Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8335/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçıya ilk olaraq 7.05.2009-cü il tarixdə 1 il müddətinə, ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edilmişdir (diaqnoz – Hipertoniya xəstəliyi İİ mərhələ serebro kardiao forma tez-tez baş verən krizlərlə, ÜİX: gərginlik stenokardiyası, fs İİ-İİİ mərhələ. Bel oma fəqərələrinin osteoxandrozu, İİ dərəcə). İddiaçıya növbəti dəfə xx.xx.2014-cü ildə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı ildə 5 il müddətinə eyni diaqnozlarla təkrar İİ dərəcə əlilik təyinatı aparılmışdır. İddiaçı eyni diaqnozlarla xx.xx.2021-ci ildə əyani müayinə edilmiş və əlavə müalicəyə ehtiyacının olması əsası ilə əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı eyni diaqnozlarla xx.xx.2021-ci ildə əyani müayinə edilmiş və əlavə müalicəyə ehtiyacının olması əsası ilə əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmuş və göndərişin natamam doldurulması əsas ilə ona imtina verilmişdir (diaqnoz ikitərəli koxlear nevrit. İki tərəfli çox ağır (İV) dərəcəli ağıreşitmə.). İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmuş və göndərişin natamam doldurulması əsas ilə ona imtina verilmişdir (Əsas diaqnoz – H93.3 Eşitmə sinirinin xəstəlikləri, Ağırlaşma – H93.1 Qulaqlarda küy (subyrktiv) H93.2, Ağırlaşma H90.5. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi). İddiaçı sonuncu dəfə Sumqayıt Tibb Mərkəzinin X00239347NRE nömrəli, xx.xx.2024cü il tarixli göndərişi əsasında 6.01.2025-ci il tarixdə əyani müayinə edilmiş və diqanozun əlillik təyinatına əsas verməməsi əsası ilə iddiaçıya imtina verilmişdir. Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri Ağırlaşma: H93.1, H93.2 - Quraqlarda kuy (subyektiv) Ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona əlillik təyin olunması barədə əyani müayinənin nəticələrinə dair 6.01.2025-ci il tarixli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixli göndəriş əsasında müddətsiz – 60% orqanizm funksiyalarının pozulması ilə bağlı əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il təvəllüdlü Zabratda yerləşən Kompressorlar zavodunda uzun müddət işləyərək travma almışdır. Həmin müddətdən də eşitməsi zəifdir. Diaqnoz: iki tərəfli xroniki neyrosensor tip ağıreşitmə İV dərəcə. xx.xx.2022-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X3 verdiyi məktubda qeyd olunmuşdur ki, medikmentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticədə hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə onun əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə ona göndəriş verilməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində ona əlillik verilməsindən imtina edilməsi cavabı qeydə alınmışdır. Hansı ki, onun xəstəliyi daha da kəskinləşmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin faktiki halları və normalar sadalanmış, lakin etirazın dəlilləri əsaslandırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkən 6.01.2025-ci il tarixli qərarla imtina etmiş, lakin həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etmədiyindən və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya 7.05.2009-cü il tarixdən xx.xx.2021-ci il tarixə qədər başqa diaqnozla əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik müddəti bitdikdən sonra onun barəsində bir neçə dəfə göndəriş rəsmiləşdirilmiş və hər dəfə cabvabdeh tərəfindən ona əlillik təyin edilməsindən imtina edilmişdir (əlavə müalicəyə ehtiyacının olması, göndərişin natamam doldurulması əsası ilə). İddiaçı cavabdehin bu imtinalarını mübahisələndirməmişdir. İddiaçı sonuncu dəfə Sumqayıt Tibb Mərkəzinin X00239347NRE nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında 6.01.2025-ci il tarixdə əyani müayinə edilmiş və diqanozun əlillik təyinatına əsas verməməsi əsası ilə iddiaçıya imtina verilmişdir. Hazırda iddiaçı ona əlillik təyin edilməməsi barədə cavabdehin imtinasını mübahisələndirir və sonuncu göndəriş əsasında ona 60% orqanizm funksiyalarının pozulması ilə bağlı əlillik təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsasılı cavabdehin imtinası isə əsassızdır. Belə k, iddiaçı barəsində rəsmiləşdirilmiş sonuncu göndərişdə, onun xəstəlikləri aşağıdakı kimi müəyyən edilımişdir: Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri Ağırlaşma: H93.1, H93.2 - Quraqlarda kuy (subyektiv) Ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Hazırda müəyyən edilməli hal ondan ibarətdir ki, qeyd edilən diaqnozlar iddiaçıda hazırda mövcuddurmu? Mövcud olduğu təqdirdə, həmin diqanozlar iddiaçıya əlillik təyin edilməsi üçün əsas verirmi? Bu halların araşdırılması ilə bağlı Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patalogiya Anatomoiya Birliyi publik hüquqi şəxsinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 296/2025 №-li tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə ATU-nun X4 Bera müayinədən keçirilərkən hər iki qulaqda 80 dBnHİ-də V dalğa forması əldə edilmiş və “Hər iki qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə” nəticəsinə gəlinmişdir. Onun adma rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, X00239347NRE nömrəli göndərişdə (Forma 88) olan əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar aşağıdakı xəstəliklərdən 9.1.4.eşitmə zəifliyi İV dərəcə, ikitərəfli; 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi yarımbəndindəki xəstəliklərə uyğun gəlir. Ekspert rəyindən də göründüyü kimi, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə olan əsas diqnoz və ağırlaşmalar iddiaçıda mövcuddur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Cavabdeh iddiaçının əyani müayinənin nəticələrinə dair 6 yanvar 2025-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı əlillik vizəyyəti səhiyyə müəssisəsinin X00239347NRE göndərişi xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Şəxsin əlillik hüququnun operativ şəkildə müəyyəndəşdirilməsi məqsədilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zəruridir” qərarı verilmişdir. 1. Səhiyyə müəssisəsiin göndərişində Əsəs diqanoz: ikitərəfli koxlear nevrit. 2. Ağırlaşma: İkitərəfli neyrosensor ağıreşitmə, İV dərəcəli .Obyektiv müayinə zamamı xəstədə aşağıdakı əlamətlər aşkar edilmişdir. – Şikayətləri: ikitərəfli eşitmə zəyifliyindən; - Dəri və görünən selikli qişalar adi rəngdədir.; - Dərialtı piy qatı: normal inkişaf edib.; - Perifetik limfa düyünləri: əllənmir; - Sümük-əzələ sistemi: patologiyasızdır.; - Tənəssuf sistemi: Ağciyərlərdə sərtləşmiş tənəffüs eşidilir. TDS-18; - Ürək-qan damar sistemi: Ürək tonları aydındır. A/T 140/80 mm c.s ps-78; Həzm sistemi:Qarın yumşaq. Qaraciyər əllənmir, dalaq əllənmir. Defekasiya sərbəstdir.; Sidik cinsiyyət sistemi: Pasternatski simpotu hər iki tərəfdə mənfidir. Diurez sərbəstdir.; - Sinir sistemi: Huşu aydındır. Bəbəkləri dairəvi olub D=S işığa qarşı reaksiya saxlanılıb. Göz almalarının yanlara hərəkəti tam həcmdədir. Romberq vəziyyəti dayanıqlıdır. ; - Status İoclasis: Huşu aydındır. Ümumi halı kafidir. Sağ qulağında eşitmə aparatı vardır. Verilən sualları eşitmə aparatı ilə zəif eşitdiyini qeyd edir və cavablandırır. İş materiallarında müəyyən edilir ki, cavabdehin həkim komsiyyası tərəfindən keçirilmiş əyani müayinə xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki iddiaçının xəstəliyi eşitmə qüsuru ilə bağlıdır və bu diaqnozun həqiqətən də iddiaçıda olub-olmamasını müəyyən edilməsi, onun xarici görünüşünün müayinəsi ilə mümkün deyildir. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda olan diqanozlar Meyarlarda təsbit edilmiş və həmin diqanoz həmçinin əlillk təyinatına əsas verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları).
9.1. Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, 40 5 il digər tərəf üzrə İV dərəcə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz
Ekspert rəyindən də müəyyən edilir ki, iddiaçıda olan əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar aşağıdakı xəstəliklərdən 9.1.4.eşitmə zəifliyi İV dərəcə, ikitərəfli; 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi yarımbəndindəki xəstəliklərə uyğun gəlir. Meyarların 9.1.5-ci bəndində təsbit edilmiş eşitmənin ikitərəfli tam itirilməsi diqanozuna görə müddətiz, orqanizmin funksiyalarının 60 % pozulması ilə bağlı əlillik təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Səfiyar Ağa oğluna əlillik təyin olunmasında imtina edilməsi barədə əyani müayinənin nəticələrinə dair 6.01.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş əsasında müddətsiz – 60% orqanizm funksiyalarının pozulması ilə bağlı əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov