Məhkəmə qərarları › İş №2-1(112)-8334/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8334/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8334/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç..56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə BŞLGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********7763 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsinə dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini (iddiaya əlavəni) onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 10 fevral 2022-ci il tarixli 002622 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında BŞLGBİ tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7763 saylı nömrəli qərarlar çıxarılmışdır. xx.xx.2022-ci il tarixli, **********6636 saylı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə ilə xx.xx.2022-ci il tarixində tələbnamə ilə tanış olduqdan sonra tərəflərindən xx.xx.2022-ci il tarixində tələbnaməyə imza edilmiş və möhür vurulmuşdur. Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamənin üçüncü bəndində, tələbnamədə göstərilən sənədlərin bir iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının BŞLGBİ-yə təqdim olunması qeyd olunmuşdur. Həmçinin, tələbnamənin 5ci abzasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədləri göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin, tələbnamə ilə xx.xx.2022-ci il tarixində tanış olmaqlarına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən sənədlərin təqdim olunması üçün nəzərdə tutulan bir iş günü müddəti gözlənilmədən, xx.xx.2022-ci il tarixli DVX 002622 saylı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilinəsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********7763 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Müəssisədə əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan şəxslər araşdırılmış və məlum olmuşdur ki, X20 müəssisənin işçisi olmamış, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti və iş şəraiti ilə tanış olmaq məqsədilə gəldiyini və həmin müəssisədə stajor kimi fəalliyyət göstərəcəyini öz izahatında bildirmişdir. İzahatı alınan digər şəxs isə X6 olmuşdur ki, həmin şəxs müəssisədə olan zaman bəstəkarlar ittifaqında mühasib vəzifəsində işlədiyini və hələ də orada əmək müqaviləsinə xitam verilmədiyini bildirmişdir. Həmin müddətdə bəstəkarlar ittifaqında hələ də əmək müqaviləsinə xitam verilmədiyi üçün müəssisə tərəfindən onun əmək müqaviləsinin tərtib edilməsi mümkün olmamışdır. İzahatda adı qeyd olunan şəxslərdən digəri isə X21 olmuşdur ki, həmin şəxs müəssisədə həkim kimi fəaliyyət göstərən Jalə xanımın “DA VİNCİ” klinikasında asistenti vəzifəsində fəaliyyət göstərməkdədir. Həmin gün X4 xanımla digər klinikaya birlikdə gedəcəyi üçün müəssisədə olmuş və vergi orqanı əməkdaşları tərəfindən müəssisənin işçilərindən biri kimi qeydiyyata alınmışdır. Vergi orqanı əməkdaşlarına onun müəssisənin işçisi olmadığı barədə məlumat verilsə də məhəl qoyulmamış və aktda həmin şəxsin adı da qeyd edilmişdir. Aktda adı qeyd edilənlərdən digəri isə X13 olmuşdur ki, həmin şəxs də müəssisənin işçisi olmamış, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti və iş şəraiti ilə tanış olmaq məqsədilə gəldiyini və həmin müəssisədə stajor kimi fəalliyyət göstərəcəyini öz izahatında bildirmişdir. Faktiki olaraq həmin şəxs müəssisə tərəfindən işçi olaraq qəbul edilməmişdir. Digər bir şəxs isə X22 olmuşdur ki, həmin şəxs klinikada fəaliyyət göstərən Arzu İsmayılovanın tələbəsi olduğunu və klinikada heç kimi tanımadığını, əmək fəaliyyəti ilə məşqul olmadığını bildirmişdir. X9 öz izahatında qeyd etmişdir ki, müəssisəyə ilk dəfə gəmiş, xalat geyinərək iş rejiminə baxmaq və iş rejimi ilə qane olduğu halda müəssisədə işləyə biləcəyini bildirmişdir. Yəni həmin şəxs öz izahatında müəssisə ilə heç bir əlaqəsinin olmadığını açıq-aşkar bildirmişdir. Əmək müqaviləsiz işçi kimi hesab edilən şəxslərdən digəri isə X14r. Həmin şəxs İddiaçı MMC-dən əvvəl “Kəpəz” klinikasında yəni "xxxx" MMC-də əmək fəaliyyətini ilə məşğul olmuşdur. Vergi yoxlması gələn zaman həmin şəxs hələ də əvvəlki iş yerində qeydiyyatda olmuş, iddiaçı müəssisədə işləyəcəyi üçün iş şəraiti ilə tanış olmaq məqsədilə müəssisəyə həmin gün gəlmişdir. X10 əmək müqaviləsinə əvvəlki işlədiyi müəssisədə 11 fevral 2022-ci il tarixində xitam verilmiş və həmin şəxs müəssisədə elə həmin gün qeydiyyata alınmışdır. İzahatlar vergi orqanı əməkdaşları tərəfindən məcburən alınmış və tərəflərindən adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdikləri şəxslərin çoxu İddiaçı MMC-də işçiləri kimi bir gün də olsa gələrək işləməyiblər, yəni onların müəssisə ilə demək olar ki, heç bir iş əlaqələri olmamışdır. Həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını bildirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********627300 №-li, xx.xx.2022ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********6625 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi AZ1078 Bakı şəh., Nərimanov rayonu, Maqsud Əlizadə, 20 ünvanında yerləşən İddiaçı MMC-ə məxsus “X19" adlı obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 (yeddi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002622 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi iştirak etmiş, lakin aktı imzalamaqdan və nüsxəsini almaqdan imtina etmiş və bu hal müvafiq aktda qeyd olunmuşdur. Tərtib edilmiş akt əsasında BŞLGBİ tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərlə əmək münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, həmin şəxslərin iş başında aşkarlanması, iş xalatlarını soyunaraq, təşviş içində qaçmaqları, vergi işçilərinə verdikləri izahatlar əsasında məhz həmin klinikalarda işə götürülmələri faktlarının özləri tərəfindən təsdiq edilməsi və müvafiq əmək haqqı məbləğlərinin danışılması eyni zamanda vergi ödəyicisinin həmin şəxslərin bəzilərinin orada stajorluq əsasında fəaliyyət göstərməsilə bağlı hər hansı bir sübut təqdim etməməsi, faktla bağlı operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman vergi işçilərinin kamera ilə video çəkiliş edilməsinə icazə verilməməsi (obyektin özündə olan kamera görüntüləri əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilər), vergi işçilərinin haqlı olaraq həmin vergi ödəyicisi barəsində əsaslı şəkildə akt tərtib etmələrini bir daha sübut edir. İddiaçının əsas fəaliyyət növü 15001 kodlu '‘Klinikaların Fəaliyyəti” növünə daxildir, bu baxımdan iddiaçının ərizədə göstərdiyi kimi, obyekti ixtisaslasmış, yəni tibbi xidmətlərlə bağlı olduğundan, orada həmin şəxslərin ixtisasca fəaliyyət təcrübəsi olmadığı halda işə cəlb olunması məntiqə uyğun deyildir, əks halda, vergi ödəyicisi stajorluq fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlı stajorluq üzrə peşə istehsalat təcrübəsinin keçilməsi üçün göndəriş olunan müəssisənin sənədlərini təqdim edə və ya bu barədə stajorluq keçilməsi üzrə hər hansı müqavilə təqdim edə bilərdi. Həmçinin, vergi ödəyicisinin iddia etdiyi, şəxsin həmin müəssisə ilə deyil, başqa müəssisədə müqaviləsinin olması barədə iddiası əsassızdır belə ki, Əmək Məcəlləsi şəxsin eyni anda iki müəssisədə fəaliyyət göstərməsi halını məhdudlaşdırmır və bu olduğu təqdirdə hər iki müəssisə əmək müqaviləsi bağlana bilər, bundan əlavə həmin şəxsin digər müəssisədə müqaviləsinin olması barədə ödəyici hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli qərarı 1) inzibati orqan (BŞLGBİ) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hüquqi şəxs olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (vergi ödəyicisi olan iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi) qərar formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia əsassızdır. Belə ki, iş materiallarında olan; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı MMC (VÖEN: **********) xx.xx.2019-cu ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 2r. BŞLGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6625 №-li qərarı ilə İddiaçı MMC-də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. BŞLGBİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********6636 №li tələbnamə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vegi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002622 saylı xx.xx.2022-ci il tarixli aktdan və ona əlavədən görünür ki, 07 (nəfər) nəfər fiziki şəxsin (X20, X8, X23, X22, X16, X24, X6) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt İddiaçı MMC-nin (“X19”) qanuni təmsilçisi Mamedov Gusein tərəfindən imzalanaraq qəbul edilməkdən imtina olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə BŞLGBİ-yə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, BŞLGBİ-nin xx.xx.2022-ci il tarixli **********6625 saylı qərarına əsasən "xxxx" MMC-də OVN tədbirləri həyata keşirilmişdir. Həmin tədbirlərin nəticəsinə görə xx.xx.2022-ci il tarixli DVX002622 saylı aktın tərtib edilməsi barədə onlara fevralın 10-da heç bir məlumat verilməmiş və həmin akt, qeyri müəyyən səbəbdən yalnız xx.xx.2022-ci il tarixli **********297800 saylı Bildirişlə AVİS-sistemi vasitəsilə onlara göndərilmişdir. Qeyd edilən aktda muzdlu işə cəlb olunmuş cəmi 25 nəfərdən, 7 (yeddi) nəfərin əmək müqavilələrinin qüvvəyə minmədən işləri yerinə yetirdikləri bildirilir. Aktda qeyd edilən 7 nəfərlə bağlı aşağıdakıları nəzərə çatdırırlar: 1) X11 yazdığı izahatına əsasən o, Tibb Universitetinin müəllimi (onların əməkdaşı) Arzu xanımın tələbəsi olaraq, yoxlama keçirilən günü təcrübə keçmək məqsədi ilə klinikaya gəlmiş, stasionar otaqda olduğu üçün (daxili qaydalara əsasən) ağ xalat geyinmişdir. Klinikanın muzdlu işçisi olmadığından ona xx.xx.2022-ci ildə təcrübə keçməsi ilə əlaqədar heç bir ödəniş (əmək haqqı və s.) edilməmişdir. Qeyd edilənlər X11 yazdığı izahatında öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixindən etibarən klinikaya təcrübə ilə əlaqədar bir daha gəlməmişdir. 2) X12 yazdığı izahatına əsasən xx.xx.2022-ci il tarixində klinikada həkim köməkçisi kimi fəaliyyət göstərən Parlanova Jalənin həmin gün özünün toy mərasimi olması səbəbindən əvəz etməsi səbəbindən klinikada olmuşdur. Həmin gün üçün klinika tərəfindən X17 heç bir ödəniş edilməmişdir. 3) Aktın əlavəsində 2-ci sətrdə adı qeyd edilmiş Həsənova Pərvanə adlı şəxs ümumiyyətlə yoxlama aparılan müddətdə klinikada olmamışdır. Göndərilmiş yoxlama materiallarına əlavə edilmiş izahatlarda digər bir şəxs X9 mövcuddur. X2 alınmış izahatda xx.xx.2022-ci il tarixndə klinikaya əlavə işlə əlaqədar müraciət etdiyi, onların klinikasında işləmədiyini və maaş almadığını bildirmişdir. X1 Bakı Şəhər Səhiyyə İdarəsində (Semaşko klinikası) həkim kimi rəsmi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli DVX002622 saylı aktda əsassız olaraq adları qeyd edilmiş-Şükürova Gülər, Azayeva Mədinə və Həsənova Pərvanənin ümumi siyahıdan çıxarılaraq qərar qəbul edilməsi xahiş olunmuşdur. Aktda adları qeyd edilmiş digər 3 nəfər, yəni X20, X24, X6 ilə tərəflərindən elektron qaydada əmək müqaviləsi bağlanmışdır. Nəzərə alınması xahiş olunmuşdur. BŞLGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 №-li qərarı ilə İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 07 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, onun vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********7764 №-li Tələbnamə ilə İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixədək 14.000 manat məbləğində vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi iştirak etmiş, lakin aktı imzalamaqdan və nüsxəsini almaqdan imtina etmiş və bu hal müvafiq aktda qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, 7 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçı müəssisədə müvafiq olaraq "mühaisb”, “laboratoriya həkimi”, “həkim”, “qeydiyyatçı” vəzifələrində işlədiklərini, həmçinin “stajçı”, “əvəzedici” və “təcrübəkeçən” kimi çalışdıqlarını göstərmişlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən göstərilən şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarına yol vermişdir ki, bu da vergidən yayınma faktı kimi qiymətləndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar