Məhkəmə qərarları › İş №2-1(112)-8340/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8340/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8340/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydində soyadı və doğum tarixinə düzəliş edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli 34 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və sənədlərdə ziddiyyət olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

3. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 107 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək “Burcalıev” soyadının “Burcəliyev” kimi, “xx.xx.1956” doğum tarixinin isə “xx.xx.1956” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Şəmkir şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində soyadı "Burcəliyev", doğum tarixi isə "xx.xx.1956” kimi göstərilmişdir. Həmçinin, iddiaçıya məxsus olan digər sənədlərdə o cümlədən nikahın bağlanılması haqqında 263119 nömrəli şəhadətnamədə, Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 062056 nömrəli qeydiyyat vəsiqəsində, mənzilin texniki pasportunda, əmək kitabçalarında soyadı "Burcəliyev" kimi göstərilmişdir. Lakin Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 107 nömrəli doğum haqqında akt qeydində soyadı "Burcəliyev" əvəzinə "Burcalıev", doğum tarixi isə “xx.xx.1956” əvəzinə “xx.xx.1956” kimi göstərilmişdir. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 107 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. İddiaçıya məxsus olan bütün sənədlərdə soyadı “Burcəliyev”, doğum tarixi isə “xx.xx.1956" kimi göstərilmişdir. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 107 nömrəli doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi onun günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir.

5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

10. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

13. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan 107 nömrəli, 29 iyul 1956-cı il tarixli doğum aktı qeydindən görünür ki, Burcalıev Müzadil 02 iyul 1956-cı ildə doğulmuş, ata adı X5, ana adı X2 göstərilmişdir.

14. 17 aprel 1982-ci il tarixli 14 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı və Aslanova (Burcalıyeva) Kifayət Binnət qızı arasında bağlanmış nikah qeydə alınmış və bu barədə 425872 saylı şəhadətnamə verilmişdir.

15. 09.11.1989-cu il tarixdə verilmiş 263119 nömrəli nikahın bağlanması haqqında şəhadətnamdən görünür ki, İddiaçı doğum tarixi kimi xx xxxx 1956-cı il göstərilmişdir.

16. İddiaçıya xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı ********* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, orada iddiaçının soyadı və adı “İddiaçı”, doğum tarixi xx.xx.2956-ci il kimi qeyd olunmuşdur.

17. İddiaçıya xx.xx.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinində də adı və soyadı “İddiaçı”, doğum tarixi xx.xx.1956-cı il kimi göstərilmişdir.

18. Beləliklə, tədqiq olunan sənədlərdən müəyyən olunur ki, iddiaçının doğum akt qeydində soyadı “Burcalıev”, doğum tarixi “xx.xx.1956-cı il” kimi göstərilsə də, sonradan tərtib edilmiş bütün sənədlərində soyadı “Burcəliyev”, doğum tarixi kimi isə “xx.xx.1956-cı il” kimi qeyd olunmuşdur..

19. İddiaçı hazırda doğum akt qeydindən dəyişiklik edilərək soyadının “Burcalıev” kimi deyil, “Burcəliyev” kimi, doğum tarixinin isə “xx.xx.1956” deyil, xx.xx.1956-cı il kimi qeyd olunmasını xahiş edir.

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir.

22. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

23. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

24. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

25. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində soyadı “Burcəliyev”, doğum tarixi “xx.xx.1956”-cı il kimi qeyd olunmuşdur.

26. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, 1982-ci il tarixdə tərtib edilmiş nikahın bağlanması haqqında akt qeydində iddiaçı barədə məlumatların şəxsiyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır.

27. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı barəsində tərtib edilmiş 107 saylı, 29 iyul 1956-cı il tarixli doğum haqqında akt qeydində “Burcalıev” soyadının “Burcəliyev” soyadına, doğum tarixinin “xx.xx.1956” tarixindən “xx.xx.1956” tarixinə düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar