Məhkəmə qərarları › İş №2-1(112)-834/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-834/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-834/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 1684 saylı sərəncamına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisindən 1000 kv.m fərdi ev tikintisi üçün ayrılan torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, cavabdehin vəsatəti təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 1684 saylı Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında sərəncamına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisindən 1000 kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılaraq onun mülkiyyətinə verilmişdir. Bundan sonra Binəqədi qəsəbə Bələdiyyəsi ilə aralarında yuxarıdakı sərəncama uyğun “torpaqların alqı-satqısma dair” akt tərtib olunmuşdur. Həmin akta əsasən Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 25 oktyabr 2006-cı il tarixli 1684 saylı sərəncamına uyğun olaraq Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisindən ayrılan fərdi ev tikintisi üçün 1000 kv.m torpaq sahəsinə görə Bələdiyyənin kassasına pul ödəmiş. Bundan sonra bələdiyyə tərəfindən vergiyə cəlb olunmuş və bu günə qədər də həmin vergini vaxtlı-vaxtında ödəyir. Bələdiyyə tərəfindən ona fərdi ev tikintisi üçün ayrılan torpaq sahəsinin cizgi sxemi çəkilərək ona təqdim olunmuşdur. Torpaq sahəsi onun istifadəsinə verildiyi gündən hasarla əhatə olunmuş, həmin torpaq sahəsində 100-dən artıq sayda müxtəlif meyvə və bəzək ağacları əkmiş, torpağa kultivasiya və aqrotexniki qulluq göstərmiş. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlıvaxtında dövlət rüsumlarını ödəmiş. Qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmiş. Cavabdeh **********75 qeydiyyat nömrəli, 29 sentyabr 2022-ci il tarixli məktubda onun xahişini təmin etməmiş, həmçinin verdiyi cavabı imtina kimi qiymətləndirməmişdir. Lakin o cavabdeh tərəfindən xahişinin təmin edilməməsini imtina kimi qiymətləndirir və aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və həmin bağ torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunan torpaq sahəsi 2005-ci idən, yəni 17 ilə qədər bir müddətdə onun istifadəsindədir. Hər hansı fiziki və hüquqi şəxsin həmin torpaq sahəsinə hər hansı bir iradı olmayıb. Ona təqdim olunan torpağın cizgi sxemindən də görünür ki, həmin torpaq sahəsinin sərhədləri şərti deyil və hər hansı şəxsin torpağı ilə üst-üstə düşmür. Onun istifadəsində olan həmin torpaq sahəsi üzrə heç bir mübahisə yoxdur. Həmçinin cavabeh imtinasında göstərir ki, torpaqların alqı-satqısina dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Həmin aktın alınması onun vəzifəsi deyildir. İkincisi qeyd edilən torpaq sahəsi zəbt olunmayıb, yerli özünüidarəetmə orqanı olan bələdiyyə tərəfindən onun balansında olan torpaqlardan verilib, həmçinin bu torpaq sahəsinə görə bütün alqı-satqı qaydalarına riayət olunub və o Bələdiyyənin büdcəsinə pul ödəmiş və ona ödəniş qəbzi və bütün sənədlər təqdim olunub. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarı deyil, Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1684 №-li, xx.xx.2006-cı il tarixli sərəncamı təqdim edilmişdir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, bir hissəsi neft-qaz boru xətlərinin mühafizə zolağında yerləşir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən cizginin göstərilən sahəyə aidiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1684 saylı Sərəncamından görünür ki, vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il 1684 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair hər hansı məlumat aşkar edilməmişdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 1684 saylı sərəncamına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. İddiaçının adına torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Cavabdehin imtinasının əsasını torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş aktın təqdim edilməməsi, müvafiq torpaq sahəsinin dövlət mülkiyyətində olması, torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi, torpaq sahəsinin bir hissəsiniun neft-qaz boru xətlərinin mühafizə zolağında yerləşməsi təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin vəsatəti üzrə mütəxəssis rəyinin verilməsi üçün tələb olunan xərclər iddiaçı tərəfindən ödənilmədiyindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ekspertizanın keçirilməsinə mane olduğundan (ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir), ekspertiza təyin edilən fakt, yəni torpaq sahəsinin iş materiallarında olan cizgidə göstərilmiş torpaq sahəsinə uyğun gəlməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşməsi təsdiq edilmiş hesab olunmalıdır. İPM-in: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsəsən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyindən və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin sərəncamı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar