 4 aydır pensiyası verilmir. İmtina verilmişdir, yenidən stasionar müalicəyə göndərilir, müxtəlif bəhanələr gətirilir, xəstəliyi nəzərə alınmadan ona qarşı haqsızlıq edilir. Pensiyanın bərpa olunmasına kömək olunması xahiş edilir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə (iddia ərizəsi) təqdim etmiş və həmin ərizəsində cavabdeh kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1962-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur, iddiaçı 2008-ci ildə şəkər xəstəliyi yaranması səbəbindən həkimə müraciət etmişdir, müayinə zamanı onda ağır formalı şəkərli diabet xəstəliyinin olduğu müəyyən edilmişdir. Bundan sonra, ona əlilliyin təyin edilməsi məqsədi ilə 2008-ci ildə cavabdeh orqana müraciət etmişdir. Müraciət nəticəsində o, təkrar olaraq müayinələrdən keçmiş və ona qoyulmuş ilkin diaqnoz öz təsdiqini tapmışdır. Ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. O, hər il tibbi komissiyadan keçmiş və ona qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Sonuncu dəfə, yəni 11.02.2016-cı il tarixdə komissiya tərəfindən müayinə olunmuş və ona 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 0268003AAL07 №-li Forma 88-dən görünür ki, ona təyin edilmiş əsas diaqnoz: 163.3 Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sol orta beynin arteriya hövzəsində işemik insultun davamlı qalıq əlamətləri. Ağırlaşma R26 hərəkətin və yerişin pozulmaları, yerişin paretik pozulması. Ağırlaşma G83.1 aşağı ətrafların monoplegiyası, sağ tərəfli hemiparez. Bundan sonra, iddiaçı təyin edilmiş 5 illik müddətin tamam olması ilə bağlı yenidən müayinədən keçmək üçün cavabdeh orqana müraciət etmişdir. Yoxlama zamanı onun hələ əlavə olaraq müalicəyə ehtiyacının olması səbəbindən 27 avqust 2021ci il tarixli cavabla müraciəti təmin edilməmişdir. Cavabdehin bu imtinası qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı 2008-ci ildən bugünədək hər il 6 ay ərzində hissələr şəklində xəstəxanada stasionar şəraitdə müalicə və müayinədə olmuşdur. Cavabdeh orqan isə, imtinasının əsası kimi guya onun hissəvi olaraq il ərzində aldığı stasionar müalicələrin toplam müddəti 6 ayı keçmir. Cavabdehin bu yanaşması qanunsuz və əsassızıdır. Belə ki, iddiaçı cavabdeh orqana ona ilkin əlillik təyin etməsi üçün yox, təkrar təyinat aparılması üçün müraciət etmişdir. Təkrar təyinat aparılan zaman isə, qeyd edilən normaya istinad edilməli deyil. Çünki iddiaçı artıq əlilldir, yəni ona əlillik artıq təyin edilmişdir və hal-hazırda da bu xəstəlik onda mövcuddur və o, bu xəstəlikdən əziyyət çəkir, heç bir yaxşılaşma yoxdur. Bu hal cavabdeh tərəfindən qəbul edilsə də, onun əlavə müayinə və müalicə almağı bildirilir. Qeyd edildiyi kimi, onun müraciəti ilkin təyinatla bağlı yox, təkrar təyinatla bağlıdır. Bundan başqa, iddiaçı 2017-ci ildə zəhərli zob xəstəliyindən, 2018-ci ildə isə, uroici xəstəlikdən cərrahi əməliyyat keçirmişdir. O, 2020-ci ildə beyin infarktı keçirmiş və hazırda ağır yataq xəstəsidir. Ölkədə olan pandemiya ilə əlaqədar olaraq onu heç bir xəstəxana qəbul etmir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina tam qanunsuz və əsassızdır. Belə ki, göndərişlərdə ona təyin edilmiş diaqnozlar öz təsdiqini tapsa da, cavabdeh əlilliyin təkrar təyin edilməsindən imtina etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, o, uzun müddət stasionar və ambulator müalicələr almışdır. Əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarın 2.2-ci bəndi 2-ci dərəcəli əlilliyin hansı əsaslarla təyin olunmasını özündə ehtiva edir. Belə ki, 2-ci dərəcəli əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətini (təhsilalma ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstəliyin kənar şəxsin yardım və qulluğuna ehtiyacı olmasın. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozlar 2-ci dərəcəli əlilliyə uyğundur. Göstərilənlərə əsaslanaraq və İPM-in müvafiq maddələrini rəhbər tutaraq məhkəmədən, ona 2-ci dərəcəli əlilliyin təyin olunması vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Sonradan iddiaçşı məhkəməyə əlavə ərizə təqdim etmiş və yuxarıda qeyd olunan ərizədə “əlilliyin təyin edilməsi” ifadəsinin “əlilliyin bərpa olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh iş üzrə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının 28 fevral 2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E13 - Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Şəkərli diabet orta ağır forma İİ tip.Aşağı ətrafların diabetik angiopatiyası. Diabetik retinopatiya. Qara ciyərin piy distrofiyası. Mübadilə hepatiti. Hipertoniya xəstəliyi İİ a mərhələ.Asteno-nevrotik hal; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, həmin xəstəxananın 3 fevral 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E13 - Şəkərli diabetin digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Şəkərli diabet orta ağır forma İİ tip. Aşağı ətrafların diabetik angiopatiyası. Diabetik retinopatiya.Qara ciyərin piy distrofiyası. Mübadilə hepatiti. Hipertoniya xəstəliyi İİ a mərhələ.Asteno-nevrotik hal; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 11 fevral 2015-ci il tarixli 0268003AACGA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet Periferik qan dövranın pozğunluğun Digər rublikalarda təsnif olunan xəstəliklər zamanı Digər rublikalarda təsnif olunan xəstəliklər rast gələn perifrerik angiopatiya Digər rublikalarda təsnif olunan xəstəliklər zaman polinevropatiya Böyrək və sidik axarı daşları; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 26 fevral 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet Periferik qan dövranın pozğunluğun Digər rublikalarda təsnif olunan xəstəliklər zamanı Digər rublikalarda təsnif olunan xəstəliklər rast gələn perifrerik angiopatiya Digər rublikalarda təsnif olunan xəstəliklər zaman polinevropatiya Böyrək və sidik axarı daşları; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 may 2021-ci ildə sözügedən poliklinikanın 0268003AAL07 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrpvaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.3 - Beyin arteriyaları" г trombozu nəticəsində törənən beyin infarktı; Diaqnozun mətni: Əsas diaqnoz İ63.3 Bey " arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, Sol orta beyinin arteriya hövzəsində işemik insultun davamlı qalıq əlamətləri. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yerişn paretik pozulması. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ tərəfli hemiparez; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: xəstəyə əlavə ixtisaslaşmış stasionar müalicə təyin olunur. Nevropatologun rəyi və nevroloji status ətraflı yazılmayıb” səbəbi ilə imtina verilmişdir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndiriıməsi Qaydası»na görə: - (1.2-ci bənd) Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - (2.2-ci bənd) Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; - (2.3-cü bənd) Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; - (2.4-cü bənd) TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər; - (2.9-cu bənd) Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; - (2.10-cu bənd) İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda aşağıdakılar bildirilmişdir: - İmtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacı olması. Ətraflı: xəstəyə əlavə ixtisaslaşmış stasionar müalicə təyin olunur. Nevropatoloqun rəyi və nevroloji status ətraflı yazılmayıb. Əsas diaqnoz: 16.3.3 Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyon infarktı, sol orta beyinin arteriya hövzəsində işemik davamlı qalıq əlamətləri. Ağırlaşma: R26 Hərəkətin və yerişin pozulmaları. Yerişin paretik pozulması. Ağırlaşma: G83.1 Aşağı ətrafların monoplegiyası. Sağ tərəfli hemiparez. İş materiallarından görünür ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi- Sosial Ekspert Komissiyasına İddiaçı barəsində 0268003AAMRİ və 0268003AAL07 nömrəli TQS 088 göndərişləri ünvanlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin (bərpa) edilməsi məsələsinə baxılarkən müvafiq tibb müəssisəsinin göndəriş ünvanlamasına baxmayaraq, qanunvericiliklə əlilliyin təyin edilməsi üçün əsaslara münasibətdə iddiaçının müayinəsi üzrə aşkar olunmuş əlamətlərin yetərli olub-olmaması konkret müəyyənləşdirilməmiş, eləcə də əlilliyin təyin olunmasından birbaşa imtina üçün “əlavə müalicəyə ehtiyacın olması” nəzərdə tutulmadığı halda, bu əsasla məsələdən imtina olunmuşdur. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının ilkin müayinəsinin əvvəlki dövrdə aparılması da nəzərə alınmaqla bu imtina formal mülahəzələrə istinad edilən hal kimi qiymətləndirilməli və iddiaçının sonuncu müayinəsi üzrə müvafiq tibb müəssisəsinin diaqnozları əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsi məsələsinə yenidən baxılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı əlilliyinin bərpa edilməsinə təqdim edilmiş sənədlər (müraciət, diaqnozlar əks olunan sənədlər və s.) əsasında məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı əlilliyinin bərpa edilməsinə təqdim edilmiş sənədlər (müraciət, diaqnozlar əks olunan sənədlər və s.) əsasında məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8331/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8331/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver