Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8332/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyət) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyət ) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 coğrafi koordinatlarında yerləşən 0.65 ha sənaye təyinatlı torpaq sahəsinin çoxmənzilli yaşayış binalasının tikilməsi məqsədilə "xxxx" MMC-yə ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 koordinatlarında özlərini "xxxx" MMC-nin əməkdaşları kimi təqdim etmiş şəxslər tərəfindən zəbt edilmişdir. iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, həmin torpaq sahəsi neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Azneft” İB- nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Bakı şəhər İcra Hakimiyyətinin mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. İddiaçı bildirir ki, mübahisə predmeti olan Bakı Şəhər İcra Hakimiyyətinin 21.11,2022-ci il tarixli, 250 saylı sərəncamı rəsmi qaydada “Azneft” İB-yə verilməmiş və yalnız sözügedən sərəncam "xxxx" MMC-dən əldə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8332/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15(112)-8332/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə yerində müayinə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 250 saylı sərəncamı; - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sənədlər; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hazırkı iddia növü üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Hazırki mübahisə İddiaçı tələbi Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022ci il tarixli 250 saylı sərəncamının etibarsız hesab edilməsinə yönəlmişdir. Yəni, iddiaçı inzibati aktın etibarsızlığının tanınmasına nail olmaq istəyir və bu mənada həmin tələbi ifadə edən iddia tanınma haqqında iddia kimi qəbul olunmalıdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati akt qəbul edildiyi üçün hazırkı iddia qaldırılmışdır. Həmçinin, iddia ərizəsində də qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya aid olduğu halda cavabdeh inzibati orqan tərəfindən qeyd edilən torpaq sahəsi ilə bağlı inzibati akt qəbul edə bilməzdi. Belə olan halda da, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddənin tələblərinin pozulduğunu iddia edir. Məhkəmə hazırkı mübahisəli vəziyyətlə bağlı 2 məsələyə diqqəti yönəltməyi zəruri bilir. İlk növbədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində nəzərdə tutulmuş müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məsələsinə, hansı ki, qeyd edilən hal iddia tələbinin əsasını təşkil edir. İkinci məsələ isə inzibati icraatda etimadın qorunması prinsipi ilə bağlıdır. Məhkəmə iddia tələbinin əsası olan “səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla” bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hazırkı işdə belə qənatdədir ki, ilk növbədə aydınlaşdırılmalı olan məqam “müvafiq səlahiyyətin olması” ilə bağlı məsələdir və bununla bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs İPM-in 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına (doğruluğuna) yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər. Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Lakin burada müvafiq səlahiyyəti olmayan inzibati orqan dedikdə, nəyin nəzərdə tutulmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Qanunun 65.1-ci maddəsində nəzərdə tutulan digər əsaslar nəzərdən keçirildikdə aydın olur ki, Qanunun 65.1.2-ci maddəsində səlahiyyəti olmayan inzibati orqan dedikdə, yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanlar başa düşülməlidir. Misal üçün, yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşların yaşayış və ya olduğu yer üzrə qeydiyyatının aparılması və s. Bu cür inzibati aktların düzgün olmadığını aydın şəkildə görmək və buna görə də həmin inzibati aktın açıq-aşkar müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul olunduğunu müəyyənləşdirmək mümkündür. Lakin müəyyən səbəblərdən həmin aktın icrası təhlükəsi yaranarsa, şəxs aktın etibarsızlığı, yəni yararsız olmasını məhkəmə qaydasında tələb edə bilər. Səlahiyyətli olduğu torpaq sahəsinin hüdudlarından kənarda yerləşən torpaq sahəsinin ayrılması ilə bağlı inzibati orqanın hərəkətini isə müvafiq saəlahiyyəti olmayan inzibati oqan kimi qiymətləndirilməsi yolverilməzdir. Çünki ilk baxışdan həmin aktın etibarsızlığının müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə, Torpaq Məcəlləsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq məsələləri ilə bağlı yerli icra hakimiyyətlərinə (Bakı Şəhər İcra Hakimiyyətinə) bir çox səlahiyyətlər verilmişdir. Həmin Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir: .........
5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini. 4.1.Yerli icra hakimiyyətlərinin ümumi səlahiyyətləri: ...... - 4.11.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək; - 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; - 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə orpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanına əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Buna görə də cavabdehin üçüncü şəxs "xxxx" MMC-yə torpaq sahəsinin icarə əsasında isifadəyə verilməsi ilə bağlı verdiyi xx.xx.2022-ci il tarixli, 250 nömrəli Sərəncam “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinə uyğun olaraq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirilə bilməz. Qanunvericilikdə etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Baxılan iş üzrə bu cür əsaslar müəyyən olunmur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən sərəncamın etibarsız hesab olunması üçün «İnzibati icraat haqqında» Qanunun 65.1.2-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Belə ki, mövcud qanunvericiliyə əsasən, dövlət mülkiyyətində olan torpaqlar məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadəyə və icarəyə verilə bilər. Beləliklə də, müəyyən olunur ki, cavabdeh qeyd edilən torpaq sahəsini üçüncü şəxsə verilməsinə dair sərəncam vermək hüququna malik olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli 250 saylı sərəncam qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmiş və həmin sərəncamın etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Buna görə də cavabdehin sözügedən inzibati aktı qəbul etməyə salahiyyətli olmaması barədə iddiaçının dəlili əsassızdır. Belə ki, mübahisələndirilən inzibati akt cavabdeh inzibati orqan tərəfindən qanunvericlikdə ona verilmiş səlahiyyətlər çərçivəsində yazılı formada qəbul olunmuş; “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən cavabdeh icra hakimiyyəti səlahiyyətli inzibati orqan olmuş; qəbul etdiyi akt qanunvericilikdə müəyyən edilmiş sərəncam formasında tərtib edilmişdir. Məhkəmə ikinci nüansla, yəni etimadın qorunması prinsipi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə işin hallarının araşdırılmasını təmin edilməsi məqsədi ilə inzibati orqanlara müxtəlif sorğular vermişdir. Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə xx.xx.2022-ci il tarixli, 250 nömrəli sərəncamı və sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan cavabdehin mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli 250 nömrəli sərəncamından görünür ki, sərəncam "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 001 nömrəli müraciətini, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1/1364 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın xx.xx.2022-ci il tarixli **********03 nömrəli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli razılıq məktublarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarxii 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sini və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.65 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinə məktub ilə müraciət edərək Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən 0.65 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının inşa edilməsi məqsədi ilə "xxxx" MMC-yə ayrılmasına köməklik göstərməsini xahiş etmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısı xx.xx.2021-ci il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndi və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4. və 4.18.2. yarımbəndləri ilə dövlət mülkiyyətində olan torpaq sahələrinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edildiyindən qaldırılan məsələni cavabdehin müzakirəsinə göndərərək münasibət bildirilməsi xahiş edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı “Torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə” xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən 0,65 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan torpaq sahəsinin icarəyə əsasında ayrılmasına rəy bildirilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən sifarişçinin vəsaiti hesabına həmin torpaq sahəsinin kəmiyyət və keyfiyyət göstəriciləri barədə kadastr məlumatlarını özündə əks etdirən yerquruluşu planının hazırlanması işləri aparılmalıdır. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda tərtib edilmiş yerquruluşu planında qeyd edilən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 0,65 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" MMC-nə ayrılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq yerqurluşu planı tərtib edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə Bakı Şəhər icra Hakimiyyətinin başçısına müraciət edərək bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmasına etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən"FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsində yerləşən 0,65 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin elektron poçtuna daxil olmuş cavab məktubuna əlavə edilən qoşma sənəd olan xx.xx.2021-ci il tarixli, 7-3694/7 nömrəli Xidmət tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan məktubda torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına etiraz etmədikləri bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci il tarixli Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-nə ayrılması nəzərdə tutulan 0,65 hektar torpaq sahəsinin yerqurluşu planı təsdiq edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadə olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyini bildirsə də, onun tabe olduğu daha yuxarı olan orqan, yəni Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına etiraz edilmədiyini bildirmiş, hətta həmin torpaq sahəsini yaşayış məntəqələri torpaqlarına aid etməklə “Yerqurluşu Planı”nı da təsdiq etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli əraziyə Məhkəmə tərəfindən xx.xx.2023-cu il tarixdə sorğu göndərilərək iddia tələbində qeyd edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 coğrafi koordinatlarında yerləşən 0.65 ha sənaye təyinatlı torpaq sahəsinin Socar-ın İddiaçı istifadəsinə ayrıldığını sübut edən hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəmə prosesi zamanı 29 dekbar 2012-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritənin surəti təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyd edilən xəritənin tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin iddiaçının nümayəndəsi tərəfindən bununla bağlı hər hansı sənəd olmadığından məhkəməyə təqdim edilməsinin mümkün olmayacağı bildirilmişdir. Torpaq Məcəlləsinin 10.4-cü maddəsinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Həmin Məcəllənin 11.2-ci maddəsin əsasən torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Torpaq Məcəlləsinin 43-cü maddəsiə əsasən:
1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, torpaqların səmərəli istifadəsinin və mühafizəsinin planlaşdırılmasının təşkili; ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi; şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyşdirilməsinə dair sənədlərin rəsmiləşdirilməsi; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən:
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi. Həmin Qanunun 5-ci maddəsin əsasən: Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 6-cı maddəsin əsasən: Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; ............ Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq, torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların keyfiyyət xarakteristikası, habelə torpaqların bonitrovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı aparılır. Həmin “Əsasnamə”nin 2-ci bədinə əsasən dövlət torpaq kadastrı respublikada vahid sistem üzrə aparılır və geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının dövlət kadastrı əsasında torpaq, geobotanika və digər axtarış-tədqiqatların aparılması, torpaq istifadəçiliyinin qeydiyyatı, torpaqların uçotu və qiymətləndirilməsi, eroziyaya uğraması, humusun itirilməsi, şorlaşması, şorakətləşməsi, bataqlaşması, təhlükəli maddələrlə çirklənməsi, habelə torpaqların münbitliyini səciyyələndirən göstəricilər kompleksi üzrə kənd təsərrüfatında istifadə edilən torpaqların mədəniləşdirilməsi dərəcəsinin dinamikası üzərində yerüstü səyyar, stasionar və kənardan idarə (aerokosmik) metodları kompleksindən istifadə ilə təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Həmin “Əsasnamə”nin 2-ci bəndi əsasən yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Göründüyü kimi qanunvericilik torpaq sahəsi ayrılmadan əvvəl yerquruluşu planının hazırlanması və buna dair müvafiq rəyin verilməsi zərurətini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə torpaq sahəsi ayrılarkən səlahiyyətli orqanın rəyinin alınması və yerquruluşu planın tərtib edilməsinin əsas məqsədi də ayrılması nəzərdə tutulan torpaq sahəsinin təyinatının, rejiminin, digər şəxslərə aid olub-olmaması və s. məsələlərin müəyyən olunması xarakteri daşıyır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, 1 saylı Bakı Ərazi idarəsində də tabe olduğu daha yuxarı təşkilat olan Xidmət cavabdeh Bakı Şəhər İcra hakimiyətinin müvafiq torpaq sahəsinin ayrılmasına dair münasibəti müsbət olmuş və bunla bağlı müvafiq rəy verməklə yerquruluşu planını tərtib etmişdir. Beləliklə də, müəyyən olunur ki, respublikada kadastr məlumatlarının saxlanıldığı yeganə qurum olan Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin ayrılmasına müsbət rəy verərək yerquruluşu planını tərtib etməklə sözügedən torpaq sahəsini yaşayış məntəqələri torpaqlarına aid etmiş və dövlət mülkiyyətində olmasını, yəni hər hansı fiziki və ya hüquqi şəxsə aid olmamasını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin məhkəmə qeyd edir ki, əlverişli inzibati aktın etibarsızlığı ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edilərkən, o cümlədən hazırkı mübahisə ilə bağlı olan hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığı müəyyən edilməli və ona qiymət verilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-cimaddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin nəzərə almaq lazımdır ki, hər hansı ciddi maliyyə xərclərinin yaranması inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən hüquqi və ya əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin şəkdiyi maliyyə xərcləri və bundan irəli gələn öhdəliklərini yerinə yetirkmək iqtidarında olmadığı və ya həmin xərclərin çəkilməsi təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin hüquqi vəziyyətinin qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipi yalnız inzibati orqanların inzibati aktlarına və ya yazılı vədlərinə münasibətdə deyil, həm də onların faktiki xarakterli hərəkətlərinə münasibətdə də tətbiq edilməlidir. Beləliklə də yuxarıda qeyd edilənlər nəzərə alındıqda "xxxx" MMC suveren hakimiyyət daşıyıcısı səlahiyyətli icra hakimiyyəti orqanlarının hərəkətlərinə (Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinə) və qərarlarına etimad göstərməkdə (iş üzrə materiallardan şəxsin etimad hüququnu istisna edən hallar müəyyən olunmamışdır), həmin etimada güvənərək mübahisəli sahədə tikinti işlərinin aparılmasında haqlı sayılmalı, onun mübahisəli sahədə bununla bağlı çəkdiyi xərclər nəzərə alınmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 coğrafi koordinatlarında yerləşən 0.65 ha sənaye təyinatlı torpaq sahəsinin çoxmənzilli yaşayış binasının tikilməsi məqsədilə "xxxx" MMC-yə ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamın etibarsızlığının tanınmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev